İş-həyat balansı niyə pozulur? - Mütəxəssislərdən xəbərdarlıq

Mütəxəssislər bildirirlər ki, müasir dövrdə iş və şəxsi həyat arasında balans qurmaq getdikcə çətinləşir. Araşdırmalara görə, xüsusilə qadınlar həm iş yükü, həm də evdaxili məsuliyyətlər səbəbindən ciddi “zehni yük” altında qalırlar.

Psixoloqlar qeyd edir ki, məsafədən işləmə imkanlarının artması iş və şəxsi həyat arasındakı sərhədləri daha da zəiflədib. “Hər an əlçatan olmaq” hissi isə tükənmişlik riskini artırır.

Sherg.az xəbər verir ki, Amerikalı terapevt Nedra Glover Tawwab iş saatlarından sonra sərhəd qoymağın vacibliyini vurğulayaraq, axşam saatlarında iş mesajlarından uzaq qalmağın psixi sağlamlıq üçün önəmli olduğunu bildirib.

Klinik psixoloq Shefali Tsabary isə “mükəmməl ana” və ya “ideal işçi” təzyiqinin qadınlarda daxili gərginlik yaratdığını deyib. Onun fikrincə, uşaqlarla keçirilən vaxtın müddəti deyil, keyfiyyəti daha vacibdir.

Mütəxəssis Esther Perel isə iş və ailə rollarının qarışmasının emosional yorğunluq yaratdığını qeyd edib. O, işdən sonra qısa “keçid ritualı” - duş qəbul etmək, musiqi dinləmək və ya geyim dəyişmək kimi vərdişlərin psixoloji rahatlıq yaratdığını bildirib.

Ekspertlər iş-həyat balansını qorumaq üçün gündəlik prioritet siyahısı hazırlamağı, qısa fasilələr verməyi, yardım istəməkdən çəkinməməyi və yataq otağını “texnologiyasız zona” elan etməyi tövsiyə edirlər.