"Rus və Azərbaycan bölmələri üzrə imtahanlar ayrılıqda aparılmalıdır"




"Rus bölməsi istiqamətində qəbul imtahanı verən abituriyentlərin Azərbaycan bölməsində təhsil alması düzgün deyil”.

Bunu Sherg.az-a Azərbaycan və rus bölmələrində təhsil alan bakalavrların tədris prosesində birləşdirilməsi və eyni bölməyə aid edilməsinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, Azərbaycanda 4481 orta ümumtəhsil məktəbi var, onun təxmini 300-də rus bölməsi fəaliyyət göstərir:

"Ali məktəblərə qəbul zamanı da rus bölməsi ayrılmalıdır ki, onların hüquqları tapdanmasın. 2012-2013-cü illərdə ali məktəblərə qəbul zamanı hər iki bölmə üzrə müsabiqə birlikdə keçirilmişdi. Amma 2016-cı ildən etibarən rus bölməsinə ödənişli əsaslarla qəbul ayrı-ayrılıqda aparıldı.

İkinci bir tərəfdən, rus bölməsinin abituriyentləri elə ixtisaslar var ki, ora az balla qəbul olurlar. Məsələn, Hüquq fakültəsinə Azərbaycan bölməsi tələbələri 550-dən yuxarı balla qəbul olursa, rus bölməsi daha az balla qəbul olur. Hətta 2016-cı ildə 250 balla belə bu ixtisasa qəbul olanlar var idi. Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 570 balla qəbul planlaşdırılıbsa, rus bölməsi bura 250 balla qəbul ola bilir. Rus bölməsinin abituriyentlərinin sayı az, plan yeri çox olduğuna görə demək olar ki, aşağı balla hər kəs qəbul ola bilir. Lakin qəbul olan abituriyentlərin də hüquqları qorunmalıdır”.

Rus bölməsi üzrə üstünlük və uğurun daha çox ödənişli əsaslarla olduğunu vurğulayan ekspertin sözlərinə görə, ödənişsiz əsaslarla rus bölməsinə qəbul olan abituriyentlərin faizi çox cüzidir:

"Azərbaycan bölməsi ilə müqayisə etsək, 98 faiz bu bölmə abituriyentləri ödənişsiz oxuyur, 2 faiz isə rus bölməsi. Yenə deyirəm ki, bölmələr üzrə imtahanlar ayrı-ayrılıqda aparılmalıdır. Çünki prioritet istiqamətlərindən biri xarici dil bilən savadlı kadrların yetişdirilməsidir. Əgər biz onları Azərbaycan bölməsi ilə bərabər tədris prosesini həyata keçirsək, onlar yaxşı mənimsəyə bilməzlər. Çünki rus bölməsi şagirdləri Azərbaycanca yaxşı bilsələr də elmi ədəbiyyatları ana dilimizdə yaxşı səviyyədə mənimsəyə bilmirlər. Bütün dünyada belədir ki, başqa dildə qəbul olan abituriyentlərin tədrisi yalnız imtahan verdikləri dildə həyata keçirilir”.

Aysel Aslan