Redaksiyalara gələn məktublar...

Vətəndaşlar bu gün də medianı onların problemlərini həll edəcək gücdə görür
Sürətdə internet, sosial media mətbuatı qabaqlaya bilər, amma oxucu inamı və problemlərin həllinin məhz mətbuatdan umulması ənənəsi hələ də qalmaqdadır


Mətbuatın funksiyaları genişdir. Maarifçilikdən başlamış, xəbərçiliyə, ictimai-siyasi prosesləri izləyib, cəmiyyətə düzgün və dolğun informasiya çatdırmağa qədər, hər cür məlumat bazası rolunu oynamaq da həmçinin. Eyni zamanda mətbuat sosial həyatın əvəzsiz güzgüsüdür. «Molla Nəsrəddin» məktəbi bunun ən bariz nümunəsidir. Jurnalistika ixtisasını bitirənlər yaxşı bilir ki, «Molla Nəsrəddin» oxuculardan çoxlu məktub alırmış. Camaat rastlaşdığı çətinliklərdən «Molla əmi»yə şikayət edirmiş. «Molla Nəsrəddin»çilər də məktubların izi ilə o müşkülün üzərinə gedirmiş. Həll olunanı da varmış, həll olunmayanı da. Əsas məsələ odur ki, oxucu dərdini bir dərgiyə danışırmış. İnanırmış, yəqin, ona görə.

Azərbaycan mətbuat tarixində iz qoymuş qəzetlərin demək olar hamısında məktublar şöbəsi də fəaliyyət göstərib. Şöbəyə daxil olan şikayətlər, vətəndaşların hansısa məsələ ilə bağlı qəzet redaksiyasına müraciəti müxbirlər tərəfindən araşdırılırdı və adətən müsbət nəticə də olurdu. Bunu hələ sovet illərində müxbir vəzifəsində çalışmış qocaman jurnalistlərimiz, qələm sahibləri hər zaman təsdiqləyirlər. Və deyirlər ki, o zamanlar qəzetlərdən çəkinirdilər, hansısa idarə və ya təşkilat adının qəzetdə hallanmasını heç istəməzdi. Dərhal da reaksiya verirlərmiş qəzetlərdən gələn zənglərə. Şikayətlərə də baxılırmış.

Kimsə sanmasın ki, indi mətbuat oxucu şikayətlərini qəbul edib dinləmək və həllinə çalışmaq funksiyasını itirib. Bir qədər passivlik hiss oluna bilər, amma inanın, bu, zahiridir. Sürətdə internet, sosial media mətbuatı qabaqlaya bilər, amma oxucu inamı və problemlərin həllinin məhz mətbuatdan umulması ənənəsi hələ də qalmaqdadır. Bunu qəzet redaksiyalarına edilən müraciətlər və hətta redaksiyalara daxil olan şikayət məktubları da göstərir. Həmkarlarımız bu mövzuda fikirlərini bildirərkən həqiqət ortaya çıxır.

«İllərdir işimizin bir tərəfi şikayətləri dinləməkdir»

Bu mövzuya toxunmağımızın səbəbkarı «Yeni Müsavat» qəzetinin 22 may 2019-cu il tarixli sayında «Samir Sarı» imzası ilə dərc olunmuş köşə yazısı oldu. Müəllif yazır:

İllərdir işimizin bir tərəfi də şikayətçiləri dinləmək, problemlərini yazmaq, onların həllinə yardımçı olmaqdır.

Yekə çıxmasın, indiyədək çox işlər aşırmışıq, çox adama kömək etmişik və bunların hamısı təmənnasız olub. Ta işi düzələnlərdən kimsə sonradan bir qutu tort və ya 1 kilo şokolad gətiribsə, bu heç, ona görə and içəsi deyiləm. Nadir hallarda elə şeylər də olur.

Bir ara şikayət məktubları Prezident Administrasiyasından, parlamentdən, məhkəmələrdən çox bizim ünvanımıza gəlirdi. Bir qədər qürurverici idi ki, insanlar medianı hər şeyin fövqündə görürlər, amma xeyli dərəcədə də başağrısı idi ki, şikayətçilər bu fikirdədir.

Çünki əlində girli-fərli səlahiyyət olmayan bir media qurumunun boynuna hökumətin məsuliyyətinin şələlənməsi yaxşı şey deyil. Şikayətçilər isə bəzən son cümləni belə qururlar: "Xahiş edirik problemimizi həll edəsiniz”. "Problemimizin həllinə köməklik göstərəsiniz” yox ha, birbaşa "həll edəsiniz”. Sanki "birbaşa həll” bizim əlimizdədir.

Əlimizdə isə nə real güc var, nə də problemin həllinin icra mexanizmi. Şikayət olunan şirkət, müəssisə, subyekt valın o biri üzünü çevirib, "yaxşı eləyirik, əlinizdən gələni beş qaba çəkin” gönüqalınlığı edəndə şikayət-yazı-problemin həlli zənciri qırılır. Məcbursan atı sürəsən daşlığa...

Budur, o xanədən daha bir şikayət gəlib. Hiss olunur ki, real şikayətdir, insanlara kömək lazımdır. İntəhası, məsələnin bir neçə "intəhası”sı var.

Şikayət edənlər adlarının çəkilməsini istəmirlər, hətta bizdən tələb edirlər ki, onlardan əlavə informasiya almaq üçün telefon nömrəsi istəməyək.

Bəs problem nədir? Problem isə budur: "Azenko” şirkətində maaş problemi var, ya gecikdirilir, ya da iki-üç aydır verilmir, bir də ixtisar gözlənilir. Adamları işdən çıxaracaqlar və onlar işsiz qalacaqlar. İndi biz bu problemi həll etməliyik. Belə yazıblar. Yazıblar ki, xahiş edirik, bizim problemimizi həll edin.
Əlbəttə, şəxsən mənim elə bir səlahiyyətim olsaydı, telefonu götürər, həmin şirkətin prezidentinə zəng vurar, deyərdim ki, bir iş günü vaxtın var, insanların maaşını ləngitmə, ixtisar söhbətini birdəfəlik bağla.
Təəssüf ki, əlimdə elə bir səlahiyyət yoxdur (hərçənd olsaydı, pis olmazdı). Ona görə də bu barədə yerli-yataqlı, müfəssəl şəkildə yazmaqdan başqa əldən bir iş gəlmir.

Ancaq bu imkan da şikayətçilərin özləri tərəfindən bloklanıb. Onlar maaşlarını gecikdirənlərlə, onları ixtisara salıb işsiz-gücsüz qoyacaq adamlarla üz-göz olmaq istəmirlər. Çünki bilirlər ki, ilk ixtisara salınanlar məhz qabağa düşən, adı qəzetdə şikayətçi kimi çəkilənlər olacaq. Tülkü kimi marığa yatıb fürsət gözləyənlərin işi düzələcək, maaşlarını da alacaqlar, ixtisara da düşməyəcəklər, amma "el üçün ağlayan adamlar” işsiz, aşsız qalacaqlar.

Ona görə də "adlarının çəkilməsini istəməyən mötəbər mənbə”lərin durumunu anlayışla qarşılayıram. Başa düşürəm ki, variantları yoxdur. Amma bəs biz nə edək? Anonim şəkildə yazı yazmaq olmaz axı. Problemi olan kişi kimi şikayətini etməli və arxasında durmalıdır. Qəzet, sayt anonim şikayət əsasında yazı yazanda onu məhkəməyə verib cərimələdirlər.

Hətta şikayət dərc edən hər bir qəzetin, saytın başına mütləq gəlib, şikayətçilərin işi düzələndən sonra çıxıb təkzib verməyə çalışıblar, yığışıb redaksiyaya gəliblər ki, bizim demədiyimiz şeyləri yazmısınız, təkzib verin. Biz də əsəbiləşmişik, "yaxşılıq elə, evinə salamat getmə” moduna girərək, şikayətçilərin lent yazısını tapmışıq və sübut etmişik ki, əslində siz çox şey demişdiniz, biz onların bir hissəsini yazmışıq. Belə olandan sonra adamlar ümumilikdə jurnalistləri (belə yerdə şikayət dərc etməyənlərin günahı nədir, bilinmir) söyə-söyə çıxıb gedir və şikayət yazıb problem həll edən, əvəzində yağlı olmasa da, yavan bir "sağ ol” gözləyən müxbiri peşman edirlər. Bəzi əməkdaşlar hətta emosiyaya qapılıb "bir də şikayətçi dinləsəm, belə olum” tipli mənasız bəyanatlar da verir (iki gündən sonra görürsən, həmin müxbir redaksiyanın elçi daşının üstündə oturmuş növbəti şikayətçini dinləyir)…»

«Vətəndaşlar əlacsız qalıb mediaya üz tutur»

«Mövqe.az» saytının müxbiri Elnurə Abuşova bu gün də vətəndaşların mediaya «sığındığını» dedi:

- Təəssüf ki, cavabdeh qurumlar vətəndaşların problemlərinə laqeyd yanaşdığından əli hər yerdən üzülən vətəndaşlar mediaya üz tutur. Özlərini çarəsiz hesab edən vətəndaşların ailə-məişət problemi, məhkəmələrdən şikayəti işbaz tv mediaçılar tərəfindən şouya çevirərək qabardılıb, qazanc mənbəyinə çevrilir. Problemlərsə çox zaman həll edilməmiş qalır. Bəzi TV-lər və onların aparıcıları insanların problemlərindən, düşdükləri ağır, çətin durumdan yalnız özlərinin reklam olunmaları üçün istifadə edirlər.

E.Abuşova «Şərq»ə bildirdi ki, çalışdığı Mövqe.az saytına da şikayətlər kifayət qədər daxil olur:

- Şikayətlər daha çox sosial müavinət, əlilliyin dərəcəsində yaradılan süni maneələrlə bağlı olur. Şəxsən mənim yaşadığım ərazidə də su problemi var. Media vasitəsiylə problemin çözülməsinə nail olmaq istəyirəm. Yaxşı olar ki, əlaqədar orqanlar əhalinin problemlərinin həlli üçün mediadan kömək istəmək əlacsızlığının öz paylarına düşən hissəyə görə məsuliyyət hiss edib, işlərinə vicdanla yanaşsınlar.

Mətbuat üçün sosial mövzular hər zaman aktualdır

Peşəkar jurnalist Vəfa Allahverdiyeva «Şərq»ə açıqlamasında bildirdi ki, mətbuat cəmiyyətin tribunası olduğu üçün əsas işi məhz sosial problemləri araşdırmaq, işıqlandırmaq və müvafiq qurumları həmin problemlərin həllinə cəlb etməkdən ibarətdir:

- İstər ən uzaq dövrü, yəni lap mətbuatın fundamenti qoyulan uzaq qərinələri götürək, istər çağdaş dönəmi - mətbuat üçün sosial mövzular hər zaman aktuallığını qoruyub saxlayıb. Çünki insan olan yerdə problem hər zaman var. Bütün hakimiyyətlər cəmiyyətin sosial kəsimini tam razı sala bilmir. İdeal idarəetmə heç zaman olmadığından, bəzən məsuliyyətsizlikdən, bəzən səriştəsizlikdən cəmiyyətdə kifayət qədər qüsurlu sahələr tənqid hədəfinə çevrilir. Müstəqillik dövrünün başlanğıcında siyasi hadisələr nə qədər diqqət mərkəzində idisə, sosial mövzular da eynən diqqətdə idi. Çünki hər ikisi bir-birinə ciddi təsir göstərirdi. 

Yəni siyasi mabarizəyə baş qarışanda sosial sahə axsamağa başlayır. Sosial sahə axsayanda, dərhal müxalif düşərgə bunun üzərindən siyasət yürütməyə, hakimiyyət komandası ilə çəkişməyə başlayır. 10-15 il əvvəllər mətbuatda məktublar şöbəsi bildiyim qədər dövlət qəzetlərində olurdu. Müstəqil media isə harda problem var, onu özü araşdırıb, şəkillərlə, digər faktoloji sənədlərlə ictimailəşdirirdi. Hansı qəzetin ki, tirajı çox idi, bol oxucusu var idi, o zaman oxucu qəzetin redaksiyasına təşrif buyurur, onun yaşadığı yerin, yaxud şəxsi probleminə mediadan kömək istəyirdi. Mənim ən xoşuma gələn forma ozamankı ANS televiziyasında «İç Xəbər» proqramına canlı edilən telefon zəngləri əsasında sosial hadisələrin, vətəndaş qayğılarının üzərinə gedilməsi və həllini tapana qədər mövzunun davam etdirilməsi idi. Doğrudur, qəzet jurnalistikasında bunu əyani göstərmək, operativ yanaşmaq qeyri-mümkündür -amma qəzetlər vasitəsilə də çox problemlər həllini tapırdı. Təsəvvür edin, hansısa bir qəsəbənin işığı, qazı, yolu, su təchizatı bərbad gündə, vətəndaş zülm çəkir - bunu şəkillərlə, yarımbaşlıqlarla, sosial təbəqənin harayı ilə, üstəlik, məsul tərəfin reaksiyası əsasında qəzet formatında, elə gözəl, təsirli dizayn edilirdi, hədəfə çatırdın: araşdırılır, müvafiq tədbirlər görülürdü. İndi qəzet oxucusu kütləvi deyil, vətəndaş öz şikayətini sosial şəbəkə üzərindən bildirir, hamının əlində telefon, şəkli də özü çəkir və yayır. 

Biri xəstəsinin dərman ehtiyacını danışır, biri başına uçan mənzilini göstərir, digəri məktəblərdəki hansısa qüsurları sadalayır, beləcə sosial problemlər, ehtiyaclar daha kütləvi, hamının olduğu məkanda ictimailəşir. Həllini tapa bilirmi? Bilir. Hər zaman olmasa da. Hamının dərdinə əlac olmasa da. Məsələn, xəstəlikdən əziyyət çəkən uşaqlara, böyüklərə bank hesabı açılır müalicə üçün. Bildiyim qədəri ilə vicdanlı insanlar tərəfindən reaksiya verilir və yaxşı nəticə alınır, həmin yardım istiqamətində. 

Zibil qabları ilə bağlı xoşagəlməz bir mənzərəni fotoya alırsan, iki gündən sonra görürsən aidiyyəti qurum səliqə-səhman yaradıb. Sosial medianın operativlik kimi üstünlüyü belə problemlərin qaldırılması üçün kağız mediasını sərfəli təqdim etmir. Ötən illərin mediası ilə çağdaş medianı müqayisə edəndə, bu gün sosial problemlər daha çox, daha müxtəlif şəkildə qaldırılır. Baxmayaraq ki, təbii ehtiyatlarla zəngin ölkəyik, bunun sayəsində nə qədər məsələlər həll edilib. Amma görünür, hələ çözülməmiş nə qədər sosial qayğılar var.

Demək ki, vətəndaşlar bu gün də medianı onların problemlərini həll edəcək gücdə görür. Əlbəttə, sevindiricidir. Jurnalist sadəcə, xəbər ötürücüsü olmadığını anlayır və vətəndaşa yardım edə biləcəyindən dolayı qürur hissi keçirir. Amma bunu da etiraf edək - media üçün əlçatmaz olan işlər, bacardığından artıqdır.

Məlahət Rzayeva