7 yaşlı “Modern.az” saytının xəbər bazarında öz yeri var
“Reket” jurnalistlərə nifrət edirəm”
Elşad Eyvazlı: “Onlar sözü dəyərdən salırlar, sevdiyim sahəni zibilxanaya çevirirlər”
7 yaşlı “Modern.az” saytının xəbər bazarında öz yeri var
7 yaşlı “Modern.az” saytının xəbər bazarında öz yeri var
Dünən "Modern.az” xəbər agentliyinin fəaliyyətə başlamasının 7 ili tamam oldu.
2009-cu il sentyabrın 1-də yaradılan sayt Azərbaycanın hazırkı onlayn media məkanında sayılıb-seçilən informasiya portallarından birinə çevrilib. Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanmış portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.
Saytın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. "Modern.az” yeni nəfəsli bir media quruluşu olaraq ötən 7 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilməyi bacarıb. Hər gün on minlərlə oxucunun ziyarət etdiyi "Modern.az” xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır. Agentlik həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub. Peşəkar jurnalistikaya "Modern.az”dan başlayan bir çox jurnalistlər hazırda müxtəlif KİV-lərdə uğurla fəaliyyət göstərirlər. Saytın yeddi illik fəaliyyəti ilə bağlı danışan baş redaktor Elşad Eyvazlı deyib ki, 7 il tarix baxımından elə də böyük rəqəm deyil: "Ancaq saytı bir canlı orqanizm kimi götürsək, demək ki, uşaqlıq illəri arxada qalıb, artıq böyümüşük. Dönüb geri baxanda 7 ili belə xarakterizə edərdim: - çox çətin böyüdük, yetim uşaqdan da çox əziyyət çəkdik. Ancaq bu əziyyətin qürurunu yaşayırıq. Çünki şərəflə böyüdük, ləyaqətlə addımladıq. Bu yeddi ili, hamının yanında alnımız açıq, üzümüz ağdır. Kimsə barədə böhtan, şər uydurmadıq, kimsə barədə sifarişli yazı yazmadıq. Ancaq elə tənqidi yazılarımız oldu ki, hətta müxalif mətbuat belə o yazıları tirajlamaqdan çəkindi. Ən əsası isə sözə xəyanət etmədik, jurnalistikaya xələl gətirmədik. Necə deyərlər, 7 ili şərəfli yaşadıq. Mənə görə bundan böyük mülk, var-dövlət, hörmət yoxdur. "Modern.az” saytının özünəməxsus yolu var. Məncə, kənardan baxanlar bunu bizdən daha yaxşı hiss edirlər”. Azərbaycan oxucusu "Modern.az”ı ciddi media qurumu kimi tanıyırlar. Həqiqətən saytın şou xəbərlərdən qaçdığı hiss olunur. Amma bəziləri bunu peşəkarlıq baxımından doğru saymırlar. Düşünürlər ki, KİV bazara işləməlidir, hər təbəqədən zövqlü oxucusu olmalıdır. Elşad Eyvazlı da etiraf edir ki, dəfələrlə redaksiyada əməkdaşları bu məsələyə görə ona etiraz ediblər: "Onunla razıyam ki, şou xəbərlərlə daha çox İP yığmaq olar. Onu da bilirəm ki, dünyanın hər yerində olduğu kimi Azərbaycanda da internet istifadəçiləri arasında gənclər üstünlük təşkil edir. Onlar isə daha çox əyləncə xarakterli yazılara, şou xəbərlərə üstünlük verirlər. Düşünürəm ki, gəncləri əyləndirmək, şou sevərləri özünə cəlb etmək bizim işimiz deyil. Mən bir ciddi oxucunu 100 qeyri-ciddi oxucuya dəyişmərəm. Əlbəttə, bu, mənim fikrimdir. Amma fərqli düşüncələr də var və mən buna normal yanaşıram. Hər kəsin öz yolu, öz xarakteri olur”. Baş redaktor "Modern.az” saytının parlamentin mətbu orqanı kimi tanınmasına da münasibət bildirib: "Parlament bir dövlətin qanunverici orqanıdır. Onun mətbu orqanı olmaq məncə yaxşı bir şeydir. İndi yalnız "Modern.az” deyil, bütün ölkə mediası parlament xəbərlərini tirajlayır və təbii ki, hər kəs özəl xəbəri birinci yaymaqda çox maraqlıdır. Onu da deyim ki, mən həm də 2004-cü ildən Parlament Jurnalistlər Birliyinin sədriyəm. Ona görə də parlamentlə bağlı özəl xəbərlər daha çox bizdə gedir”.
E.Eyvazlı sayt rəhbəri kimi "reket” jurnalistikaya qarşı ciddi mübarizə apardıqlarını deyib: "İllər öncə bu məsələ ilə bağlı Milli Məclisdə məsələ qaldırdıq və 70 "reket” jurnalistin akkreditasiyası ləğv olundu. Təəssüf ki, bununla bağlı bizə həmkarlarımızdan dəstək gəlmədi. Halbuki o zaman illərlə məhkəmələrdə vaxt keçirdik. O vaxt akkreditasiyası ləğv olunanlar bizdən əl çəkmirdilər. Bilirsiniz, bir işlə mübarizə aparırsansa, orada şəxsi keyfiyyətlərin, parametrlərin gördüyün işə uyğun gəlməlidir. Bu mənada alnı açıq şəkildə "reket”lərə qarşı mübarizə aparıram. Açığını deyim, "reket” jurnalistlərə nifrət edirəm. Onlar jurnalistikanı zəlil edirlər. Sözü dəyərdən salırlar, sevdiyim bir sahəni zibilxanaya çevirirlər. Çox təəəsüf ki, illər öncə yazılı mediada olan "reket”lər indi də internet mediası müstəvisinə köçüblər. Ciddi mətbuat istəsə, onları bir günün içində öz yerlərinə göndərə bilər. Ancaq müşahidələr göstərir ki, "reket” jurnalistlər hələ də kimlərəsə lazımdır. Gözü kölgəli məmurlar da daha çox "reket”lərlə işləyirlər. Mənə görə, "reket” jurnalistlərə meydan vermək cinayətdir. Çünki kiminsə şərəfini alçaldan, kiminsə ləyaqətinə toxunan, kiminsə barəsində sifarişlə şər-böhtan yağdıran məxluqdan Vətən heç vaxt xeyir görməz. Jurnalistikamızı bu xəstəlikdən çıxarmaq lazımdır”. E.Eyvazlı bəyan edib ki, ciddi jurnalistika ilə "reket” jurnalistlər arasında heç bir rəqabət ola bilməz: "Çünki bunlar tamam fərqli fəaliyyətlərdir. Açığını bilmək istəyirsinizsə, hazırda ciddi jurnalistika "reket” jurnalistlərə uduzdurulur. Ciddi jurnalist görəndə ki, "reket”lər onlardan yaxşı yaşayır və dolanışıqları "şah” kimidir, özlərinə də, peşələrinə də nifrət edirlər”.
Sayt rəhbəri media adına təsis olunan mükafatlara və onların təqdim olunması məsələsinə də toxunub: "Bu məsələdə heç kimi hədəf seçmirəm. İstəyim odur ki, dəyərlərimizə naxələf çıxmayaq. Mətbuatla bağlı bir əlin barmaqları sayda olan dahilərimizə hörmət edək. Vaxtilə "reket” kimi akkreditasiyasını ləğv etdirdiyimiz Xatirə xanım (soyadını unutmuşam) "Zərdabi” mükafatı aldı. Bu nə qədər məntiqlidir? Yaxud "Mirzə Cəlil” mükafatı təsis edilir, bu mükafatın təqdimetmə mərasimində baş verənlər bizi məyus edir. Dostlar məndən inciməsin, bu iradlar şəxsi maraqlardan gəlmir. Mən laqeyd insan deyiləm və bütün məqamlarda öz sözümü deməyi bacarıram. Olmaz belə şeylər. Jurnalistikanı bərbad günə salmışıq, indi də o dahilərimizin ruhunu incidirik. Allaha baxsınlar, belə şeylər etməsinlər. Jurnalistikaya sahib çıxmalıyıq. Yoxsa gələcək illərdə bu sahə ya olmayacaq, ya da tamam fərqli olacaq. Məsələn, jurnalist olmaq istəyən elə biləcək ki, "reket”lik jurnalistikadır. Mənim davam budur. Yoxsa kiminləsə şəxsi ədavətim, problemim yoxdur. Sözümü açıq deyirəm, sosial şəbəkələrdə, orda-burda onun-bunun arxasınca danışmıram, heç kimi ləkələmirəm, danos yazmıram. Belələrini bədbəxt hesab edirəm”. Baş redaktorun sözlərinə görə, bu gün internet mediası həm yazılı medianı, həm də televiziyaları qabaqlayıb. Bunun yaxşı tərəfləri ilə yanaşı, jurnalistikamıza gətirdiyi xəstəlikləri də var: "Bu gün biz 7 yaşımızı qeyd edirik. Ona görə də yubiley əhvalımızı saxlamağa çalışırıq. Ancaq medianın problemləri az deyil və onların qabardılması jurnalistikamız üçün çox vacibdir. Biz ciddi media rəhbərləri ilə mövcud problemləri müzakirə etməliyik. Təbii ki, ilk növbədə Mətbuat Şurasının səlahiyyətləri artırılmalıdır. Bir də çox istərdim ki, hər zaman həm dövlət qurumları, həm məmurlar həqiqətən hiss etsinlər ki, Mətbuat Şurası əsl jurnalistlərin arxasındadır. İstərdim ki, "reket”lər Mətbuat Şurasının qapısını açmaqdan çəkinsinlər”. E.Eyvazlı bildirib ki, "Modern.az” jurnalistikaya yeni başlayanlar üçün təcrübə məkanı, tələbələrin üz tutduğu əsas saytlardan biridir: "Tələbələr hardasa öyrənməlidir, hardasa çalışmalıdır. Bu günə qədər "Modern.az”ın qapısı bütün gənclərin üzünə açıq olub. Bizdə jurnalistlik fəaliyyətinə başlayanların sayı 100-ü ötüb desəm təəccüblənməyin. Bildiyim qədər "Modern.az” məktəbindən keçə bilənlər istənilən yerdə çalışmağı bacarırlar. Bu, bizim üçün böyük qürurdur. Bizdə elə bir sistem qurulub ki, ilk dəfə olaraq jurnalist kimi işə başlayan 2 aydan sonra formalaşır. Bu baxımdan bizim hansısa işçinin arxasında heç vaxt gözümüz qalmayıb və buna ehtiyac da duyulmur. Amma onu da bilin ki, mənim çalışmaq istədiyim işçi bizdən getmir və istəmədiyim işçi bizdə qalmır. Hazırda çox kiçik qüvvə ilə çalışırıq. Texniki işçilərlə bir yerdə 7 nəfər qalmışıq. Bir az da konkretləşdirsək, yaradıcı işlə 4-5 nəfər məşğul olur. Təbii ki, bundan razı ola bilmərəm. Amma gerçəklik budur və hələ ki, bununla razılaşmağa məcburuq”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb