Rejissor şou-biznes sahəsini ZOOPARKA BƏNZƏTDİ
Azərbaycan şou-biznesinə, səhnəsinə xeyli vaxtdı qəribə bir sükut çöküb. Nə təmtəraqlı, söz-söhbətli təqdimat mərasimlərinə rast gəlinir, nə klip çəkib onu tamaşaçıya təqdim edən var, nə də mətbuatın rəylərini səbirsizliklə gözləyən müğənni həyəcanını görmək olur.
Vaxtilə Azərbaycanda müğənnilər səhnəyə gəlmək üçün klip bazarından başlayıb, maraqlı ekran əsəri çəkdirməyə maraqlı idilər. Məhz ilk klip müğənni barədə rəy yaradırdı. Müğənninin ilk klip təqdimatı onun səhnəyə ya vizit kartı ola bilirdi, ya da onun karyerasının ilk günündə uğursuzluğunu göstərmiş olurdu.
Müğənnilər keyfiyyətli klip çəkdirmək üçün o zamanlar ən güclü klipmeykerlərlə işləməyə üstünlük verirdilər. Hətta ölkənin 5-6 ən tanınmış, loru dildə desək, ən "bərk gedən klipmeyker”ləri ilə işləmək uğrunda rəqabət gedirdi. Elə klipmeykerlər də gələn klip təkliflərini dəyərləndirərkən daha güclü, daha nüfuzlu müğənnilərlə işbirliyinə üstünlük vermiş olurdular. Nəticədə isə Azərbaycan ekranlarında, şou bazarında keyfiyyətli, maraqlı kliplər izləmək olurdu.
Ən maraqlı məqamlardan biri isə rejissor seçimi olurdu ki, güclü rejissorların vaxtını qazanmaq, onlara klip çəkdirmək o qədər asan deyildi. Güclü rejissorların boş vaxtı olmurdu deyə, müğənnilər bəzən bir klip üçün aylarla gözləməli olurdular. Klip çəkilərkən artıq mətbuat təqdim olunacaq ekran əsərini izləmək üçün səbirsizliklə o günü gözləyirdi. Çünki tanınmışların klip təqdimatları da səs-küylü, sədalı, qaynar müzakirəli olduğundan hər kəs istəyirdi peşəkar heyətlə çalışsın ki, mətbuatdan tənqid eşidilməsin.
Bu gün isə 15 il əvvəlki şou-biznesdən heç nə qalmayıb. Demək olar ki, şou-biznes yoxdu. Nə o həyəcanı görmək olur, nə meydanda olan işi müzakirə etməyə əsas var.
Bəs səbəb nədir? Niyə Azərbaycan sənətçiləri klip çəkdirmirlər? Niyə klip bazarına maraq qalmayıb?
Suallarımıza Azərbaycan şou-biznesinin tanınmışları münasibət bildirdilər. Vaxtilə şou-biznesin tanınmış klipmeykerləri bu məsələyə belə aydınlıq gətirdilər.
Tanınmış klipmeyker, rejissor Ülviyyə Könülün münasibəti əslində çox konkret oldu:
"Ovaxtkı klip bazarı öldü getdi. Yeni nəfəslər, səslər başladı. Əvvəlki şou-biznes də yoxdu. Əvvəllər sənətçilər arasında rəqabət var idi. Bu gün bir daha o qənaətə gəlirəm ki, həqiqətən 10-15 il əvvəl səhnədə rəqabət yaşanırdı. Bunu hiss etmək olurdu. Ən güclü sənətçilərimiz, müğənnilərimiz klip bazarında maraqlı iş meydana qoymağa çalışırdılar. O zamanlar müğənni keyfiyyətli məhsul ortaya qoymaq üçün maraqlı idi. Hər kəs ilk əvvəl adı üçün çalışırdı. Azərbaycanda ən güclü, nüfuzlu müğənnilərlə çalışmışam.
Onlar sənətdə fərqlənmək, yaradıcılıqlarında yenilik etmək üçün zəhmət çəkirdilər. Ona görə də ekranda, efirdə maraqlı kliplər, layihələr görmək mümkün idi. Bir klip günlərlə mətbuatında, efirlərin də, elə sənət aləmində də müzakirə predmeti olurdu. Tanınmışların klip təqdimatları əməlli-başlı səs-küyə səbəb olurdu. O zamanlar sənət aləmində bu, hadisəyə çevrilə bilirdi. Elə ona görə də sənətə maraq vardı. Bu gün o maraq qalmayıb. İndi müğənnilər yalnız bir məqsəd üçün fəaliyyət göstərir. Toy tutmaq, toyda olmaq... Yeni ifaçılardan az adamlarla çalışıram. Sözlərini demiş müğənnilərin çoxu xaricdə klip çəkdirir. Bunlar Aygün Kazımova, Röya Ayxandır. Zülfiyyə Xanbabayeva isə heç klip çəkdirmir. Sosial şəbəkədə qarşıma nə çıxırsa, ona baxıram”.
Klipmeykerlər arasında damğasını vuran rejissor Aqil M.Quliyev də Azərbaycan şou-biznesinin yoxluğunu dilə gətirdi:
"Əslində olmayan predmetdən danışmaq bir az çətin olur. Biz olmayan şou-biznesdən danışırıq bu gün. Azərbaycanda şou-biznes varmı? Əvvəlcə gəlin bunu müəyyənləşdirək. Bizdə şou-biznes demək olar yoxdu. "Toy biznes”i var. Qaldı rejissorlarımızın işinə, maliyyə baxımından götürsək, rejissorların iş fəaliyyəti çox pis vəziyyətdədir. Çünki klip bazarı demək olar ki, bərbad gündədir, böhran vəziyyətini yaşayır. Bunun da səbəbi, musiqili klipin artıq marketinq vasitəsi kimi aktuallığını itirməsidir. Niyə? Tamaşaçının maqazin verilişlərinə yanaşmasına və əsasən, veb texnologiyaların inkişafına görə... Sosial media bu bazara təsirini göstərib. Təbii ki, digər səbəblər də var”.
Klipmeyker bu sahədə yenidən fəaliyyət göstərmək məsələsinə də münasibət bildirdi:
"Əgər bu sahədə irəliləyiş olsa, yeni vasitələrlə geri qayıdaram. "Tez-bazar çək, təhvil ver” sistemi ilə işləyə bilmərəm. İstəyirdim şou-biznesdə klip yenidən hadisəyə çevrilsin. Buna görə hit mahnılar lazımdır. Mən bir vaxtlar deyirdim toy bazarı yaranacaq, gülürdülər. İndi bizdə toy bazarı yarandı. Hit mahnılar yoxdur. O vaxt mənim klip çəkdiyim "Badə”, "Gecələr” kimi mahnılar yaranmır. Onları dinləyib zövq alırdım. Hərdən düşünürəm ki, o vaxtın rejissorları indiki klipmeykerlərdən xoşbəxtdirlər. Hazırda yeni çıxan bütün klipləri izləyirəm. Amma məni təəccübləndirən heç nə yoxdur. Mahnının mətni qalıb kənarda, müğənninin qarderobunu izləyirik. Klipdə vizajist yox, stilist işi olmalıdır. Mənim bir yeşik klip ssenarim var. İndiyə kimi də onlara yaxın olacaq bir klip görmürəm”.
Rejissor şou-biznesi zooparka bənzətdi:
"Şadam ki, bir neçə ildir bu "dəlixanaya” qarışmıram. Hərdən heyfim gəlir ki, axı burada layiqli insanlar var, onlar niyə bu sahədə qalıblar? Şou-biznes tamaşaçı üçün zooparka çevrilib. Özləri-özlərinə hörmət qoymurlar deyə, camaat da onlara hörmət etmir. Mən klip sahəsinə nifrət etmirəm. Peşəmə hörmətlə yanaşıram. Sadəcə, belə sahədə çalışmaq istəmirəm. Kimin üçünsə zooparkda heyvan olmaq mənlik deyil. Xarici ölkələrdə da bazar fərqlidir. Bizdə isə pul toydadır. Müğənni pul qazanmaq istəyirsə, bu və ya digər vasitə ilə toy bazarı üçün aktual olmalıdır. Onu əhali tanımalıdır və nə vaxtsa, keçirəcəyi toyuna dəvət etməlidir. O da hər ay müəyyən qazanc əldə etsin deyə (özü də az qazanc deyil)... Dünyada isə toy yox, konsert meydanları önəmlidir. Əsas prodüsser şirkətləri müğənniləri gələcək konsertlərin auditoriyası üçün yönəldir. Hər dəfə müğənni üçün hədəf kütləsi seçilir və kütlə üçün repertuar hazırlanır.
Müğənninin imici məhz həmin kütlənin qəbul edəcəyi obrazda yaradılır və başqa bu kimi işlər həyata keçirilir. Bu, artıq marketinq elmidir ki, xaricdə işləyir. Amma bizdə isə toy marketinqidir. Yəni ki, müğənnini tanımalıdırlar, müğəninin toyları olmalıdır və əsas etibarı ilə, varlı olmalısan. Bizdə məqsəd başqadır. Bizim nəsildən olan müğənnilər (Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva) var ki, onlar üçün məqsəd tamamilə fərqli idi. İndiki gənclər üçün isə məqsəd nə "Qremmi”dir, nə də başqa beynəlxalq mükafatlar. Bunu, onların əksəriyyətinə şamil edirəm. Əsas məsələ nədir? Evim, maşınım olsun, böyük miqyaslı toy edim, müğənniləri ora toplayım, bir sözlə, toy və pul olsun. Əsas fikir də pulun miqdarındadır”.
Tanınmış prodüser Təranə Səmədova da son illər klip bazarına tələbatın olmamasından gileyləndi:
"Əvvəlki şou-biznes maraqlı və daha fərqli idi. Böyük bir rəqabət yaşanırdı sənət aləmində. İndi bu rəqabət yoxdu. Şou-biznesdə bu durğunluğun əsas səbəblərindən biri maliyyə ilə bağlıdı. Klip çəkilişi çox bahadı, hələ üstəlik, klip yayımı da böyük xərc tələb edir. Şou-biznesdə pul xərcləmək lazımdır ki, sonra pul götürə biləsən. Amma bu gün xərclənən vəsait gələn gəliri ödəmir. Təbii ki, əvvəllər də klip çəkilişi üçün böyük məbləğ xərclənirdi. O vaxt da müğənnidən pul tələb olunurdu.
Amma həm də müğənninin bir öhdəçiliyi var idi. Sənətə gələn müğənni mütləq klip çəkdirməyə borclu idi. Bu bir məsuliyyət idi. Müğənnilər çalışırdılar ki, güclü rejissorlarla işbirliyi qursunlar. Maraqlı kliplər çəkdirsinlər. Bu gün səhnədə böyük mənada rəqabət yoxdu. İndi klipə heç kim pul xərcləməyə qıymır. Bəzi sənətçilərimiz var ki, həqiqətən bahalı kliplər çəkdirdilər, "Sarı gəlin” kimi maraqlı ekran əsərləri çəkilsə də, onun bəhrəsini görmədilər. Dediyim odur ki, efirlərdə də əvvəlki kimi kliplərə xüsusi vaxt ayrılmır. Əvvəllər müğənni klip təqdimatına həyəcanla hazırlaşardı. Çünki ekran əsəri müzakirə olunurdu. Mətbuatın münasibəti önəmli sayılırdı. Bu gün mətbuatı da sanki həvəsdən salıblar. Sənətçilər peşəkar şəkildə tənqid də olunurdu, müzakirə də edilirdi. Bu gün mətbuat bilmir nədən yazsın. Yazılacaq, müzakirə olunacaq nə var ki? Xaricdə müğənni klipdən də, diskdən də, konsertdən də gəlir əldə edir. Bizdə hələ də bu sistem formalaşmayıb.
Müğənnilərin bu gün bir məqsədi var, efirə çıxıb canlı oxumaq, arada ifasında olan bir populyar mahnını təqdim edib toy tutmaq. Şou-biznesdə yaranan durğunluğun bir çox səbəbləri var. Ən böyük səbəb maliyyədən başlayır. Bir-iki müğənni ola bilər ki, sənət naminə hansısa layihəyə imza atsın. Vəssalam. Qalanları üçün əsas səhnə, sənət deyil. Pul qazanmaqdı. Əvvəllər özlərinə hörmət edən, sənətdə damğasını vuran sənətçilər güclü rejissorlara müraciət edirdilər. Aylarla klipin hazırlıq işləri gedirdi. Bu gün çəkilən klipləri isə qeyri-peşəkarlar ucuz qiymətə çəkir. Ona da tamaşaçı marağı olmur. Mənə elə gəlir ki, şou-biznesdə bu sükutu pozmaq üçün bəzi sözünü deyən sənətçinin üzərinə məsuliyyət düşür. Onlar elə layihələr təqdim etməlidirlər ki, bu projelər səs-küyə səbəb olsun. Bu sükutu pozmaq üçün güclü bir sənət fırtınasına ehtiyac var”.
Tahirə