"Rusiya ABŞ-ın münaqişənin həlli ilə bağlı vasitəçiliyinin qarşısını alır" - Şərh

"ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Qarabağ münaqişəsinin həllində fəallığından narahat olan Rusiya prosesi nəzarətə götürür”.
Bunu "Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Moksva hər vəchlə Amerikanın münaqişənin həllində vasitəçiliyinin qarşısını alır. Bunu ona görə edir ki, konfliktin həlli Moskvanın maraqlarına cavab vermir:
"Həmçinin, ABŞ-ın Ermənistan və Azərbaycana nəzarəti güclənməsindən narahatdır. Artıq, danışıqlar Boltonsuz, Rusiya XİN rəhbəri Sergey Lavrov, Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılacaq. Paşinyanın buna getməsi Moskvanın onun hakimiyyətinə zəmanət verməsindən və daxili təzyiqlərdən qaynaqlanır. Bununla Moskva Qarabağ münaqişəsinin həll prosesini əngəlləyəcək və öz şərtlərini diktə edəcək”.
Politoloq xatırladıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı David Tonoyanla görüşündə regionda Ermənistanı etibarlı müttəfiq adlandırıb və yeni hərbi texniki əməkdaşlığı qeyd edib: 
"Bu onu göstərir ki, Moskva şirnikləşdirici jestlərlə Ermənistanı öz orbitində saxlamağa çalışır və Qarabağ münaqişəsinin həllini ertələyir. Məlumat üçün bildirim ki, Paşinyan Qarabağla bağlı Rusiyanın mövqeyi ilə razılaşarsa, Vaşinqtonun siyasətinə qarşı gəlmiş olacaq. Rusiya Ermənistanda, xüsusən Qarabağ münaqişəsinin həllində artıq tarazlığı öz xeyrinə dəyişməyə başlayır və Ağ Evin vasitəçilik missiyasının qarşısını alır. Belə olan təqdirdə Minsk qrupunun həmsədrliyinə heç ehtiyac qalmır”.
İsmayıl