Rus cəmiyyətinin aprel döyüşlərindən xəbəri var

Azərbaycan rus mediası ilə işləmək imkanlarına yenidən baxmalıdır
“Onlar yalnız gözünün qarşısındakına inanır və birbaşa media vasitəsilə idarə olunur”


Rusiya vətəndaşlarının 70 faizi bu ilin yazında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən irimiqyaslı hərbi toqquşmalar barədə məlumatlıdır.

"Levada” sorğu mərkəzinin keçirdiyi sosioloji sorğuya əsasən rəyi soruşulanların 59 faizi baş verən son hərbi toqquşmalar barədə eşitdiyini, lakin detallı bilgiyə sahib olmadığını, 11 faizi hadisələri izlədiyini, 30 faizi isə ümumiyyətlə, hərbi toqquşmalar barədə məlumatlı olmadığını deyib. Rusiyanın hansı tərəfi dəstəkləməli olduğu sualına cavab olaraq respondentlərin 11 faizi erməniləri müdafiə etməyin düzgün olduğunu, cəmi 3 faizi isə Azərbaycana dəstək verilməli olduğunu vurğulayıb. 66 faiz əhali ümumiyyətlə, bu münaqişədə Rusiyanın bitərəf qalmalı olduğunu düşünür.

Sorğunun nəticələrini şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, bu göstəricilər ilk olaraq Rusiya hökumətinin apardığı siyasətin nəticəsidir: "İkinci amil isə rus mediasının təbliğatıdır. Media çox böyük gücdür. Rusiyada isə media orqanlarının böyük əksəriyyəti erməni diasporasının birbaşa təsiri altındadır. Hətta rus saytlarının və qəzetlərinin çoxsunun siyasət şöbəsinin müdirləri bilavasitə erməni əsilli şəxslərdir. Ermənistan dövlətinin milli maraqları həmin media qurumları vasitəsilə əhali arasında təbliğ edilir”.

N.Mirinin sözlərinə görə, Rusiyada 7-dən 77-yə hər bir vətəndaş Ermənistanın Rusiyanın for-postu olduğunu və strateji müttəfiqi olduğunu çox gözəl anlayır: "Qeyd etdiyim bu üç faktor da ölkədəki ictimai rəyə təsir edir. Hətta deyərdim ki, bütün bunlar fonunda Rusiya əhalisinin 11 faizinin Ermənistanı dəstəkləməsi o qədər də böyük rəqəm deyil. Rusiyanın Ermənistana münasibəti fonunda toplumun rəyi çox kiçikdir”.

Politoloqun sözlərinə görə, Azərbaycana münasibət Rusiya hakimiyyəti səviyyəsində dəyişməlidir: "Bunun üçün də Rusiyanın media orqanlarında Azərbaycana yönəlik verilişər getməli, Azərbaycanın mövqeyi təlqin olunmalıdır. Rusiya ictimaiyyəti yalnız gözünün qarşısındakına inanır və birbaşa media vasitəsilə idarə olunur. Amma bizim media ilə işləmək baxımından çox ciddi çatışmazlıqlarımız var. Təkcə Rusiyada deyil, bütün dünyada belədir. Ancaq bu çatışmazlıq aradan qaldırıldıqdan sonra rus ictimai rəyində Azərbaycanın reytinqi daha yüksək ola bilər”.

Şəymən