“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir

  • “Sürücü neçə dəqiqə dayanıbsa, o qədər ödəməlidir”

Parklamadan narazılıqlar davamlı xarakter alıb. Sürücülər parklanma işarəsi olan yerdə saxladıqlarına görə cərimə olunduqlarından, “Azparking” tətbiqinin qüsurlu olmasından, bir neçə dəqiqə parklama etdiklərinə görə onlardan 1 saata görə ödəniş çıxıldığından və s. saysız problemlərlə üzləşdiklərini, şikayət etdikdə isə nədənsə həmişə qarşı tərəfin haqlı çıxdığından bezdiklərini deyirlər.

Sevilən aktyor və teleaparıcı İlkin Həsəni də parklama probleminə toxunub. Aktyor parklama qiymətinin indiki tariflə saatla yox, dəqiqə ilə hesablanmasını təklif edib və bunun daha ədalətli yanaşma olacağını bildirib. Aktyor bildirib ki, avtomobil parklama yerinə daxil olur, tutaq ki, sürücü avtomobili 20-25 dəqiqə saxlayıb parklama yerində, ilk 15 dəqiqə ödənişsizdir, sonrakı vaxt isə 1 saata görə 1 manatdır, amma 15 dəqiqə bitdikdən sonra avtomobilin parklama yerində neçə dəqiqə saxlanmasından asılı olmayaraq 1 manat ödəniş çıxılır. Avtomobil neçə dəqiqə ərzində saxlanılıb, amma bu 1 saat hesablanır və saatla ödəniş tələb edilir: “Tutaq ki, 1 manatlıq parkinqdə maşınımı yarım saat saxlayıb gedirəm, dərhal başqası gəlir, orada saxlayır. Bir parkinq yeri üçün 1 saata 1 manat nəzərdə tutulur, amma bu halda parkinq 2 manat qazanır. Vətəndaş isə parkinq yerindən istifadə etmədiyi vaxta görə əlavə ödəniş edir”. İ. Həsəni təklif edir ki, parklama saatla yox, dəqiqələrlə hesablanmalıdır.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli Sherg.az-a açıqlamasında İ. Həsəninin iradının düzgün olduğunu bildirdi:

- Sürücü parklamadan istifadə etmədiyi zamana görə niyə ödəniş etməlidir? Niyə, nə səbəbdən ilk 15 dəqiqədən sonra vaxt hesablanmır, ümumi olaraq 1 saat nəzərə alınaraq saata görə ödəniş tələb edilir? Bu, doğru deyil. 15 dəqiqəlik pulsuz parklama olduğu kimi qalmalı, sonrakı müddət isə dəqiqə ilə hesablanmalı və ödəniş də buna uyğun aparılmalıdır. Parklama haqqının dəqiqəyə görə hesablanması ədalətli olar. Bəli, xarici ölkələrdə də var bu təcrübə. Avtomobil parkinqdə nə qədər dayanıbsa, sürücü də o vaxta görə ödəniş edir. Tamamlanmamış saata görə 1 manat tələb olunması düzgün deyil.