Riyaziyyatdan təqdim olunan suallar çətin olub

Buraxılış imtahanı yaxşı təşkil olunub, ancaq şagirdlərə ünvanlanan suallar etiraz doğurub



Martın 4-də Dövlət İmtahan Mərkəzi orta məktəblərin IX sinif üzrə buraxılış imtahanının birinci mərhələsini keçirib. İmtahanın nəticələri ilə bağlı fikirlərini bildirən təhsil eksperti Kamran Əsədov imtahanın yaxşı təşkil olunduğunu qeyd etsə də, şagirdlərə ünvanlanan suallara etiraz edib. Onun sözlərinə görə, DİM-in IX siniflər üçün riyaziyyat fənnindən təqdim etdiyi suallar çox çətin olub: "Azərbaycan dilindən verilən suallar çox sadə və asan, riyaziyyatdan isə şagirdin minimum yox, maksimum biliyi yoxlanılıb.

Keçən il ilk dəfə olaraq keçirilən yeni model buraxılış imtahanlarının nəticələri bərbad olmuşdu, düşünürdüm ki, bu il düzələr. Olmadı.

Təqdim olunmuş suallar DİM-in bir neçə gün əvvəl Abituriyent jurnalının IX siniflər üçün çap edib satışa çıxardığı xüsusi buraxılışından fərqli idi. Daha çox sual Həndəsədən düşmüşdü. Halbuki bu, tədris proqramında geniş yer tutmur və ondan bu qədər çox sual salmağa ehtiyac yoxdur.
Artıq IX sinif şagirdlərinin valideynləri övladlarını ali təhsilə yox, IX sinifdən çıxarıb kollecə yönəltmək və ya ümumiyyətlə təhsildən uzaqlaşdırmaq istəyirlər.

Buraxılış imtahanlarında iştirakçıların minimum bilikləri yoxlanılır, maksimum bilikləri yox.
Gün ərzində qəbul edib söhbət etdiyim şagirdlərin cavablarına görə deyə bilərəm ki, bugünkü riyaziyyat fənninin nəticələri keçən ildən də bərbaddır”.

Şəymən