"Rəsmi Tehran ABŞ-ın İranda çevriliş hazırlamasına dair sübut göstərmir" - Şərh

"İran rəsmilərinin ABŞ-ın İranda dövlət çevrilişi hazırlaması barədə iddiaları vaxtaşırı təkrarlanır”.
Bunu "Sherg.az”a İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Amerikanın bu ölkədə çevriliş edəcəyinə dair iddialarına münasibət bildirərkən "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib. 
Onun sözlərinə görə, Amerika səsləndirilən fikirləri təkzib edir, başqa dövlətlərdə çevriliş etmək niyyətində olmadığını vurğulayır:
"ABŞ prezidenti Donald Tramp isə prezident seçkiləri öncəsi bəyan etdi ki, bu dövlət yerli-yersiz müxtəlif ölkələrdə hakimiyyət çevrilişində iştirak edir. Bu isə Amerikanın nüfuzuna ziyan vurur.
İran rəsmilərinin bu cür iddialarla çıxış etməsi daha çox beynəlxalq ictimaiyyətə və ölkə daxilinə hesablanır. Başqa bir ölkənin digərində dövlət çevrilişinə cəhd göstərməsi o ölkənin daxili işlərinə müdaxilədir və bu, beynəlxalq hüquq prinsiplərinə ziddir. İranın bu iddiaları təsdiqini taparsa, deməli, Amerika başqa ölkənin daxili işinə müdaxilə edir. Halbuki İran tərəfi indiyə qədər sadəcə bəyanatlarla kifayətlənib, ciddi dəlil, sübut göstərməyib.
ABŞ İrana əvvəllər də sanksiyalar tətbiq edirdi. Bunun nəticəsi 2015-ci il iyulun 15-də əhatəli razılaşma planının imzalanması oldu. ABŞ sözügedən məsələdə uduzmadı. Həmçinin İrana etimad da artdı. Növbəti mərhələdə vəziyyət gərginləşən xətt üzrə inkişaf edəcək. Adətən belə hallarda vəziyyətin nəzarətdən çıxmasına imkan verilmir. Hələlik ABŞ-ın nəzarəti ilə proses davam edir. Rəsmi Vaşinqton vəziyyəti necə gərginləşdirmişdisə, eləcə də yumşaldacaq. Belə məqamda təbii ki, İran dövlətinə və hakimiyyətinə ziyan dəyəcək. Bundan sonra ölkədə hansı hadisələrin baş verəcəyini indidən demək çətindir”.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif Tvitter səhifəsində ABŞ-ın 1953-cü ildə olduğu kimi, İranda hakimiyyəti devirmək üçün "hərəkət qrupu” yaratdığını yazıb:
"Düz 65 il əvvəl ABŞ xalq tərəfindən seçilmiş demokratik hökuməti - (Məhəmməd) Mosaddıqı devirərək diktatura rejimini bərpa etdi və İran xalqını növbəti 25 il ərzində kölə halına saldı. İndi İran üzrə "hərəkət qrupu” təzyiq, dezinformasiya və demaqoqluq yolu ilə eyni addımı atmaq arzusundadır. Bir daha əsla!”.
Aysel Aslan