"Çünki Moskvanın İrəvana təzyiqləri Dağlıq Qarabağla bağlı deyil”
"Dördgünlük” müharibədən sonra Ermənistan-Rusiya münasibətlərində bir soyuqluq, inamsızlıq hökm sürür. Savaş zamanı umduğu dəstəyi ala bilməyən işğalçı ölkənin Moskvaya küskünlüyü açıq şəkildə özünü büruzə verir. Rəsmi İrəvan bunu israrla ört-basdır etməyə çalışsa da, parlament səviyyəsində, ictimaiyyətdə və ekspert dairələrində müttəfiq Rusiyadan narazılıq hiss olunmaqdadır.
Bu fonda II Dünya müharibəsi zamanı faşistlərlə əlbir olmuş erməni Qaragin Njdeyə İrəvanda təntənəli şəkildə abidə qoyulması, prezident Serj Sarkisyanın açılış mərasimində şəxsən iştirak etməsi vəziyyəti daha da kəskinləşdirib. Moskvanın ötən il İrəvana vəd etdiyi 200 milyon dollarlıq silah-sursatı verməyə tələsməməsi də münasibətlərə pis təsir edib. Əksər ekspertlərə görə, müşahidə olunan proseslər Kremlin İrəvana qarşı özünəməxsus cəza tədbiri, yəni "qamçı və kökə” siyasətidir. Onların fikrincə, Rusiya atdığı addımlarla Ermənistana mesaj verməyə, "nə qədər etiraz etsəniz də, Moskvaya möhtacsınız” deməyə çalışır. Məsələ ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, rəsmi Bakı Rusiya-Ermənistan arasındakı gərginliyinə ümid bağlamamalıdır. Çünki Moskvanın İrəvana təzyiqləri Dağlıq Qarabağla bağlı deyil: "Ermənistanda elə düşünürdülər ki, guya, Rusiya düşmən ölkənin bütün problemlərini həll edəcək və istənilən hərbi əməliyyatlarda İrəvana dəstək verəcək. Amma aprel savaşında Rusiya özünü bir qədər ehtiyatlı apardı. Müharibə gedən zaman Ermənistandakı rus hərbi bazalarında heç bir tərpəniş, hazırlıq olmadı. Moskva tam şəkildə neytral davrandı. Ermənistanın etirazlarını görən Kreml onlara dərs vermək məqsədi ilə vəd etdiyi 200 milyon dollarlıq silah-sursatı da göndərməkdən imtina etdi. Ardınca KTMT ölkələrinin İrəvan toplantısı təxirə salındı. Bu addım Ermənistan prezidentinin ciddi etirazına səbəb oldu. Son olaraq faşist Qareginə abidə qoyulması ikili arasında münasibətləri gərginləşdirdi. Moskva bu məsələdə çox həssasdır. Rusiyanın Ukraynaya əsas etirazı da almanlara xidmət etmiş şəxslərin qəhrəmanlaşdırılması ilə bağlı idi. Fikrimcə, Kreml abidə məsələsində erməni hakimiyyətinə ciddi qulaqburması verəcək”. Ekspert deyib ki, biz iki dövlət arasındakı münasibətlərin korlanmasına arxayın olmamalıyıq: "Hesab etməməliyik ki, əgər Rusiya və Ermənistan arasında gərginlik yaşanırsa, bu, avtomatik olaraq Dağlıq Qarabağ məsələsinə müsbət təsir göstərəcək. Çox təəssüf ki, apreldən bu yana Rusiyanın erməni hakimiyyətinə təzyiq etdiyinin şahidi olmadıq. Halbuki, əsas gözləntilər bu yöndə idi. Bu mənada prezidentlərin növbəti Sank-Peterburq görüşündən də müsbət nəticə gözləmirəm”.
İsmayıl