Rəsmi Bakıdan Ermənistana son siqnal...

Təlimlər müharibə hazırlığının göstəricisidir



Xəbər verdiyimiz kimi, sentyabrın 17-dən 22-dək Azərbaycanda genişmiqyaslı hərbi təlimlər keçiriləcək. Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika cəlb olunub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlimləri və cəbhəboyu zonada yerləşən bölmələri ziyarət edərək, şəxsi heyətin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri vəziyyətlə bağlı məruzələri dinlədikdən sonra qarşı tərəfin mövqelərini müşahidə edib. Ön xətt mövqelərindəki vəziyyətlə yerində tanış olan nazir dinc əhalinin Ermənistan qoşunları tərəfindən atəşə tutulmasına qarşı təxirəsalınmaz cavabın verilməsi və daha sərt tədbirlərin görülməsi ilə bağlı həmin istiqamətlərdə yerləşən bölmələrə konkret tapşırıqlar verib. Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Z.Həsənov şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri ilə bağlı "Şərq"ə danışan Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, milli ordumuz hərbi təlimlərə başlamaqla Ermənistanın "Şant 2018" hərbi təlimlərini kölgədə qoyacaq. Bununla rəsmi Bakı, bir daha Ermənistan rəhbərliyinə mesaj vermiş olacaq:

 "Azərbaycanın 20 minlik şəxsi heyətlə keçirdiyi təlimlər, əsasən hücum xarakterli təlimlərdi və bu, müharibə hazırlığı deməkdir. Təlimlər zamanı eşalonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək. Göründüyü kimi, genişmiqyaslı təlimlər, regionda analoqu olmayan hərbi oyunlardır. Azərbaycan yalnız Rusiyadan sonra bu cür təlimlər keçirməyə qadirdir. Hesab edirəm ki, bu təlimlər birbaşa rəsmi İrəvan üçün Bakının son siqnalı olmalıdır. Bu kimi təlimlər müharibə hazırlığı deməkdir. Müdafiə Nazirliyinin 2016-cı ilin əvvəllərində mütəmadi keçirilən geniş təlimləri, məhz apreldə uğurlu hərbi əməliyyatlarla nəticələndi".

Ekspertin sözlərinə görə, hazırda regionda geosiyasi şərtlər dəyişir: 

"Ermənistanın baş nazirinin Qarabağ danışıqlarından yayınmaq cəhdləri, həmçinin Rusiya ilə siyasi konfontrasiya Azərbaycana imkan verir ki, növbəti əks-hücumla bir neçə rayonu işğaldan azad etsin. Azərbaycan ordusu çevik hərbi əməliyyatlara başlayarsa, apreldə olduğu kimi Qərb seyirçi qalacaq. O zaman Rusiya Azərbaycanın irəliləməsinin qarşısını almaqla, danışıqlar prosesini başlatdı. İndi isə Rusiya rəhbərliyi ilə aparılan danışıqlar imkan verər ki, Moskva neytral mövqe tutsun. Əgər, Kreml Azərbaycamın bu şərtləri ilə razılaşmasa, Ermənistan Rusiyanın orbitindən çıxacaq. Hazırda Nikol Paşinyan qeyd edir ki, heç bir güzəştə getməyəcək. Bu yanaşma danışıqların tam iflası deməkdir. ATƏT-in Minsk Qrupu da səssizliyini qoruyur. Nə ABŞ, nə də Fransanın həmsədrləri rəsmi İrəvanın danışıqlardan yayınmaq cəhdinə reaksiya verirlər. Ona görə də Azərbaycan mütləq şəkildə Paşinyanın açıqlamalarına kəskin və sarsıdıcı zərbə vurmalıdır. Ermənistanın baş nazirinin sayıq açılamaları, onların narahatlıqlarından irəli gəlir".

İsmayıl