Razılığa gəliblər

AKP MHP ilə hökumət quracaq
Anlaşmaya əsasən, AKP MHP-nin koalisiya üçün qoyduğu üç əsas şərti yerinə yetirəcək


Türkiyədə həftələrdir davam edən koalisiya müzakirələri deyəsən, yekunlaşmaq üzrədir. Yayılan iddialara görə, AKP və MHP yeni hökumətin qurulması ilə bağlı razılığa gəliblər. Müdafiə naziri İsmət Yılmaz Türkiyə Böyük Millət Məclisinə sədr seçiləndən sonra hər iki partiyadan ayrı-ayrılıqda 4 nəfərə koalisiya müzakirələri aparmaq tapşırığı verilib.

Anlaşmaya əsasən, AKP MHP-nin koalisiya üçün qoyduğu üç əsas şərti yerinə yetirəcək. Birinci şərtə görə, "Böyük rüşvət əməliyyatı” ilə bağlı 4 keçmiş nazirin işi yenidən araşdırılacaq. İkinci şərtə əsasən, AKP PKK ilə "çözüm mərhələsi” qərarına yenidən baxacaq. MHP əvvəldən də bu ideyaya qarşı çıxaraq onu çözüm yox, xəyanət mərhələsi adlandırırdı. Üçüncü şərt isə prezident Ərdoğanın Konstitusiyanın verdiyi səlahiyyətlər daxilində qalmasıdır.

"Yeni hökumətin xarici işlər naziri Əkmələddin İhsanoğlu olacaq”

Məlumatlara görə, artıq baş nazir Əhməd Davudoğlu ədalət naziri Kənan İpəyə adları rüşvət və korrupsiya əməliyyatında hallandırılan 4 keçmiş nazirin işini yenidən araşdırmaqla bağlı təlimat verib. Nazirlik də təlimata uyğun olaraq İstanbul Cümhuriyyət Prokurorluğundan və İstanbul Polis İdarəsindən iş üzrə əlavə məlumatlar istəyib. Hər iki partiya ortaq görüşlərin keçirildiyini inkar etsə də, artıq koalisiya planlarının 90 faizinin reallaşdığı bildirilir. Olduqca gizli şəraitdə keçən müzakirələrdə əsas fiqurların MHP-dən sədr müavini Cəlal Adnan, AKP-dən isə sosial təminat naziri Faruk Çeliyin olduğu deyilir. İddialara görə, AKP-MHP koalisiyası qurulandan sonra yeni hökumətin xarici işlər naziri son prezident seçkilərində müxalifətin vahid namizədi olmuş Əkmələddin İhsanoğlu olacaq.

MHP başqanı Dövlət Baxçalının isə yeni hökumətdə baş nazirin müavini postunu tutacağı bildirilir. Hökumətdə MHP-yə neçə nazirliyin həvalə olunacağı hələlik açıqlanmır. Ötən müddətdə MHP-nin ən çox tənqid etdiyi məqamlardan biri də Ərdoğanın böyük pullar hesabına inşa etdirdiyi prezident sarayı idi. Lakin son anlaşmadan sonra MHP-nin Ərdoğanın Ağ Sarayda oturmasına qarışmayacağı, bu məsələnin zamanın axışına buraxılacağı bildirilir.

"CHP-lilər koalisiya hökumətinin qurulmasını istəyirlər”

Cümhuriyyət Xalq Partiyası "AKP ilə koalisiya quraqmı” sualı ilə partiyanın sosial dabanına müraciət edib. CHP rəsmisi A.Keskinin verdiyi açıqlamaya görə, sorğunun nəticələri rapor halında partiya rəhbərliyinə təqdim ediləcək. Onun sözlərinə görə, bu raporlar sayəsində CHP koalisiya qərarını verəcək: "Seçicilərimiz demokratiya və azadlıqlar məsələsində güzəştə gedilmədən hökumətin qurulmasına etiraz etmirlər. Anketin nəticəsi budur. Partiyanın sosial dabanı ilə bizim təklif etdiyimiz 14 maddə demək olar ki, üst-üstə düşür.

Kamal Kılıçdaroğlu əvvəlki mövqeyindən vaz keçmir

MHP-dən gələn sərt açıqlamalara rəğmən CHP liderinin AKP-siz bir hökumət təklifi partiyanın gündəmindən düşmür. MHP lideri Dövlət Baxçalının Kamal Kılıçdaroğlunu nəzərdə tutaraq söylədiyi "kresloya ehtiyac duyan adam” sözlərindən sonra iki partiya arasında gərginlik şiddətlənib. Hər iki partiyanın funksionerləri qarşılıqlı surətdə biri-birini ittiham etməklə məşğuldur. Buna görə də artıq CHP-MHP və kənardan HDP dəstəkli koalisiya təklifi reallaşması mümkün olmayan xəyala çevrildi. CHP sədrinin müşaviri Levent Gök deyib ki, "öncədən HDP səs verərsə, biz səs verməyəcəyik” məntiqi ilə çıxış edən millətçilər HDP-dən "bizim heç bir namizədə səs vermək fikrimiz yoxdur” açıqlamasından sonra Dəniz Baykalı qaralama kampaniyasına start verdilər. Halbuki Dəniz Baykal CHP sədri Kılıçdaroğlunun rizası üzərinə Prezident Ərdoğanla görüşüb. Onların buna görə bizi ittiham etməsi absurddur”.

Kürdlər baş nazir Əhməd Davudoğlunu tənqid etdi

HDP-nin həmsədri Figen Yüksekdağ baş nazir Əhməd Davudoğlunun tez-tez erkən seçki sözünü işlətməsinə etiraz edib. "Qırmızı xətlərinin” olmadığını və hər kəsə qapılarının açıq olduğunu deyən Yüksekdağ bildirib ki, hökumət qurma məsələsi ilə bağlı onlara hər hansı təklif gələrsə, tərəddüd etmədən qəbul edəcəklər: "Belə siyasət olmaz. Davudoğlunun vəzifəsi koalisiya hökuməti qurmaq üçün müzakirələr aparmaqdır. Xalqımız 7 iyunda AKP-yə təkbaşına iqtidar şansı verməyib, koalisiya istəyib. Buna görə də Davudoğlunun erkən seçki sözünü tələffüz etməsi düzgün deyil. Axı təkrar seçkiyə məcbur deyilik. Problemi həll etmək üçün çıxış yolu çoxdur. Hər kəs öz işini görməlidir. Prezident və baş nazir prosesə maneçilik yaratmamalıdır. Təəssüflər olsun ki, AKP koalisiya çalışmalarını kifayət qədər sürətləndirmir”.

İsmayıl