"Efirdə mənə şərt qoyulur ki, sən Allah, Ramiz Mirişli, Tofiq Quliyev musiqilərini bir kənara qoyun, gündəmdə olan bəstələri ifa edin. Mən gündəm üçün sənətə gəlməmişəm"
"Rəşid Behbudov sağ olsaydı..."
Firuzə İbadova: "Bu gün səhnəyə gələn müğənnilər oxumağa cürət etməzdilər"
"Efirdə mənə şərt qoyulur ki, sən Allah, Ramiz Mirişli, Tofiq Quliyev musiqilərini bir kənara qoyun, gündəmdə olan bəstələri ifa edin. Mən gündəm üçün sənətə gəlməmişəm"
"Efirdə mənə şərt qoyulur ki, sən Allah, Ramiz Mirişli, Tofiq Quliyev musiqilərini bir kənara qoyun, gündəmdə olan bəstələri ifa edin. Mən gündəm üçün sənətə gəlməmişəm"
Sənət aləmində, musiqi səhnəsində hərənin öz yeri, hərənin öz avazı, hərənin öz üslubu olur. «Şərq»in budəfəki qonağı ömrünün 50 ilini sənət aləminə həsr etsə də üslubunu, ifa tərzini dəyişmədi. Klassik Azərbaycan musiqisinə sadiqliyini müasirliyin qurbanına çevirmədi. Əməkdar artist Firuzə İbadova ilə söhbətimizdə Azərbaycan musiqisinin, səhnəmizin bugünkü durumundan, görünüşündən danışdıq. Əməkdar artistin ürəyi o qədər dolu idi ki, sənət aləminə səslənib, sənətkarları musiqi sahəsində üsyana səslədi.
- Firuzə xanım, kənardan müşahidə edərkən zəngin musiqi ənənələri, üslubu olan Azərbaycan musiqisi bu gün necə görünür. Azərbaycan səhnəsində duruğunluğu siz də hiss edirsizmi?
- Bu gün çox darıxıram. Bunu etiraf edirəm. Peşəkar Azərbaycan səhnəsi üçün darıxıram. Çünki səhnədəki bu durğunluq məni incidir. Sənətkarları kənara qoymuşuq, səhnəni bayağı müğənnilər əlinə alıb. Müasirlik deyib, bu gün təqdim olunan cılız musiqiləri insanların şüuruna yedizdirmək cinayətdir. Azərbaycan musiqisinin sütunları əyilib. Bizim musiqimizi iflic ediblər. Musiqi sütunumuz hazırda Azərbaycan xalq mahnıları və muğam üstündə dayanıb. Azərbaycan estrada səhnəsi, musiqisi ki, var idi, klassik bəstəkar musiqilərimiz formalaşmışdı, o sütunu əydilər. Biz elə klassik bəstəkar musiqiləri ilə səhnəyə gəlmişik ki, bu gün belə bəstələr, musiqilər yaranmır. Bizim musiqi bünövrəmiz bərk, dözümlü, sağlam idi. Biz bəstəkar musiqilərindən bəhrələnmişik. Amma indiki gənclərin bünövrəsi xəstə musiqi üstündə qurulub. O bünövrə yıxılacaq.
- Bu günün gənc ifaçıları klassik bəstəkar musiqilərimizdən yararlanmır deyirsiz. Bunun səbəbini nədə axtaraq?
- Bəli. Bu günün gəncliyi klassik bəstəkar musiqimizdən yararlanmır, buna maraq göstərmir. Əgər biz musiqi ilə müharibə aparmış olsaydıq, inanın, inqilab edərdi Azərbaycan musiqisi. Çünki bizim musiqi tariximiz, ciddi musiqi sərvətmiz var. Bizim Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Ramiz Mirişli kimi klaasiklərimiz var. Baxın, bu gün kosmosa göndərilən musiqi – Azandı. Azan muğam üstündə köklənib. Həqiqətən o qədər ciddi bir mövzuya toxunmusuz ki, bu məsələ Azərbaycan musiqisini düşünən hər bir sənətkarı narahat edir. İnsan orqanizmində qan düzgün dövr etməyəndə ürək şikəst, iflic olur. Azərbaycan musiqisinin ürəyi iflic olub, dayanıb. Beş-altı sənətkarla o sütunu saxlamaq, qorumaq çətindir. Bu gün Azərbaycan musiqisi 5-6 sənətkarın çiynində dayanıb. Onlar da getsə, bu məsuliyyət kimə həvalə olunacaq?
- Müasirlik adı ilə kar musiqiləri, xəstə notları beynimizə yedirtdilər…
- Bəli, acınacaqlı vəziyyətdir. Müasirlik adı ilə xəstə musiqiləri zorla insanların, gənclərin şüuruna, ruhuna yeritməyə çalışırlar. Bizə yedirdə bilmirlər. Çünki bayaq dediyim kimi, bizim musiqi beşiyimiz düzgün yırğalanıb, bizim mayamız sağlam olub. Biz sağlam musiqi ilə ruhumuzu formalaşdırmışıq. Ona görə bu günün musiqi virusunun bizi zəhərləməyə gücü yetmir.
- Yəni gənc nəslin şüuru bu gün bu musiqilərlə zəhərlənmiş olub. Xəstə musiqi zövqü ilə hara gedirik?
- Gənclərimizi şikəst edirlər. Biz bunun ağrısını hələ illər sonra daha qabarıq hiss edəcəyik. Nə qədər olar meyxana üslubunda «Lakada-çıkada» musiqiləri təqdim etmək?
- Sanki Azərbaycan səhnəsi meyxana musiqisinin qoynuna xəstə kimi düşüb, o musiqidən asılı qalıb.
Hətta prestijli müğənnilərimiz belə hər hansı səbəbdən repertuarında bu musiqilərə yer ayırmağa başlayıb…
- Tamamilə haqlısız. Bəlkə də acı həqiqətlərdən biri budur. Bu, sənətin, Azərbaycan musiqisinin bəlasına çevrilib. Çünki insanlar xoş günlərində bu musiqilərə maraqlı olurlar. Onlar bu musiqilərlə oynayır, əylənirlər. Görün nə qədər acınacaqlı bir vəziyyət yaranıb. Getdiyin məkanda, efirdə Tofiq Quliyevin mahnısını oxuyursan, deyirlər yox, bu musiqi olmasın. Toylarımızda Tofiq Quliyevin, Ramiz Mirişlinin mahnılarını oxuya bilmirik, mahnını kəsib, yarımçıq dayandırırlar. Tofiq Quliyevin mahnısını kəsmək nə deməkdir? Ramiz Mirişlinin nəğməsini kəsmək olar? Bu bəstəkarlar Azərbaycan musiqisinin sütunları sayılır. Onlara xəyanət etmək olarmı? Bu gün efirlərdə, toylarımızda, məclislərimizdə səslənən bir çox musiqiləri musiqi kimi qəbul etmirəm, onlar şeytan əməlli bir virusdu. İnsanların zövqünü bu şeytan ruhlu musiqilərlə zəhərləyirik. Müasirlik adı ilə insanların musiqi zövqünü korlayırlar, hamı da susur. Mən efirlərə gedəndə utanıram. Çünki verilişlərə gedəndə nə oxuyacağımı bilmirəm. Mənim repertuarımda klassik bəstəkar mahnıları yer alır, efirdə məndən gündəmdə olan mahnı istəyirlər. Gündəmdə olan mahnı nəyə deyirlər? Azərbaycan musiqi ladından uzaq, «lakka-çıqqa» mahnıları gündəm adı ilə niyə bizə sırayırsız? Müasir musiqidən danışılırsa, müasir musiqi daha keyfiyyətli, daha mükəmməl olmalıdır. Biz inkişaf etmək əvəzinə uçuruma gedib, geriyə addımlayırıq. 5 ildən sonra Azərbaycan musiqi aləmində bəstəkar tapmaycaqlar. Çünki bəstəkar ya klassik tərzdə musiqi yazmalıdır, ya da gündəmin ayağının altında əzilib getməlidir. Gündəmi kimlərin ixtiyarına vermişik.
- Gündəm deyib, elə ifaçılar səhnədə at oynadır ki, əsl sənətkarlara səhnə yeri qalmıyıb deyirsiz.
- Bu, doğrudan da dəhşətlidir. Səhnəyə elələrini gətirmişik ki, inanın, palatkadan çıxanlar belə, onlardan daha keyfiyyətli ifa təqdim edə bilirlər. Diqqət yetirsəz, palatkadan elə sənətçilər səhnəyə gəlib ki, bu gün fəxri ad alıblar. Amma bu gün səhnəyə çıxanların ünvanı yoxdu. Onlar heç «kvartirant» belə deyillər musiqi aləmində. Amma yuxarı başa qaldırıblar onları. Efirlərdə elələrini bəh-bəhlə təqdim edirlər ki, mən müğənni olduğuma xəcalət çəkirəm. Efirdə mənə şərt qoyulur ki, sən Allah, Ramiz Mirişli, Tofiq Quliyev musiqilərini bir kənara qoyun, gündəmdə olan bəstələri ifa edin. Mən gündəm üçün sənətə gəlməmişəm, gündəmdə olan mahnı oxumamışam. Oxuya da bilmərəm. Mənim ruhum o musiqiləri qaldıra bilmir.
- Axı sənət aləmində statusu olan sənətçilər də susur, bu xaosa göz yumurlar…
- Həqiqətən haqlı iraddı. Bəli, sənət aləmində sözünü deyən sənətkarlar, müğənnilər, mətbuat üsyana qalxmalıdır, sitəm etməlidir, bu xəstəliyin qarşısını almaq üçün ayağa qalxıb Azərbaycan musiqisinin sağalması, müalicəsi üçün birləşib, musiqimizə sahib durmalıdırlar. İnanın, bu gedişlə muğamlarımıza da xələl gətirsələr, təəccüblənmərəm. Sağ olsun Mehriban xanım, muğamımıza dəstək oldu, analıq etdi. Muğam sahəsi inkişaf etdi. Amma Azərbaycan musiqisinin digər sahələri şikəst olub. Biz klassik Azərbaycan musiqisinə sahib çıxmasaq, gələcək bizi bağışlamaz. Rəşid Behbudov sağ olsaydı, bu gün səhnəyə gələn müğənnilər oxumağa cürət edə bilməzdilər. O zamanlar sənətkarların söz haqqı var idi. Bu gün sənətin lokomotivləri sayılan sənətkarların o haqqını sanki əllərindən alıblar. Mətbuata hər zaman dəyər vermişəm. Mənim bir fikrim var - jurnalistika, mətbuat bizim cəmiyyətin görən gözü, eşidən qulağı, yeriyən ayağıdır. Mətbuat bu məsələlərin həllində maraqlı olsunlar, bu mövzulara tez-tez toxunsunlar, sənət aləmində olan sənətkarları ayağa qaldırıb, sənət aləmində üsyan qaldırmaq üçün vasitəçi olsunlar. Yoxsa milli musiqimiz, klassik Azərbaycan musiqisi zəhərlənib, mənəvi dünyamızı məhv edəcək. Azərbaycan musiqisi çalarını, rəngini, ruhunu itirib. Bunun qarşısını almaq üçün gecikməyək. Ayağa qalxıb musiqimizə sahiblənək.
Tahirə Məmmədqızı