- “Ukrayna ABŞ-dən arzuladığı dəstəyi ala bilmir"
Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik prosesdə Moskvanın mövqeyi dəyişməz olaraq qalır. Rusiya rəsmiləri bildirirlər ki, Qərbin kompromisə getməməsi və Ukrayna ilə bağlı danışıqların nəticəsiz qalması halında Moskva qarşıya qoyduğu məqsədlərə hərbi yolla nail olmağa çalışacaq. Rusiya xarici işlər naziri Sergey Lavrov da son açıqlamasında bu mövqeyi bir daha açıq şəkildə ifadə edib. O, Qərbin diplomatik təşəbbüsləri dəstəkləmək əvəzinə kompromisdən yayınmasının müharibənin gedişinə təsir göstərə biləcəyini vurğulayıb.
Lavrovun sözlərinə görə, Rusiya üçün danışıqlar yolu daha üstün variantdır. Lakin Moskva hesab edir ki, diplomatik həll mümkün olmayacağı təqdirdə, qarşıya qoyulan məqsədlər döyüş meydanında həyata keçirilə bilər. Rusiya XİN rəhbəri bu mövqeyin Prezident Vladimir Putin tərəfindən dəfələrlə səsləndirildiyini xatırladıb.
Politoloq Abutalıb Səmədov isə “Sherg.az"a açıqlamasında deyib ki, Rusiya Xarici İşlər naziri Putinin Trampın nümayəndələri ilə görüşdə söylədiklərini təkrar edib:
“Həmin görüşdə Putin açıq şəkildə dedi ki, Donbass bütünlüklə Rusiyaya verilməlidir. Əks halda ilin sonuna qədər Rusiya həmin əraziləri işğal edəcək. Yəni, Putin təbii ki, işğal edəcək demədi, nəzarətə götürəcək dedi. Bu, realdırmı? Təbii ki, real deyil. İlin sonuna qədər Rusiyanın Donetsk vilayətinin 15%-ni işğal etməsi mümkün deyil. Ancaq bir reallıq da var ki, ötən il Alyaskada keçirilən görüşdən sonra Donbassla əlaqədar Putinlə Tramp arasında razılaşma əldə olunmuşdu. Həmin dövrdə Kiyevin nəzarətində təqribən Donetsk vilayətinin 25%-i var idi. İndi 15 faiz. Yəni bir il ərzində, haradasa 8-10% ərazini Rusiya işğal edə bilib. Ancaq indi çox ağır irəliləyirlər. Əgər rusların işləri istədikləri kimi getsə, bir ildən, il yarımdan tez Donetski tamamilə işğal etmək mümkün olmayacaq”.
Analitik qeyd edib ki, Rusiya irəliləyir və burada üzləşdiyi insan itkiləri onları qətiyyən narahat eləmir:
“Bu səbəbdən Lavrov da belə ürəklə danışır. Digər tərəfdən çox təəssüf ki, Ukrayna ABŞ-dən arzuladığı nə diplomatik, nə də hərbi dəstəyi ala bilmir. Hətta bir çox məsələlərdə Tramp Putinin yanında yer alır. Bu da təbii olaraq Ukraynanın mövqelərini çox zəiflədir. Rusiyada parlament seçkilərindən sonra danışıqların intensivləşdirilməsi haqqında qərar verilib. Ancaq çox güman ki, razılığa gəlmək mümkün olmayacaq. Yaxşı halda 2027-ci ilin əvvəllərində, yaxud ortalarında ola bilsin ki, sülh danışıqları hansısa nəticə verəcək”.