Raqqa məsələsində Ankaranın susqunluğu normaldır

İŞİD-lə aparılan istənilən mübarizənin müsbət yansımaları hər tərəfə xeyir gətirir



Terrorçu təşkilat PYD/YPG-nin də təmsil olunduğu "Suriya Demokratik Qüvvələri” İŞİD-in nəzarətindəki Raqqa şəhərinə daxil olub. Bu barədə SDQ-nin komandiri Roca Felat məlumat verib. O deyib ki, silahlı dəstələr şəhərin şərqində yerləşən Mehləb məhəlləsinə daxil olub:

"Terrorçular elə də ciddi müqavimət göstərə bilmirlər”. Xatırladaq ki, Raqqa şəhəri 2013-cü ildən İŞİD-in nəzarətindədir. Şəhər mühüm strateji məkan sayıldığı üçün terrorçuların əlindən alınmağa çalışılır. Bəzi politoloqlar hesab edirlər ki, terrorçu kürdlərin Raqqaya girməsi Türkiyə ilə ABŞ arasında gərginlik yarada bilər. Ancaq politoloq İlqar Vəlizadə bunun əksini düşünür. 

Siyasi şərhçi "Şərq”ə verdiyi açıqlamada bildirib ki, Türkiyə kürd yaraqlılarının aktivlik nümayiş etdirməsindən narahat olsa da, hələlik qəti addımlar atmayacaq. Çünki Raqqa şəhəri Türkiyənin Suriyada nəzarət etdiyi bölgələrə uzaqdır: 

"Əgər PYD silahlıları onlara yaradılan imkandan sui-istifadə etməyə cəhd göstərərlərsə, hansısa tələblər irəli sürərlərsə, çox güman ki, Türkiyə terrorçuların iştahını kəsəcək. Hazırda vəziyyət elədir ki, İŞİD-lə aparılan istənilən mübarizənin müsbət yansımaları hər tərəfə xeyir gətirir. Çünki nəticədə zəifləyən, güc itirən məhz terrorçu birləşmədir. Lakin kürd terrorçular girdikləri şəhərlərdə möhkəmlənməyə çalışsalar, əlavə olaraq muxtariyyət tələb etsələr, şübhəsiz ki, onlara qarşı ciddi və sərt addımlar atılacaq. Belə məqamda heç kim Türkiyədən kənarda sakit dayanmasını istəyə bilməz”.

İsmayıl