"Hətta bir çox bölgələrdə qeydiyyatda olan vəkillər paytaxtda işləyirlər"
“Bu da ondan irəli gəlir ki, bölgələrdəki insanlar imkan azlığından peşəkar vəkilə müraciət edə bilmirlər"
Vəkillər Kollegiyasının sədri Anar Bağırov regionlarda yüksək səviyyədə hüquq xidmətlərinin verilməsi üçün lazımi infrastrukturun olmadığını deyib. Onun sözlərinə görə, regionlarda hüquq xidmətlərinin təmin edilməsində problem var: "Biz çalışırıq ki, bu istiqamətdə işlər görək. İnfrastruktur problemi Vəkillər Kollegiyasının fəaliyyəti ilə bağlı deyil”.
A.Bağırov qeyd edib ki, hazırda 13 mərkəzləri var və 1500-dən çox vəkil fəaliyyət göstərir: "Gələcəkdə bu problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur”.
Konstitusiyanın 61-ci maddəsinə əsasən, hər kəs yüksək keyfiyyətli hüquqi yardım almaq hüququna malikdir. Qanunvericiliyə görə hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Eyni zamanda dövlət vətəndaşa ödənişli hüquqi yardım almaq imkanı da yaradır. Amma etiraf edək ki, hazırda vətəndaşlara təklif edilən nə ödənişsiz, nə də ödənişli hüquqi xidmətlərin keyfiyyəti istənilən səviyyədə deyil.
Bölgələrdə vəkillərin say azlığı da mövcud problemlərdən biridir. Hətta elə bölgələr var ki, orada heç vəkil yoxdur. Vəkillərin sayının az olmasının bəzi səbəbləri var. Regionlarda vəkil üçün müştəri çox güclü deyil. Baxmayaraq ki, bu gün mülki məsələlərdə insanların sənədləşmələrinin aparılması ilə bağlı ehtiyacları artır. Amma hələ də vəkillər üçün müştəri azdır. Çünki insanların pul ödəməyə vəsaitləri o qədər də çox olmur. Digər səbəb isə vəkillərin maddi təminatı ilə bağlıdır. Halbuki vəkillərin sayı artırılmalıdır və vəkillər çox olmalıdır ki, insanlar seçim edə bilsinlər.
Mövcud durumla bağlı "Şərq”ə açıqlama verən hüquqşünas İradə Cavadova bildirib ki, regionlarda yüksək səviyyədə hüquqi xidmətlərin verilməməsi insan resursları ilə bağlıdır. Onun sözlərinə görə, bölgələrdə vəkil çatışmazlığı var. Vəkillər işləmək istəmir. Hətta bir çox bölgələrdə qeydiyyatda olan vəkillər paytaxtda işləyirlər:
"Bu da ondan irəli gəlir ki, bölgələrdəki insanlar imkan azlığından peşəkar vəkilə müraciət edə bilmirlər. Elə regionlar var ki, orda bir nəfər vəkil olur və ya ümumiyyətlə vəkil yoxdur. Vəkillər Kollegiyası hər zaman bu problemlə üzləşib. Düşünmürəm ki, məsələ tez zamanda həllini tapar. Lakin müəyyən vaxt keçdikdən sonra vəkillər tədricən regionlarda da işləmək istəyəcəklər. Gərək regionlardan namizədlər gəlsinlər və Vəkillər Kollegiyasına üzv olsunlar. Daha sonra isə onlar bölgələrə qayıdıb işləməlidirlər. Düzdür, ola bilsin ki, onların vəkil büroları mövcud deyil, amma bu təkcə vəkil bürosunun olmamasından irəli gəlmir. Bir də görürsən ki, vəkil məhkəmə binasında da oturur. Təbii ki, bu, düzgün deyil. Vəkillər ancaq müəyyən hüquqşünaslıq qurumunda oturmalıdırlar”.
İ.Cavadova həmçinin bildirib ki, bölgələrdə vəkil azlığı və hüquqi xidmətlərin aşağı səviyyədə olması vəkillərin maddi təminatının az olması ilə bağlıdır:
"Hazırda regionlarda vəkillər olsaydı, onlar üçün kiçik otağın kirayə tutulması problem olmazdı. Amma bir vəkilin nə qədər işi olmalıdır ki, o həm icarə haqqı ödəməlidir, həm də vəkil kimi çalışmalıdır. Ona görə də vəkil imkan olmadığı üçün icarəyə yer götürə bilmir və yaxud məhkəmənin nəzdində hansısa otaqda oturaraq işinə davam edir.
Bu da xoşagəlməz bir situasiyadır. Xüsusi qurumun olması çox vacibdir. Lakin qurumun saxlanması məsələsi var. Bu zaman sual yaranır ki, "hansısa regionda qurum açılarsa, xərcləri kim tərəfindən ödəniləcək?”. Təbii ki, Vəkillər Kollegiyası xərcləri üzərinə götürərsə, yəni, həmin qurumun icarə haqqı ödənilərsə, vəkillərin fəaliyyət göstərməsi daha rahat olar. Ümid edirəm ki, Vəkillər Kollegiyası bu problemi həll edər”.
Yeganə Bayramova