Region mətbuatı necə yaşayır?

Böyükxan Bağırlı: “Regionda gedən sosial-iqtisadi inkişafı öz mətbu nəşrlərimizdə işıqlandırmağa borcluyuq”
Muxtar Əhməd: “Biləsuvarla yanaşı, bəzən qonşu rayonlarda baş verən hər hansı bir müsbət hadisəyə də yer veririk”


Fərman Nəbiyev: "Respublikamızın bölgələrində 3-4 müstəqil qəzet fəaliyyət göstərir”

(Əvvəli ötən sayımızda...)

Azərbaycanda medianın problemlərinə kompleks yanaşarkən region mətbuatının da hazırkı durumuna nəzər salmaq vacibdir. Çünki bölgələrdə fəaliyyət göstərən mətbu orqanları paytaxt qəzetlərindən fərqləndirmək düzgün deyil. Bu haqda indiyədək çox danışılıb, müxtəlif fikir və mülahizələr səslənib.

Region mətbuatının mövcud vəziyyətinə dair mühüm zərurətlərdən qaynaqlanan tədbirlər də baş tutub. Azərbaycan jurnalistlərinin müxtəlif illərdə keçirilən qurultaylarında bölgələrdəki mətbuat orqanlarının vəziyyəti müzakirəyə çıxarılıb. Qurultay qətnaməsindən irəli gələrək Mətbuat Şurasında (MŞ) bölgə problemləri üzrə ayrıca komissiyası yaradılıb. Komissiyanın təşəbbüsü ilə indiyədək regional medianın çətinliklərinə həsr olunmuş silsilə "dəyirmi masa”lar təşkil edilib. Həmin tədbirlərdə yerli ictimaiyyət nümayəndələrinin, dövlət qurumlarının, həmçinin regionda çalışan media təmsilçilərinin iştirakı təmin olunub. Müxtəlif mövzular ətrafında geniş diskussiyalar aparılıb. MŞ elə indi də sıralarının genişlənməsində regional media vasitələrinin üzvlüyə qəbul məsələsinə önəm verir. Bu, MŞ-nin onların problemləri ilə daha yaxından tanış olmaq, çətinliklərinin aradan qaldırılmasına kömək göstərmək istəyindən irəli gəlir. Buna rəğmən etiraf etmək lazımdır ki, region mətbuatının hazırkı durumu, onun inkişafı naminə zaman-zaman irəli sürülən ictimai metodların effektivliyinə inamsız yanaşmaq üçün kifayət qədər əsaslar yaradır. Müxtəlif vaxtlarda beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən məqsədyönlü tədbirlər və layihə təklifləri mövcud bölgə mətbuatının vəziyyətini dəyişə bilməyib. Görünür, məsələnin spesifikliyi və qoyulan problemin xüsusiyyəti mövcud istiqamətdəki təşəbbüslərin real və səmimi olmasını zəruri şərt kimi ortaya çıxarıb, bunun özünü ictimai sifarişə çevirib. Bu səbəbdən hələ sözügedən mətbu qurumların tərəqqisi üçün çox işlər görülməlidir. İlk növbədə, cəmiyyətdəki yerləri və rolları aydın dərk edilməlidir. Çünki indiyədək dünyada regional medianın mövcudluğunda və fəaliyyətində kifayət qədər qlobal məqamlar var. Bu da bir reallıqdır ki, ölkə mediasına nəzər saldıqda, regional KİV-in müasir standartlara uyğunlaşdırılmasının labüdlüyü dərk edilir. Bir sözlə, Azərbaycan hökumətinin məsələyə sistemli, kompleks şəkildə yanaşmasına rəğmən region mətbuatında bəzi problemlər hələ də qalmaqdadır. Bölgələrdə fəaliyyət göstərən media qurumlarının hazırkı durumunu şərh edən

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, region mətbuatının problemi, əslində, bir neçə istiqamətdədir. Onun sözlərinə görə, bölgə mətbuatının əksəriyyətinin təsisçisi icra hakimiyyəti orqanlarıdır: "Media ilə sıx işləyən, əlaqələri normal olan icra hakimiyyətinin yerli mətbuatı da inkişaf edir. Regionlarda müstəqil media qurumlarının sayı çox azdır. Ölkə mətbuatı inkişaf etdikcə, təbii ki, yerlərdəki mətbuat da inkişaf edir. Bölgə televiziyalarında nəzərəçarpacaq dərəcədə inkişaf gözə dəyir. Çünki bu televiziyalar, praktiki olaraq, istiqamətlərini müəyyənləşdiriblər. Yerli xəbərlərə daha çox üstünlük verirlər. Bu baxımdan da əhalinin əksər hissəsi bu telekanalları izləyir. Görünür, bölgə qəzetlərinin də formatında dəyişikliyə ehtiyac duyulur. Xəbərlər üstünlük təşkil etməlidir. Bu da onların inkişafına səbəb ola bilər”.

"Azadinform” informasiya agentliynin baş redaktoru Niyaz Niftiyevin qənaətincə, region mətbuatındakı çətinliklər 1993-cü ildən sonra tədricən və planlı şəkildə aradan qalxmağa başladı: "Azad sözün, mətbuat azadlığının inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ölkəmizdə söz və məlumat azadlığının təmin olunması istiqamətində yürüdülən siyasət indi də ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir”.

Baş yazarın fikrincə, hazırda Azərbaycanda söz və məlumat azadlığının, fikir plüralizminin, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bütün zəruri addımlar atılıb. Dövlət tərəfindən uğurla davam etdirilən konseptual inkişaf strategiyası ölkəmizdə insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsini və Azərbaycan xalqının iradəsinə əsaslanan demokratik, suveren müstəqil dövlət quruculuğu prosesinin yüksək nəticələrlə gələcəkdə də davam etdirilməsini şərtləndirir. Bu, dövlət tərəfindən verilən dəstəkdir”.

Bununla yanaşı, müsahibimiz diqqətə çatdırıb ki, əyalət qəzetlərində texniki təchizat, informasiya-kommunikasiya texnologiyaları və jurnalist fəaliyyətini asanlaşdıran digər zəruri ehtiyacların tam ödənilməsinə nail olmaq çətindir: "Bu çətinliklərdən ən başlıcası isə iqtisadi və kadr çatışmazlığı problemidir. Qəzetlər işləmək üçün kadr, insanlar isə onlara normal xəbər daşıyan jurnalistləri tapa bilmir. Bu səbəblər üzündən əyalətdə fəaliyyət göstərən müstəqil qəzetlərin xəbər daşıyıcısı funksiyasını yerinə yetirmək şansları da sıfıra bərabər olur. Çünki bu qəzetlər ən yaxşı halda həftədə, ən pis halda isə ayda bir dəfə işıq üzü görür. Bölgədə bu gün baş verən hər hansı bir hadisəni əyalət qəzeti ən yaxşı halda bir həftədən sonra oxucuya çatdırır. Ona qədər isə oxucu həmin xəbəri elektron KİV-dən və yaxud da paytaxtda nəşr olunan yazılı mediadan çox asanlıqla əldə edə bilir. Əyalətin müstəqil qəzetləri fəaliyyətlərində regionun tarixi, mədəniyyəti, adət-ənənəsi, əhalinin məşğuliyyəti, ictimai-siyasi, sosial uğurları və problemlərinin təbliği üzərində qurmalıdırlar. Bu işdə təbii ki, rayon rəhbərliyi başda olmaqla digər yerli strukturların mənəvi dəstəyinə ehtiyac var. Çünki onlarla qarşılıqlı əməkdaşlıq olmadan rayonlarda baş verən hadisələri oxucuya obyektiv çatdırmaq problemi ilə üzləşə bilərlər. Yaxud da məqalələr, informasiyalar birtərəfli qaydada işıqlandırılar. Müstəqil qəzetin digər mühüm məqsədi ölkənin regionlarının sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən Dövlət Proqramının bölgə mətbuatında daha keyfiyyətli işıqlandırılmasını və vətəndaşların bununla bağlı intensiv və dolğun informasiya əldə etmələrini təmin etməkdir. Yerli mətbuat nümayəndələrinin peşəkar bacarıqlarını artırmaqla paralel, regionların sosial-iqtisadi inkişafı ilə bağlı maarifləndirmə işində mətbuatın rolu gücləndirilməlidir. Hazırda Azərbaycanın müxtəlif regionlarında ölkənin sosial-iqtisadi inkişafının təbliği sahəsində yerli mətbuatın fəaliyyətində çatışmazlıqlar var. Əvvəla, yerli mətbuat regionların inkişafına dair Dövlət Proqramlarına uyğun olaraq görülmüş işləri yetərincə işıqlandıra bilmir. Bir çox hallarda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət siyasətinin mahiyyətindən məlumatsızlıq yerli jurnalistlərin də bu mövzularda peşəkar materiallar hazırlamasına, təhlillərin, kəmiyyət və keyfiyyət müqayisələrinin aparılmasına mane olur. Bu baxımdan xüsusilə bölgələrdə regionların sosial-iqtisadi inkişafından yazan jurnalist kontingentinin formalaşdırılmasına və inkişaf etdirilməsinə böyük ehtiyac duyulur”.

Həmsöhbətimiz onu da əlavə edib ki, region əhalisinin maarifləndirilməsində əyalət mətbuatının rolu müstəsnadır: "İctimai formasiyadan asılı olmayaraq Azərbaycan mətbuat tarixində bu praktikaya kifayət qədər rast gəlinir. Məsələn, 1875-ci ildə "Əkinçi” qəzetinin təsis olunması və sonrakı illərdə ana dilində qəzetlərin bölgələrə də sirayət etməsi Azərbaycanın odövrkü mədəni və ictimai fikir müstəvisində inqilabi dəyişikliklər yaratdı. Plüralizm, söz azadlığı qısa bir müddətdə tüğyan etməyə başladı. Məhz mətbuatın rolu sayəsində ötən əsrin əvvəlində Azərbaycan cəmiyyətində plüralist ideyalar formalaşamağa başladı. Azərbaycanın dinamik formada siyasi və iqtisadi inkişafını nəzərə alsaq, informasiya mübadiləsində bölgə əhalisinin mütəmadi maariflənməsi üçün müasir tələblərə cavab verən əyalət mətbuatına ciddi ehtiyac var”.

Cəlilabad rayonunda fəaliyyət göstərən "Yeni gün” qəzetinin baş redaktoru Böyükxan Bağırlı söyləyib ki, dövlət tərəfindən KİV-ə verilən dəstək yüksək səviyyədədir: "Dövlət çalışır ki, istər paytaxtda, istərsə də regionda jurnalistlər üçün daha yüksək şərait yaratsın. Bizlər də regionda gedən sosial-iqtisadi inkişafı öz mətbu nəşrlərimizdə işıqlandırmağa borcluyuq. Yerli əhalinin bu prosesləri izləməsinə şərait yaratmalıyıq”. Biləsuvarda nəşr olunan "Məhsul” qəzetinin baş redaktoru Muxtar Əhməd vurğulayıb ki, mətbu orqanlarında dövlətin xarici və daxili siyasətini, o cümlədən də sosial-iqtisadi uğurlarını ətraflı şəkildə işıqlandırırlar: "Məqsədimiz rayonumuzda baş verən uğurların ictimaiyyətə obyektiv çatdırılmasından ibarətdir. Biləsuvarla yanaşı, bəzən qonşu rayonlarda baş verən hər hansı bir müsbət hadisəyə də yer veririk. Qəzetin maliyyə mənbəyi rayon İcra Hakimiyyətidir. Ümumi götürdükdə, başqa əyalət mətbuatında olan problemlər bizim rayon mətbuatında da yer alır”. "Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev paytaxt Bakıdan fərqli olaraq, bölgələrdə mətbuatın vəziyyətinin ürəkaçan olmadığını qeyd edib: "Regionlardakı media qurumlarının reklam bazarı, demək olar ki, yox səviyyəsindədir. Müşahidələrimdən çıxış edərək deyə bilərəm ki, reklamlar sifarişlə verilir. Həm də reklamlar elə qəzetlərə verilir ki, onların kifayət qədər auditoriyası belə yoxdur. Bəzən süni maneələr yaradılır. Məsələn, bu yaxınlarda qəzetimizdə bir nəfər attestatının itməsi ilə bağlı elan yerləşdirmək istəyirdi. Sonradan həmin şəxsə deyiblər ki, elanı yalnız təhsillə bağlı qəzetdə verməlidir. Bu xoşagəlməz iddia ilə çıxış edənlərə iradımı bildirəndə, mənə ittihamlar etməyə başladılar. Görünür, belə məsələlər kimlərinsə nəzarəti altındadır”.

Baş redaktorun sözlərinə görə, bölgə qəzetlərinin maddi sıxıntı içərisində olması onların fəaliyyətinə müəyyən əngəllər törədir: "Təhsil dalınca paytaxta üz tutmuş gənclərin əksəriyyəti doğma ocaqlarına qayıtmaq istəmirlər. Hətta bizdən jurnalistikanın əlifbasını öyrənənlər belə redaksiyadan qaçırlar. Bunun da əsas səbəblərindən biri jurnalistlərin əməkhaqlarının az olmasıdır. Sözsüz ki, belə hallar son anda kadr çatışmazlığı ilə nəticələnir. Hesab edirəm ki, regionda qalıb, fəaliyyət göstərmək, sözün həqiqi mənasında, qəhrəmanlıqdır”.

F.Nəbiyevin qənaətincə, indiki dönəmdə bölgə mətbuatı kifayət qədər azad deyil: "Hətta mən deyərdim ki, respublikamızın bölgələrində 3-4 müstəqil qəzet fəaliyyət göstərir”.

Baş yazarın fikrincə, hər bir qəzet obyektiv olmalı, vətəndaşları narahat edən problemlərə dərhal reaksiya verməlidir: "Amma həmkarlarım nədənsə, bu kimi məsələlərdən söz açmaqdan ehtiyatlanırlar. Elə olur ki, kifayət qədər problemli yazılar qulaqardına vurulur. Əksər məmurların qaldırdığı problemlə maraqlanmırlar. Belə olan halda isə sual yaranır ki, bu mətbuat nəyə lazımdır? Düzdür, son illər bölgələrdə çox işlər, çox layihələr həyata keçirilir. Təbii ki, bütün bunlar da bölgə mətbuatında öz əksini tapır. Hərdən həmin qəzetin səhifələrində bir tənqidi yazının olmasının nəyi pisdir ki?”

F.Nəbiyev bölgə qəzetlərinin satışında mövcud olan problemlərə də toxunub: "Kənd yerlərində qəzet köşkləri demək olar ki, yoxdur. Sovet dönəmində qəzetlər evlərə poçt vasitəsi ilə çatdırılırdı. Hazırda isə bu iş, mətbuat yayımına həvalə olunub. Şəhərlərdə də köşklər azdır. İnsanlar informasiyanı qəzetlərdən deyil, internet portallarından almağa üstünlük verirlər. Zənnimcə, heç bir portal qəzet qədər effektli ola bilməz”. Bunu oxucular da gözəl bilirlər. Əfsuslar olsun ki, region oxucuları nə köşk, nə də qəzet tapa bilirlər. Məcbur qalıb elektron mediaya üz tuturlar”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb