Regionlarda qızların təhsildən yayınması artıq kütləvi hal alır

Son illərin rəqəmlərinə baxanda ölkənin Aran, Muğan və Cənub zonalarında qızların təhsildən yayınması faktları görünür
Kürdəmir rayonunun Sığırlı kənd C.Əsgərov adına tam orta məktəbində qızların 5-6-cı sinifdən sonra təhsildən yayındığı, valideynlərin qızlarını məktəbə buraxmadığı haqda məlumatlar yayılıb. Lakin məktəbin direktoru Bəycan Mürşüdov və kənd bələdiyyə sədri Saleh Ağamalıyev yayılan məlumatları təkzib edib, statistik rəqəmlər açıqlayaraq bildiriblər ki, məktəbin qız şagirdləri arasında 11 illiyi bitirib ali məktəblərə daxil olanlar çoxdur.
Qızların təhsildən yayınması əslində, yeni mövzu deyil. Təhsil eksperti Kamran Əsədov bir müddət öncə bu problemi gündəmə gətirmişdi.
Kürdəmirdə baş verən hadisə ilə bağlı «Şərq»ə danışan K.Əsədov regionlarda qızların təhsildən yayınmasının artıq kütləvi hal aldığını bildirdi:
- Məlumat üçün qeyd edim ki, xüsusən kənd rayonlarında qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. Apardığımız araşdırmalardan məlum olur ki, kənd yerlərində qızların təhsildən yayınması bir sıra səbəblərlə bağlıdır. Bu səbəblərin kökündə isə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Qeyd edim ki, ən çox hallarda yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideynlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir.
Valideynlər isə özləri əlavə gəlir əldə etmək məqsədilə başqa işlə məşğul olurlar. Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox Aran rayonlarında genişlənib. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar. Məhz bu səbəbdən regionlarda qızların ali təhsil alması müşkül məsələyə çevrilib. 
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, regionlardan ali təhsil almaq üçün sənəd verən qızların sayı oğlanlardan dəfələrlə azdır. Hətta Lerik və Yardımlı kimi dağ rayonlarından olduqca az sayda qızlar ali təhsil almaq üçün sənəd verirlər.
Hər il DİM (TQDK) –nın cari tədris illəri üçün ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun elmi-statistik təhlillərinə baxanda biz bu mənzərəni açıq şəkildə görürük. Belə ki, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə qızların sayı kəskin azalır.
K.Əsədov qeyd etdi ki, qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır. Son illərin rəqəmlərinə baxanda ölkənin Aran, Muğan və Cənub zonalarında qızların təhsildən yayınması faktları görünür:
- Xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızlar təhsildən uzaqlaşıblar. Eyni problem Bakı kəndlərində də hökm sürməkdədir.
Qızların təhsildən yayınması ilə bağlı apardığım tədqiqatlar göstərir ki, Azərbaycanda qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır. 
Çünki təhsildən yayınan qızlar erkən ailə qururlar. Qanunvericilikdə erkən nikaha təhriketmə ilə bağlı azadlıqdan məhrumetmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. 
Amma təəssüf ki, hələ belə hallar qalmaqdadır. Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır. Nikahdan kənar uşaqların çoxu isə erkən nikahlardan yaranır. 2013-2017-ci illərdə nikahdan kənar doğulan uşaqların sayı 25 min olub. Onların 30-35 faizi məhz erkən nikahın payına düşür. Bu isə təhsildən yayınma hallarına gətirib çıxardır.
Narahatedici məqam ondan ibarətdir ki, bu, subyektiv səbəblərdən yaranan problemlərdir və onu aradan qaldırmaq elə də çətinlik yaratmır. Sadəcə, bunun üçün yaranmış mühiti əvvəlcə aradan qaldırmaq kifayətdir ki, məktəblərdə normal tədrisi həyata keçirmək mümkün olsun.
Məlahət Rzayeva