Həvva Məmmədova: "Onun gördüyü işlər, qaçqın və məcburi köçkünləri qəbul etməsi, onları dinləməsi, hər bir qaçqına xüsusi diqqət göstərməsi yüksək qiymətləndirilməlidir"
Rövşən Rzayevin “Qaçqınkom” sədri kimi fəaliyyəti qənaətbəxşdir, amma...
Firudin Məmmədov: "Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı gözlədiyimiz addımı görmürük"
Həvva Məmmədova: "Onun gördüyü işlər, qaçqın və məcburi köçkünləri qəbul etməsi, onları dinləməsi, hər bir qaçqına xüsusi diqqət göstərməsi yüksək qiymətləndirilməlidir"
Həvva Məmmədova: "Onun gördüyü işlər, qaçqın və məcburi köçkünləri qəbul etməsi, onları dinləməsi, hər bir qaçqına xüsusi diqqət göstərməsi yüksək qiymətləndirilməlidir"
Akif Nağı: "Fəal və operativ işləməyə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərini diqqətlə dinləyir"
Ölkə başçısı İlham Əliyevin 21 aprel 2018-ci il Sərəncamına əsasən bir müddət öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə Rövşən Rzayev təyin edilmişdi. Prezidentin "Dövlətqaçqınkom”un sədrinin qarşısında qoyduğu vəzifələr-köçkünlərin normal şəraitlə, mənzillə təminatı, sosial inkişafı ilə bağlıdır.
Məlumdur ki, qaçqın və məcburi köçkünlərin problemləri Azərbaycan üçün ən ağrılı məsələlərdəndir. Məhz ölkə başçısının hər zaman bu məsələyə daha həssas yanaşdığının şahidi olmuşuq.
Yeni "Qaçqınkom” sədrinin fəaliyyətini dəyərləndirən ekspertlər fikirlərini "Şərq”lə bölüşüblər.
"Vətən Müharibəsi Əlilləri" İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, Rövşən Rzayev "Qaçqınkom”un sədri təyin olunandan sonra onun fəaliyyətində yeni və inqilabi bir sıçrayış olmadı:
"Amma Rövşən müəllim məcburi köçkünlərin qəbulu məsələsinə daha tolerant yanaşır. Hər həftə vətəndaşları qəbul edir, köçkünlərimizin problemlərini dinləyir. Bir sözlə, məcburi köçkünlərimizə kömək etməyə çalışır. Lakin əhalinin problemlərini nə dərəcədə həll edəcək, bunu gələcəkdə görəcəyik.
Sırf Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı Rövşən müəllimdən gözlədiyimiz addımı görmürük. Bu məsələ ilə bağlı ona öz təkliflərimizi vermişik. Hələ ki, heç bir nəticə yoxdur. Yəni Qarabağ əlillərinin və şəhid ailələrinin növbədənkənar mənzillə təmin olunması ilə bağlı hansısa proqramların və islahatların həyata keçirilməsinin şahidi olmuruq. Əslində Rövşən Rzayevdən qabaqkı "Qaçqınkom”un sədri Əli Həsənova da müəyyən təkliflər vermişdik. Əli müəllim söz verərək təklifləri nəzərə alacağını demişdi. Lakin məsələ həll olunmadı. Rövşən müəllim bu məsələləri həll etsə lap yaxşı olar. O zaman onun fərqli fəaliyyət göstərmək istədiyini deyə bilərik”.
Sabiq millət vəkili Həvva Məmmədova "Qaçqınkom” sədrinin fəaliyyətini yüksək qiymətləndirir:
"Rövşən müəllimi uzun illərdir ki, tanıyıram. Parlamentdə birlikdə fəaliyyət göstərmişik və hər ikimiz Dağlıq Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvüyük. Düşünürəm ki, R.Rzayevin "Qaçqınkom” sədri təyin edilməsi ölkə prezidenti tərəfindən ən gözəl bir seçim oldu. Son dövrlər Rövşən müəllimi izləyirəm və onun gördüyü işlər, qaçqın və məcburi köçkünləri qəbul etməsi, onları dinləməsi, hər bir qaçqına xüsusi diqqət göstərməsi yüksək qiymətləndirilməlidir. 10 milyon əhalimiz var və hər 10 nəfərdən biri məcburi köçkündür. Ona görə də bu işlərlə elə şəxslər məşğul olmalıdır ki, onlar köçkünlərimizin qəlbini ovundura bilsinlər. Fevral ayında qaçqın və məcburi köçkünlərimizin torpaqlarına qayıda bilməməsinin 30 ili tamam olacaq. Qərbi Azərbaycandan və Qarabağdan gələn vətəndaşlarımız doğma torpaqlarına qayıda bilmirlər. Bu gün Respublikamızın 58 rayonunda qəbiristanlıqlar salınıb. Bundan böyük dəhşət ola bilməz. Məcburi köçkünlərimiz torpaqlarından didərgin düşən zaman onların yanında körpə uşaqlar var idi. İndi həmin uşaqların 30-dan çox yaşı var. Bu yaşda insanlar ailə qurmalıdırlar, onların evləri və işləri olmalıdır. Əlbəttə ki, belə vətəndaşlarımızı dinləmək və onların qayğısına qalmaq böyük diqqət tələb edir. Bütün bunlar çox alicənab və yüksək mədəniyyətə malik olan Rövşən Rzayevdə var. Vəzifəyə gəlməzdən qabaq onun parlamentdə fəaliyyəti, ermənilərlə bağlı beynəlxalq təşkilatlardakı bütün çıxışlarının hər birini izləmişəm. Rövşən Rzayev vətənini, xalqını, millətini ürəkdən sevən bir insandır. Onun gördüyü işləri qiymətləndirməmək böyük haqsızlıq olardı”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bildirib ki, R.Rzayev "Qaçqınkom” sədri təyin ediləndən bu günə qədər fəal və operativ işləməyə çalışır, qaçqın və məcburi köçkünlərin problemlərini diqqətlə dinləyir:
"Vəzifəli şəxslərin fəaliyyətinə hər zaman obyektiv yanaşmağa çalışırıq. Heç kimlə qərəzli münasibətimiz yoxdur. Əgər iş görülürsə və ortada fəaliyyət varsa, müsbət dəyərləndiririk. Hər zaman istəmişik ki, vəzifəli şəxslər Qarabağın azad olunmasına yardımçı olsunlar, məcburi köçkünlərin problemlərini həll etsinlər.
İstənilən adam problemi ilə bağlı Rövşən Rzayevin qəbuluna düşə bilir. Hətta faktlar da var ki, Rövşən müəllim ən ağır və çətin vəziyyətdə olan şəxslərin problemlərini çevik şəkildə həll etməyə çalışır və müvafiq göstərişlər verir. Elə olur ki, məmurlarımız vətəndaşları qəbul edirlər, müəyyən sözlər verirlər. Lakin sonra verdikləri sözü yerinə yetirmirlər”.
QAT sədri bildirib ki, "Qaçqınkom” sədri məcburi köçkün müəllimlərinə və büdcədən maliyyələşən digər kateqoriyalı şəxslərə əməkhaqqının verilməsi ilə bağlı problemlə ciddi şəkildə məşğul olur:
"Rövşən müəllim hər şənbə günü bu problemlə əlaqədar olaraq vətəndaşları qəbul edir və digər problemlərin həlli istiqamətində də müəyyən addımlar atır. Bu baxımdan düşünürəm ki, R.Rzayevin bu günə kimi göstərdiyi fəaliyyət yüksək qiymətləndirilməlidir. İstərdik ki, bu istiqamətdə işlər davam etdirilsin və müəyyən nəticələr əldə olunsun. Məcburi köçkünlərimiz əziyyət çəkirlər. Onların problemlərini həll etmək çox vacib və savab işdir”.
Yeganə Bayramva