Avropa Şurası ən azından 1 milyon qaçqın və məcburi köçkün məsələsini qaldıra bilər
"Avropa Şurasının Azərbaycan qaçqınlarının kəskin problemini həll etmək üçün mexanizmləri və vasitələri yoxdur”. Bunu AŞ-nin baş katibi Torbyorn Yaqland millət vəkili Rəfael Hüseynovun sualını cavablandırarkən deyib. R.Hüseynov Yaqlanda deyib ki, "hörmətli cənab baş katib! Siz baş katib olduğunuz müddətdə bir milyondan çox azərbaycanlı qaçqının problemini həll etmək üçün heç bir praktiki addım atmamısınız. Ümumi sözlər və məsələni ATƏT-ə yönləndirmək əvəzinə yüksək vəzifənizdən istifadə edib konkret addımlar ata bilərdiniz”.
Yaqlanda isə bildirib ki, onun bu problemi həll etmək üçün vasitələri yoxdur: "Mən ATƏT və ya BMT-yə, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinə müraciət etsəydim, fikrimcə, onlar da deyəcəkdi ki, mənim bu problemin həlli üçün mexanizmlərim, mandatım yoxdur”.
Yaqlandın açıqlamasını "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Avropa Şurasının Qarabağ münaqişəsinə konkret müdaxilə etmək üçün mexanizmi və səlahiyyəti olmaya bilər. Lakin istər Avropa Şurası, istərsə də qitənin digər qurumları ən azından 1 milyon qaçqın və məcburi köçkün məsələsini qaldıra bilərlər:
"Çünki bir milyon qaçqın çox ciddi məsələdir. Dünya praktikası da göstərir ki, Avropa qurumları müxtəlif miqrant problemlərinə çox həssas yanaşırlar. Reallıq odur ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edib və uzun müddətdir işğalda saxlayırlar.
İşğal nəticəsində bir milyon insanımız doğma torpaqlarından didərgin düşüb. Bu məsələnin Avropa təşkilatlarının və onların rəhbərlərinin diqqətindən tamamilə kənarda qalması Azərbaycanın xoşuna gəlmir. Bizim etirazımız bunadır.
Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində, terrorizmə qarşı mübarizədə xüsusi rol oynayır. Eyni zamanda Avropa və Asiyanı birləşdirən ən mühüm coğrafi məkanda yerləşir. Rəsmi Bakının maraqları və mövqeyi nəzərə alınmalıdır. Bu, bizim ən təbii haqqımızdır. Xüsusən, hər fürsətdə humanizm prinsiplərinə sadiq olduğunu iddia edən Avropa təşkilatları buna diqqət yetirməlidir”.
İsmayıl