Rektor da, ekspert də saqqal qadağasına etiraz etdi

Tələbənin geyimi, saç-saqqal tərzi şəxsi seçimidirHamlet İsaxanlı: "Yalnız orta məktəblərdə bu tip qadağaların qoyulması mümkündür"
Nabatəli Qulamoğlu: "Xarici ölkələrdə "şortik”lə dərsə gedirlər"
Elçin Bayramlı: "Təhsil ocağı ilə podiumu səhv salanlara bu ikisinin fərqini izah etmək lazımdır"
Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.
Universitetdə tələbələrə saqqal saxlamağın bir müddətdir qadağan edildiyini iddia edən tələbələr deyib ki, müəllimlərə saqqallı gəncləri dərsə buraxmamaq və onlara qaib yazmaq göstərişi verilib. Sözügedən qadağaya etiraz edən tələbələr, bu qadağanın yeni tədris ili başlanandan sonra daha sərt şəkildə qüvvəyə mindiyini də əlavə ediblər.
SDU-nun Mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli isə bütün ittihamları təkzib edib. Onun sözlərinə görə, tələbələrə saqqal qadağası üçün rəsmi şəkildə heç bir göstəriş verilməyib: "Ola bilər ki, səliqəli tələbə görünüşünü aşılamaq üçün belə bir tövsiyə verilsin. Maarifləndirici tədbirlər keçirilir və tövsiyə xarakterli məlumatlar verilə bilər. Təbii ki, saqqal saxlamaq təhsilə heç bir problem yaratmır. Amma indiki dövr bir az qarışıqdır. O qədər dini baxışlar var ki, adam bilmir ki, tələbə bu saqqalı hansı məqsədlə saxlayır?!”.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Biznes Universitetinin bir qrup tələbəsi də oğlanların saqqalla ali məktəbə buraxılmadığını iddia etmişdi.
Azərbaycan Odlar Yurdu Universitetində (OYU) isə tələbələrə hündürdaban ayaqqabı geyinmək qadağan edilib. OYU bu qadağanı hündürdaban ayaqqabıların döşəmə üzərində dərs prosesinin pozulmasına səbəb olacaq səs-küylərin yaratması ilə əlaqələndirib.
Ekspertlər isə hesab edir ki, hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir.
"Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlının sözlərinə görə, tələbənin universitetə nə geyinməyi, necə getməyi tamamilə öz işidir. Yalnız orta məktəblərdə bu tip qadağaların qoyulması mümkündür. Oğlan tələbələrin saqqal saxladıqlarına görə universitetlərdə tənqid olunmasına normal yanaşdığını deyən H.İsaxanlı da saqqaldan xoşu gəlmədiyini deyib: 
"Amma bu, tələbə və ya müəllim üçün tam sərbəst olmalıdır. Rəhbəri olduğum universitetdə çoxlu saqqal saxlayan tələbələr var. Bu da onların öz işidir. Bəziləri dəb xətrinə bunu edirlər, sonradan tənbəllikdən, ya da modadan saqqallarını saxlayırlar. Universitet niyə həmin tələbənin şəxsi geyiminə, saqqalına qarışmalıdır?”.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu da ali təhsil müəssisələrində tələbələrə xarici görünüşlə bağlı hər hansı qaydanın tətbiq edilməsini düzgün saymır: 
"Konstitusiyada və "Təhsil haqqında" qanunda belə bir məhdudiyyət yoxdur. Kim necə istəsə geyinə bilər. Düzdür, hansısa daxili qayda ola bilər. Bu da tam demokratik şəkildə. Hamının fikri öyrənilməlidir. Yoxsa, kiminsə göstərişi ilə ola bilməz. Yalnız o geyimə qadağa qoymaq olar ki, həmin geyim cəmiyyətdə mənfi rezonans yaratsın. 
Məsələn, alt paltarında dərsə getmək olmaz. Mən saqqal saxlayıram, bu mənim öz işimdir. Rektorun buna qarışmağa haqqı yoxdur. Bu, insan haqlarının pozulmasıdır. Xarici ölkələrdə "şortik”lə dərsə gedirlər. Bizim təhsil qanununda milli mentalitetlə bağlı bənd yoxdur, əksinə, orada Avropaya inteqrasiya ilə bağlı xüsusi qeyd var”.
Sosioloq Elçin Bayramlı universitetlərdə saqqal saxlamaq, dikdaban ayaqqabı geyinmək, seksual paltarda yarıçılpaq gəzmək və sair bu kimi qəbulolunmaz hallara qadağaların qoyulmasını dəstəkləyir. E.Bayramlı deyib ki, təhsil ocağı ilə podiumu səhv salanlara bu ikisinin fərqini izah etmək lazımdır: 
"Fikrimcə, təhsil ocaqlarında qadağa siyahısı artırılmalıdır. Qıcıq yaradan geyimlər, etikaya uyğun olmayan hərəkətlər, mənəvi dəyərlərə zidd davranışlar qadağan edilməlidir.
Bu halları dəstəkləyən, azadlıq filan deyib özbaşınalığı, anarxiyanı, ədəbsizliyi, öz bədənini reklam etməyi təbliğ edən şəxslərdən bu cəmiyyətə xeyir gəlməz. Azadlıq, bazar demək deyil. 
Hər müəssisənin, təhsil ocağının öz qaydaları var və olmalıdır - bu bütün dünyada belədir. Hardasınızsa, oranın qaydalarına uyğunlaşmalısınız. Bir çox ölkələrdə belə qadağaların, qaydaların sayı-hesabı yoxdur və əməl etməyən pul cəriməsi ilə cəzalandırılır. Universitet təhsil almaq, bilik əldə etmək, mütəxəssis olmaq üçündür. 
Bura, moda salonu deyil, bədənini reklam etmək yeri deyil, yeriyəndə takka-tak səs-küy salıb hamının diqqətini öz ayaqlarına yönəltmək yeri deyil. Ya da üzündə eybəcər saqqal saxlayıb, nəyisə təbliğ etmək, özünü ekstravaqant şəxs göstərmək yeri deyil. 
Məktəb konkret təhsil almaq üçündür. Burada hoqqa çıxarmaq təhsilin keyfiyyətinə heç bir müsbət təsir göstərmir, göstərə də bilməz, əksinə, çox mənfi təsir göstərir. Ona görə də əks tərəfin heç bir arqumenti yoxdur, ola da bilməz. Mən inanmıram ki, normal adam təhsil ocağında belə şeyləri dəstəkləyər. 
Çünki bu, aşkar anormallıqdır. Baxmayaraq ki, 21-ci əsrdir, dünyada qlobal əxlaqsızlaşma, mənəvi dəyərlərə tüpürməyə keçid dövrüdür, lakin bizim xalq hələ də nəyin pis, nəyin yaxşı olduğunu ayırd edə bilir. Biz dəyərlərimizi itirməyəcəyik, hər nə qədər müasir əxlaqsız həyat tərzini təbliğ edənlər olsa da”.
Şəymən