Rauf Arifoğlundan DƏSTƏK: "Şərq" qəzetinə mən və dostlarım da abunə yazılacağıq"

Dünən 23 illik tarixə malik və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan "Şərq” qəzeti abunə kampaniyasına başlamaq qərarı verib. Məhz bu məqsədlə qəzetin baş redaktoru Akif Aşırlı redaksiyada toplantı keçirərək, klassik qəzet ənənələrinin yaşadılması naminə "Şərq”i oxu” şüarı ilə ictimaiyyət nümayəndələrinə, sadə vətəndaşlara, qəzet oxumaq istəyən hər kəsə müraciət ünvanlayaraq, abunə yazılmaq üçün çağırış edib. Və qəzetin redaksiyasında "Abunə dəftəri” açılıb. Artıq bu çağırışdan sonra sosial mediada, eləcə də ictimaiyyətdə ziyalılar, aydınlar və oxucular "Şərq"ə dəstəklərini ifadə ediblər.
Belə aydınlarımızdan biri də "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğludur. Baş yazar öz "Facebook" səhifəsində "Şərq"in abunə kampaniyasına dəstəyini belə ifadə edib: "
"Şərq" qəzetinə mən və dostlarım da abunə yazılacağıq. Akif bəy də, "Şərq" qəzeti də Azərbaycan mediasının dəyərləridir".
Qeyd edək ki, "Şərq” qəzetinə abunə olmaq istəyən şəxslər qəzetin Mətbuat prospekti 529-cu məhəllə, "Azərbaycan” Nəşriyyatının 7-ci mərtəbəsində yerləşən redaksiyasına gəlib abunə yazılaraq, öz dəstəyini göstərə bilər. Abunə yazılaraq həm qəzetçiliyin yaşamasına öz töhfənizi verər, həm də ölkədə oxu mədəniyyətinin inkişafına yardımçı olarsınız.
Ayyət Əhməd