Rafiq Hüseynov sağalıb, Zəlimxan Yaqub İsmayıllıda işləyir

“Şərq” bu dəfə xoş xəbərlərdən sevindi
Ötən il ağciyər xərçənginə qalib gələn tanınmış diktor, Əməkdar incəsənət xadimi Rafiq Hüseynov indi özünü yaxşı hiss edir. Səhhəti ilə maraqlanmaq üçün dünən onunla əlaqə saxladıq. Dəstəyi özü qaldırdı və yenə o cazibədar səs eşidildi;
- Alo?..
Bu səsi tanımamaq qeyri-mümkündü. Onu eşidən kimi göz önündə televiziya ekranından milyonlarla tamaşaçıya baxan həmin xoş sima canlanır.
Səhhətini soruşduq:
- Şükür Allaha, yaxşıyam. Hələ ki, qorxulu bir şey yoxdu. Müəyyən müddətdən bir Türkiyəyə müayinə gedirəm. Müayinə olunmaq vacibdir. Həkimlər bir təhlükə olmadığını deyir.
R.Hüseynov kimya terapiyası kursunu artıq başa vurduğunu və hazırda özünü yaxşı hiss etdiyini dedi. Səsindən də hiss olunurdu ki, xəstəliyə qalib gəlib.
Böyrək çatışmazlığı ilə bağlı vaxtaşırı Almaniyada müalicə alan Xalq şairi Zəlimxan Yaqubla da əlaqə yaratdıq. Və öyrəndik ki, şair hazırda Basqaldadır. Elə zənn etdik ki, Bakının istisi və bürküsünün əlindən Basqala dincəlmək, istirahət etmək üçün gedib. Amma, "İşləyirəm...” cavabını alanda təəccüb etdik:
- Nə üzərində işləyirsiniz?
- Çox dəhşətli bir şey yazıram...
- Yazınızı bitirməyincə Bakıya dönmək fikriniz yoxdu?
- Bilmirəm, hələ ki, burdayam.
Xalq şairi iyul ayında təkrar Almaniyaya müalicəyə gedəcəyini dedi.
Məlahət