
Rayonlara hərəkət başladı
Bayram gəldi, yenə biletlərin qiyməti bahalaşdı Avtovağzalda, dəmir yolu vağzalında izdiham yaşanır
Novruz bayramına sayılı günlər qalıb. Artıq bayramla əlaqədar istirahət günlərindən istifadə edib, bir neçə günlüyünə də olsa, şəhərin sıxlığından baş götürüb qaçmaq istəyən insanlar indidən bilet axtarışına çıxıb. Çox güman ki, hər bayram ərəfəsində yaranan ajiotaj bu Novruz günlərində də müşahidə olunacaq. Yenə də Bakı vağzallarında basabas, izdiham "göz oxşayacaq”.
Bayram günləri üçün dəmir yol vağzalında bilet satışı 10 gün qabağa başladığı üçün Bakı dəmiryol vağzalında bilet qırğını artıq gedir. Hətta biletlərin satıldığını deyən xəzinədarlar sərnişinlərə bayrama bir gün qalmış vağzala baş çəkməyi məsləhət görürlər. Yəni, qismət olarsa, yeni vaqonlar qoşula bilər və ancaq o halda bilet tapmaq mümkün olar. Sözsüz ki, kassirlər bu məsləhəti ötəri deyirlər. Reallıq isə budur ki, bayrama bir həftə qalmış artıq vaqonlara, xüsusən də kupe-vaqonlara biletlər satılıb qurtarıb.
Analoji vəziyyət Bakı Beynəlxalq Avtovağzalında da özünü göstərməkdədir. Adi günlərdən fərqli olaraq, bayram günlərində Bakıdan rayonlara (və əks istiqamətdə) sərnişin daşıyan avtobusların qiymətində 2-3 manat artım müşahidə edilir. Adi günlərdə 6 manata satılan yerlər bayram günlərində 8-9, 10 manat olan qiymətlər də 12-13 manat olur. Ən əsası isə avtovağzalda uzun növbələr, basabaslar hökm sürür. Şübhəsiz ki, sərnişin bolluğundan istifadə edən vağzal rəhbərləri qiyməti süni şəkildə qaldırır. Çünki bayram ərəfəsində rayona gedənlər - burada işləyənlər və tələbələr - çoxalır. Əlacsız qalan bu insanlar bilet hər neçəyə olsa da, onu alıb getməyə məcbur qalır. Bəzən isə ümumiyyətlə bilet tapmaq mümkün olmur. Bu halda artıq sərnişinləri qiymət də maraqlandırmır. Vəziyyətin bu həddə çatdığını görən rəhbərlik qiymətləri daha da artırmağı fürsət bilir. Bayramqabağı rayona getmək istəyən insanların yaşadığı problemlərdən biri də avtobusların vaxtından əvvəl hərəkət etməsidir. Belə ki, rayona getmək üçün əvvəlcədən bilet alan sərnişinlər bəzən vağzala gələndə gözlədiyi avtobusun yarım saat bundan qabaq çıxdığını görür. Sürücülər isə bunu sərnişinlərin çoxluğu ilə əlaqələndirir. Qeyd edək ki, real vəziyyətin tam əksinə olaraq aidiyyəti qurumlar hər zaman nikbin açıqlamalar verirlər.
Bakı Beynəlxalq Avtovağzalından bildirilib ki, bayramqabağı süni qiymət artımının qarşısı alınacaq, rayonlara gediş-gəliş üçün əlavə avtobuslar xəttə buraxılacaq. Sərnişinlərə xəbərdarlıq edilib ki, bayramda rayonlara getmək istəyən sərnişinlər öncədən biletlərini almalıdırlar: "Rayona getmək istəyənlər biletlərini vaxtında alsınlar. Kim ki, biletini vaxtında alıb, onlar üçün heç bir problem olamayacaq. Problemi olanlar bilet almayanlardır”.
Avtovağzaldan onu da bildirdilər ki, bayram günlərində sıxlıq çox olarsa, xəttə əlavə maşrutlar qoşulacaq.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov da Novruz Bayramı günlərində - 20-28 mart 2015-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil ediləcəyini bildirib. Bununla bağlı iş adamlarının nəzərinə çatdırılır ki, vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq.
QSC-nin rəsmisi qeyd edib ki, bayram günlərində "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. "Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqonun qoşulmasını təmin edəcək”.
Ekspert Ərşad Hüseynov isə bu məsələnin çox geniş problem olduğu qənaətindədir: "Hər il bayram günlərində belə bir acınacaqlı situasiya ilə üzləşməmək üçün aidiyyəti qurumlar gərək öz işlərini düzgün proqnozlaşdırmağı bacarsınlar. Birinci dəfə deyil ki? Onlar ötən illərdən nəticə çıxarıb, ümumi mənzərə fonunda öz planlarını tutmalıdırlar. Adi günlərdə bir reys edən avtobusların marşrut xəttini elə müəyyənləşdirmək olar ki, bayram günlərində iki reys eləsin”.
Ekspertin sözlərinə görə, sərnişindaşıma ilə bağlı bütün səlahiyyətlər Nəqliyyat Nazirliyinin müvafiq şöbələrinə aiddir. Odur ki, bütün məsuliyyət də həmin şöbələrin üzərinə düşür:
"Görünür, sərnişindaşıma sahəsində real vəziyyəti əvvəlcədən proqnozlaşdıra bilmirlər. Ya da ki, aidiyyəti qurumun proqnozlaşdırdığı qrafikanı sahibkarlar düzgün qavraya bilmir və öz bildiklərini edirlər. Bu səbəbdən də sərnişindaşıma ilə bağlı Azərbaycan Dəmiryolları QSC- də, Bakı Beynəlxalq Avtovağzalı da nəzarəti gücləndirməlidir. Bayram günlərində sərnişin sıxlığı təbii prosesdir. Hər bayramqabağı bu hal təkrarlanır. Düzgün iş qrafiki ilə qarşısını almaq olar. Fövqəladə vəziyyət deyil ki, aidiyyəti qurumlar çaş-baş qalıb, nəzarəti itirsinlər”.
Süni qiymət artımına gəldikdə isə Ə.Hüseynov hesab edir ki, bu problemin də qarşısını almağın yeganə yolu nəzarətdir: "Hesab edirəm ki, bayram günlərində süni qiymət artımına yol verən sürücülər çox şərt şəkildə cəzalandırılmalıdır. Onlara qarşı ən yüksək cərimələr kəsilməlidir ki, heç kəs sərnişindən əlavə qiymət almaq cəsarətində bulunmasın. Hətta süni qiymət artımları kütləvi hal aldıqda buna yol verənləri cinayət məsuliyyətinə cəlb eləmək də olar. Faktiki olaraq bu, vətəndaşların əmlakının talanmasıdır. Nəqliyyat Nazirliyinin kifayət qədər nəzarətçiləri var. İstəsələr problemin qarşısını ala bilərlər. Görünür, maraq yoxdur”.
Şəymən