Rusiya Ermənistanı hava hücumundan qoruyacaq

Elxan Şahinoğlu: “Bizim məqsədimiz Ermənistana hücum etmək yox, torpaqlarımızı işğaldan azad etməkdir”
Azad İsazadə: “Rusiya Ermənistanın hava hücumundan müdafiə sistemini gücləndirməklə faktiki olaraq öz müdafiə sistemini gücləndirir”


Ermənistan parlamenti böyük səs çoxluğu ilə Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı sazişi ratifikasiya edib.

Ermənistan parlamentində 131 deputatdan 102-i qanun layihəsinin lehinə, 8-i əleyhinə səs verib. Qanun layihəsini parlamentə təqdim edən Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan bəyan edib ki, sazişin məqsədi Qafqaz regionunda HHM sisteminin təkmilləşdirilməsidir.

Qeyd edək ki, bununla da Ermənistan və Rusiya Hava Hücumundan Müdafiə Sistemlərini birləşdirmiş oldu. Müqavilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Seyran Ohanyan arasında imzalanıb. Sənədin imzalanması nazirlərin ikitərəfli görüşündən sonra baş tutub. Görüşdə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının arsenalının gücləndirilməsi və Ermənistana hərbi-texniki yardım məsələsi də müzakirə olunub. Sözügedən layihə Ermənistanda kütləvi etirazlara səbəb olub. Ermənilər küçələrə çıxaraq Rusiya əleyhinə etirazlarını bildiriblər.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, sözügedən layihənin ratifikasiyası Ermənistan qoşunlarının aprel döyüşlərində yaşadığı uğursuzluqla bağlıdır: "İndiki halda Ermənistan ancaq özünü müdafiə haqqında düşünür. Buna isə nə əsgəri gücləri, nə də pulları var. Ermənistan üçün müdafiə mərkəzi Rusiyadır. Onlar ölkənin bütün problemlərinin Rusiyanın çiyinlərinə yükləmək istəyir. Ancaq Rusiya ancaq Ermənistana olan hücumların qarşısını ala bilər. Bizim məqsədimiz isə Ermənistana hücum etmək yox, torpaqlarımızı işğaldan azad etməkdir. Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı sənədin ratifikasiyası bizim üçün ciddi əhəmiyyət kəsb eləmir. İki il bundan əvvəl ermənilər bizim torpaqlarımızda hərbi təlimlər keçirən zaman hava məkanımızı pozduqları zaman Ermənistan ordusunun hərbi təyyarəsini vurduq. Məgər Rusiya prosesə müdaxilə edə bildi? Aprel döyüşləri zamanı da biz Rusiyanın prosesə qarışmadığının şahidi olduq. Çünki onlar da bilir ki, döyüşlər Ermənistanla Azərbaycan sərhəddində yox, birbaşa Azərbaycanın işğal olunmuş torpaqlarında gedir.

Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollar kredit çərçivəsində olan silahları göndərməyə başlaması məsələsinə gəldikdə isə politoloq bunun da Azərbaycan üçün heç bir təhlükə vəd etmədiyini deyib: "200 milyon dolları o qədər şişirdirlər ki, sanki Ermənistanın hərbi qüdrəti bununla birə-beş artacaq. O məbləğdə ancaq 5-6 günlük müharibədə istifadə olunacaq silah-sursata çatar. Azərbaycan il ərzində hərbi təlimlərə, ordunun hərbi gücününün təkmilləşdirilməsinə milyardlarla dollar pul xərcləyir. Mənə elə gəlir ki, Ermənistan aldığı 200 milyon krediti necə qaytaracağı barədə düşünməlidir. Hələ bu qədər cüzi bir vəsaitlə Azərbaycanın qarşısında necə duruş gətirəcəyini demirəm”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın Ermənistanla hərbi əlaqələrini gücləndirməsi Azərbaycanın maraqlarına uyğun olmasa da, elə bir ciddi təhlükəsi də yoxdur: "Əsas odur ki, Rusiya Qarabağda baş verən hərbi proseslərə qarışmasın”.

Rusiya ilə Ermənistan arasında kollektiv təhlükəsizliyin Qafqazda regional birgə Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması ilə bağlı sazişin ratifikasiyasının Ermənistanda narazılıqla qarşılanmasına gəldikdə isə politoloq deyib ki, ermənilər indiyə qədər elə bilirdilər ki, rus əsgərləri onların əvəzinə Qarabağda döyüşəcək: "Amma aprel döyüşlərində gördülər ki, Rusiya prosesə birbaşa hərbi müdaxilədən çəkindi. Bu isə onların narazılığına səbəb olur. Ermənilər elə fikirləşir ki, əgər onlar öz ölkələrini Rusiyaya peşkəş ediblərsə, Rusiya da onları bütün təhlükələrdən qorumalı, hər problemlərini həll etməlidir. Rusiya isə onlara ancaq nökər kimi baxır deyə, cəmiyyətin bir hissəsi ayılıb.

Rusiya ilə Ermənistan arasında vahid hava hücumundan müdafiə sisteminin xeyli vaxtdır qurulduğunu və fəaliyyət göstərdiyini vurğulayan hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Ermənistanın hava hücumundan müdafiə sistemi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində çoxdan mərkəzləşib, Moskvada yerləşən ümumi mərkəzdən idarə olunur:

"Sadəcə, söhbət sistemi hansısa formada yenidən gücləndirməkdən, təkmilləşdirməkdən gedir. Məndə olan məlumata görə, hətta Dağlıq Qarabağda yerləşən hava hücumundan müdafiə sistemi də həmin vahid hava hücumundan müdafiə sisteminə qoşulub”.

Vahid hava hücumundan müdafiə sistemini gücləndirməyin səbəblərinə gəldikdə isə ekspert bildirib ki, Ermənistanın təkcə Azərbaycanla deyil, İran və Türkiyə kimi güclü ölkələrlə də həmsərhəd olduğunu yaddan çıxarmaq olmaz. O qeyd edib ki, Rusiya Ermənistanın hava hücumundan müdafiə sistemini gücləndirməklə faktiki olaraq öz müdafiə sistemini gücləndirir, əlavə yeni bir baryer yaradır: "Nəzərə almaq lazımdır ki, Yaxın Şərqdə cərəyan edən proseslər get-gedə keçmiş SSRİ-nin sərhədlərinə yaxınlaşır. Rusiya faktiki olaraq çalışır ki, konfliktləri bir az uzaqdan nəzarət altında saxlasın. Digər tərəfdən isə hava hücumundan vahid müdafiə sistemini gücləndirmək Azərbaycana əlavə təzyiq vasitəsidir”.

Hərbi ekspertin sözlərinə görə, bu gün regionda mövcud olan reallıq ən çox Rusiyanın maraqlarına cavab verir. Rusiya maksimum çalışır ki, mövcud status-kvonu qoruyub saxlasın, onu dəyişdirməsin. Çünki hazırda həm Ermənistan, həm də Azərbaycan Dağlıq Qarabağ məsələsinə görə istər-istəməz Rusiya ilə bağlıdırlar: "İki ölkəni birləşdirən, bəlkə də, yeganə cəhət hazırda məhz budur. Məsələn, təbii qaz məsələsində, enerji məsələlərində, habelə iqtisadiyyatın digər sahələri üzrə bizim Rusiya ilə bağlılığımız, daha doğrusu, asılılığımız yoxdur. Ermənistan isə asılıdır. Ancaq əfsuslar olsun ki, bunu Dağlıq Qarabağ məsələsi ilə bağlı demək olmur. Ona görə də stasus-kvo yalnız Rusiyanın maraqlarına cavab verir və Moskva maksimum çalışacaq ki, bu məsələdə heç bir dəyişiklik olmasın”.

Şəymən