Bu forum 182 ölkədən 40 mindən çox qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirib.
“APA-Economics” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhər Gündəliyi üzrə nazirlər iclasının yekun bəyanatını səsləndirərkən bildirib.
O qeyd edib ki, əgər tədbirin təşkilində çalışan və dəstək göstərən bütün insanları da hesablasaq, bu rəqəm 50 mini keçər:
“Biz həmçinin Prezident İlham Əliyevin uzaqgörən liderliyini, eləcə də UN-Habitat və İcraçı direktorun layiqli mənzil və dayanıqlı urbanizasiya üzrə beynəlxalq əməkdaşlıq üçün bu vacib platformanı yaratmaq səylərini yüksək qiymətləndiririk.
Bugünkü müzakirələr göstərdi ki, qarşıdakı onillik sürətləndirilmiş icra, daha güclü tərəfdaşlıqlar və ölçülə bilən nəticələr dövrü olmalıdır.
Gün ərzində bir əsas mesaj xüsusilə ön plana çıxdı. Belə ki, mənzil sadəcə sığınacaq deyil, o həmçinin ləyaqətin, sosial inklüzivliyin, sabitliyin, sülhün, iqtisadi imkanların, iqlim dayanıqlığının və davamlı şəhər inkişafının təməlidir”.