Reklam mətbuatın ən ağrılı yeridir

Elnur Baimov: “Demək də olmaz ki, bütün qəzetlər reklam şirkətləri üçün maraqsızdır”
Yadigar Məmmədli: “Bir müddət öncə gündəmə gətirdiyimiz Reklam Şurası məsələsini yenidən aktuallaşdırmalıyıq”

(əvvəli ötən sayda)

Son aylar ölkədə müşahidə olunan iqtisadi çətinliklər ölkə mediasına, xüsusən çap mətbuatına mənfi təsirini göstərməyə başlayıb. Maliyyə durumu onsuz da ürəkaçan olmayan qəzetlər çap xərcinin bahalaşması ilə əlaqədar bir qədər çətin duruma düşüblər. Bunu nəzərə alan bir sıra media rəhbərləri böhrandan çıxmaq üçün müxtəlif təkliflər irəli sürüblər. Diqqəti çəkən təkliflərdən biri medianın reklam bazarının yenidən formalaşdırılmasıdır. Media nümayəndələri hesab edirlər ki, mətbuat düşdüyü vəziyyətdən çıxmaq üçün reklam bazarı ilə əlaqələri sıxlaşdırmalıdır.

Əslində reklam məsələsinin ölkə mediasının ən ciddi problemlərindən biri olduğu dəfələrlə media ekspertləri, qəzet rəhbərləri, hökumət təmsilçiləri tərəfindən gündəmə gətirilib. Məsələnin həllinə nail olmaq üçün indiyə qədər bir çox versiyalar səsləndirilib. Hətta səslənən təkliflər arasında mətbuat və elan qurumunun yaradılması da yer alıb. Ancaq vaxtaşırı irəli sürülən variantlar, edilən təkliflər medianın reklam vasitəsilə gəlir əldə etmək problemini həll etməyib. Fakt budur ki, ölkə mediasında reklam bazarının durumu media kapitanlarını qətiyyən qane etmir. Bir çox dünya ölkələrində reklam şirkətləri qəzetlərlə yaxından əməkdaşlıq etsələr də, Azərbaycanda bu iş olduqca zəif qurulub. Ölkəmizdə media-reklam bazarı nisbətən elektron və internet medianın xeyrinə işləyir. Çap məhsullarına isə reklam agentlikləri arasında maraq çox azdır. Hazırda qəzetlər reklam bazarında elektron və internet mediaya uduzur. Nəticədə qəzetlər biznes növünə çevrilə bilmir. Çünki qəzet təkcə satışdan gələn gəlir hesabına problemlərini həll etməkdə çətinlik çəkir. Əldə olunan gəlirlə böyük əməkhaqqı fondunu, ofisi və texniki xərcləri qarşılamaq mümkün olmur. Belə halda qəzetlər çoxsaylı manevr imkanlarına malik olmurlar, inkişaf edə bilmirlər. İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirdikdə aydın görmək olar ki, belə dövlətlərdə media, o cümlədən mətbu orqanlar reklam sarıdan heç bir korluq çəkmirlər. MDB ölkələri sırasında bu sarıdan daha çox inkişaf isə qonşu Rusiyada qeydə alınır. Burada təkcə televiziyalar yox, qəzetlərdə verilən reklamların həcmi il ərzində 10 milyonlarla dollar həcmində ölçülür. Təbii ki, bütün bunlar qəzetlərin inkişafında kifayət qədər müsbət rol oynayır. Vurğulayaq ki, bu sahədə qanunvericilikdə də müəyyən çatışmazlıqlar var. Belə ki, mövcud qanunvericiliyə görə, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilmir. Belə olan halda şirkətlər mətbuata reklam verməkdə maraqlı olmurlar. Təbii ki, reklama xərclənən pul məhsulun maya dəyərinə daxil edilsə, şirkətlər özləri mətbuata reklam verməkdə maraqlı olacaqlar. Media ekspertləri də reklam məsələsinin çox həssas olduğunu deyirlər. Onların fikrincə, reklam sifarişçisi məhsulunun cəmiyyətdə daha geniş şəkildə yayılmasını arzulayır. Bunun üçün daha populyar vasitələri seçir. Yəni hansı vasitə daha çox yaya bilirsə, insanlar hansından məlumatı, reklamı daha çox ala bilərlərsə, şirkətlər də ona üz tuturlar. Ekspertlərə görə, yazılı mətbuatla bağlı dəqiq mexanizm yoxdur. Amma qonşu ölkə Türkiyədə dövlətin verdiyi reklamların paylaşılması müəyyən mexanizm əsasında reallaşır. Digər xarici ölkələrdə isə reklam müəyyən bir şuraya verilir. Şura da qəzetlərin populyarlığına, tirajına görə reklamı onlar arasında yayır. Çap mediasına reklamın az gəlməsi bununla bağlıdır. İkincisi isə çap mediasının güclü rəqibləri var. Məsələn, televiziyalar həddindən artıq çox reklam götürür. Bütün bunların hamısı çap mediasının mövqeyini zəiflədir. Azərbaycanda qəzetlər ən yaxşı halda böyük şirkətlərin bayram təbriklərinə ümid edə bilirlər.

Media eksperti Elnur Baimov reklamın qəzetlərdən daha çox elektron və ya internet mediada yer almasına münasibət bildirib. Ekspert bunu elektron medianın ənənəvi media ilə müqayisədə auditoriyasının daha çox olması ilə izah edir: "Düzdür, ziyarət olunan saytlarda xəbəri yerləşdirən kimi dərhal neçə min adam oxuyur. Bu məsələdə qəzet uduzur. Amma qəzetin üstünlüyü odur ki, onun spesifik auditoriyası var. Bundan əlavə, bizdə bazar Türkiyə qəzetçiliyi ilə müqayisədə fərqlidir. Məsələn, onlar öz qəzetlərinə tanınmış köşə yazarlarını cəlb edir, onlara

böyük məbləğdə pul verirlər. Dəyərli qələm sahiblərini transfer edərək reklam paylarını artırırlar”. E.Baimovun fikrincə, reklam investisiyalarının çap mediasına yönəlməməsinin səbəbi ölkəmizdə əsasən qəzetlərin tirajının az olması ilə bağlıdır. Belə ki, adi xəbər saytı bir neçə qəzetin tirajını birləşdirir: "Əgər hansısa bir qəzet maraqlı auditoriya yığıb və tam tirajla satılırsa, o, reklam verən şirkət üçün maraqlıdır. Demək də olmaz ki, bütün qəzetlər reklam şirkətləri üçün maraqsızdır. Bəzi xüsusiləşmiş qəzetlər var ki, reklam investisiyaları üçün maraq kəsb edir və onların öz auditoriyaları olduğu üçün reklam verən şirkət o auditoriyaya öz mesajını çatdırmaq istəyir. Çap mediası arasında reklamlarla dolana bilməyən qəzetlər olduğu kimi, həmçinin, xəbər saytları arasında da heç bir reklamı olmayan saytlar var. Bu da ondan irəli gəlir ki, bəzi media qurumlarının sponsoru var. Hansısa qurumlar və ya şəxslər sayt, qəzet təsis edərək ora maliyyə ayırırlar. Bu da müvəqqəti prosesdir. Yaxın illərdə Azərbaycanda xəbər saytlarının sayı azalacaq. Yalnız bazarda güclü reklam vasitəsi ilə özünü dolandıra bilən həcmdə və maliyyə yığa bilən saytlar qalacaq”. Ekspertin sözlərinə görə, reklam şirkətləri üzdə olan, ziyarətçisi çox olan media orqanı ilə daha çox əməkdaşlıq etməyə çalışırlar. Əməkdaşlığı əldə saxlamaq üçün maraqlı media qurumu yaratmaq lazımdır ki, insanlar onu ziyarət etsinlər: "Auditoriya varsa, reklamın da olacaq. Bunun üçün işləmək lazımdır. Bizdə isə jurnalistlər tənbəldir. Sayt açandan sonra işlərinin bitdiyini fikirləşirlər. Ancaq sayt açmaq ən asan işdir, onu saxlamaq isə çətindir. Əsas odur ki, saytı işləsin, auditoriyaya maraqlı məhsul təqdim etsin, oxucuları cəlb etsin”.

Problemlə bağlı "Şərq”ə danışan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib ki, reklam məsələsi mətbuatın ən ağrılı yeridir: "Biz uzun zamandır problemi qabardırıq, gündəmə gətiririk. Azərbaycanda az da olsa reklam bazarı var. Amma təəssüflər olsun ki, reklam bazarından ən az yararlanan mətbuat sahəsidir, xüsusən də ənənəvi çap mediası. Onlayn KİV-də bir qədər reklam var. Ümumilikdə isə qonşu ölkələrlə müqayisədə mediamızda reklam yox dərəcəsindədir. Bilirsiz ki, medianın müstəqil olması onun iqtisadi dayanaqlığından keçir. KİV maliyyə cəhətdən nə qədər güclü olarsa, bir o qədər müstəqil olur”. Ekspert bildirib ki, mövcud problemi aradan qaldırmaqla bağlı dövlətin xüsusi proqramı, siyasəti var: "Bütövlükdə məsələni həll etmək üçün iqtisadiyyatın liberallaşmasına ehtiyac var. İndi bu prosesə start verilib. Proses dərinləşdikcə, biznes fəaliyyəti ilə məşğul olan qurumlar bazarda qalmağa çalışacaq və bu zaman reklamlarına maliyyə vəsaiti ayıracaqlar. Yalnız o halda medianın payına düşən reklamların həcmi arta bilər”.

Y.Məmmədlinin sözlərinə görə, jurnalistlər də bu məsələdə fəallaşmalıdır: "Bir müddət öncə gündəmə gətirdiyimiz Reklam Şurası məsələsini yenidən aktuallaşdırmalıyıq. Türkiyədə bu üsuldan istifadə edilir. Ola bilsin, sırf ona bənzər bir qurum yaratmağa ehtiyac yoxdur. Çünki bizdə KİVDF var, ancaq Fondun nəzdində ayrıca bir şura yaratmaq olar”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da reklamın çap mediasında həqiqətən ciddi problem olduğunu düşünür. Amma baş redaktorun sözlərinə görə, reklam çap mətbuatı ilə yanaşı, internet mediası üçün də kifayət qədər aktualdır: "Düzdür, bu məsələdə çap mediası daha öndədir. Bunun birinci səbəbi odur ki, Azərbaycanda reklam mədəniyyəti yoxdur. Bu da sovet dövrü mətbuatından bizə qalan lazımsız ənənədir. Xatırlayanlar bilir ki, sovet dövrü mətbuatında ümumiyyətlə reklam ənənəsi deyilən şey yox idi. Təəssüflər olsun ki, müstəqilliyin ilk illərində də ölkə mediası olaraq biz bu ənənəni formalaşdıra bilmədik. Sadəcə son dövrlərdə bu istiqamətdə müəyyən addımlar atıldı. Ancaq mediada reklam hələki istənilən və arzuolunan səviyyədə deyil”. Baş redaktora görə, bizdə reklam verənlərin çoxu məhsullarının mediada yayılmasında o qədər də maraqlı deyillər. Bunun da məlum səbəbləri var: "Azərbaycanda reklam mədəniyyəti yoxdur. Reklam mədəniyyəti odur ki, istehsalçı reklamı təqdim edir, istehlakçı isə məhsul barədə məlumat əldə edir və həmin məhsulu alır. Amma bizdə proses başqa cür gedir. O baxımdan media və reklam verənlərin münasibətlərinin ictimai institutlar üzərindən tənzimlənməsinə böyük ehtiyac var. Hər şeydən əvvəl bu koordinasiyanı yaratmalıyıq. Hələlik reklam şirkətləri bunda maraqlı deyillər. Çünki onlar ilk növbədə öz sahələrinin inhisarçılarıdır. Təbii ki, rəqabət mühiti olmayan sahədə inkişaf ola bilməz. Yəni bazara eyni növ və yaxud bənzər malı çıxardan şirkətlərə alternativ olsaydı, o zaman reklam bazarı formalaşardı”. H.Babaoğlu deyib ki, MŞ-nin sədri Əflatun Amaşov bu məsələni cənab Prezidentlə görüşdə qaldırıb: "Əminəm ki, bununla bağlı tezliklə lazımlı addımlar atılacaq. Amma mətbuat da boş dayanmamalıdır. Mediada, ümumiyyətlə, cəmiyyətdə reklam mədəniyyətinin formalaşması üçün əlindən gələni etməli, tez-tez səhifələrində bu məsələni işıqlandırmalıdır”. Problemlə bağlı hər hansı qurumun yaradılmasına da münasibət bildirən baş redaktor hesab edir ki, bununla bağlı təcrübə var: "Mətbuat Şurasında mətbuat və elan qurumu adlı təşkilatın yaradılması təklif ediləndə bunun mümkün ola biləcəyi vurğulandı. Qurumun adı başqa da ola bilər, fərq etməz. Əsas odur ki, tərəflər arasındakı münasibətləri tənzimləmək mümkün olsun. Fikrimcə, belə təşkilatlar faydalı olar”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb