Rusiya mediasında anti-Azərbaycan siyasəti...

Müşfiq Ələsgərli: “Rusiya KİV-lərinin əməllərini ifşa etmək lazımdır. Millət olaraq ayılmalıyıq”
Azər Həsrət: “Milyarder azərbaycanlılar var ki, şimal qonşumuzun mətbuatına pul xərcləmirlər və yaxud da ki, hansısa media orqanının səhmlərini alıb, ortaq olmurlar”



(Əvvəli ötən sayımızda)

Son günlər cəbhədə yaşanan silahlı toqquşmalar ərəfəsində əksər Rusiya telekanalları ölkəmizin əleyhinə təxribat xarakterli dezinformasiyalar yaydı. "Azərbaycan ağır itkilər verib” deyərək şişirdilmiş rəqəmlər təqdim edən bu televiziyaların məqsədi, xalqımızın döyüş əzmini qırmaq idi. Məhz buna görə də, az qala bütün Rusiya teleşirkətləri bir- birini təkrarlayan proqramlar hazırlayırdılar. Hətta bəzi teleməkanların verilişlərinə dəvət etdiyi qonaqlar da eyni idi.

Yəni proqramlara daha çox erməni mənşəli politoloq, jurnalist, deputat və alim dəvət edirdilər ki, onlar da dünyaya təxribat xarakterli məlumatlar üfürməklə məşğul idilər. Bir sözlə, cəbhədəki son gərginlik zamanı Rusiyadakı ermənilər kifayət qədər fəal iştirak edirdilər. Buna rəğmən Rusiyanın siyasi elitası, mətbuatı və təhsil həyatında təmsil olunan azərbaycanlılar sanki ağızlarına su alıb oturmuşdular. Oradakı səfirimiz Polad Bülbüloğlundan başqa bir nəfər ziyalı soydaşımızın tribunaya çıxıb, düşmənin informasiya təxribatının qarşısının alınması yönündə açıqlama verməsinin şahidi olmadıq. Maraqlıdır ki, görəsən nədən bu ölkədəki ziyalılarımız, tanınmış telejurnalist və elm adamlarımız susqunluq nümayiş etdirdilər və Azərbaycana dəstək xarakterli açıqlamalar vermədilər?

Sualımızı cavablandıran Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Şərq”ə söyləyib ki, Rusiya mediasının bu cür davranışı KİV haqqında beynəlxalq prinsiplərə ziddir. Hansı ölkədə olmasından asılı olmayaraq mətbuat həqiqəti işıqlandırmalıdır. Balanslı informasiya verməlidir: "Ancaq son hadisələr göstərdi ki, Moskva KİV haqqında prinsiplərə məhəl qoymur. Medianın balanslı davranması, milli qanun deyil, beynəlxalq prinsipdir. Bütün ölkə KİV-ləri buna əməl etməlidirlər. Rusiya media orqanları həmin prinsipi pozursa, deməli, başqa əsaslarla fəaliyyət göstərir”.

Təşkilat sədri qeyd edib ki, Rusiyanın bütün deyil, əksər media orqanları ölkəmizə qarşı təxribat xarakterli informasiyalar yaymaqla məşğul idilər: "Həmin mətbuat vasitələrinin fəaliyyətini araşdırdıq. Məlum oldu ki, onların rəhbərliyində və ya idarəçiliyində ermənilər iştirak edir. Doğrudur, adları Rusiya KİV-i gedir. Amma rəhbərliyində ermənilər təmsil olunur. O media quruluşlarını Rusiyada yaşayan ermənilər təsis edib. Onların vasitəçiliyi ilə də ölkəmizə qarşı dezinformasiyalar yayırlar”.

M.Ələsgərli diqqətə çatdırıb ki, bu məsələnin növbəti dəfə təkrarlanmaması üçün Azərbaycan tərəfi aktiv olmalıdır: "Həm media quruluşlarımız, həm də dövlət qurumlarımız onlara etiraz göndərməlidirlər ki, bu informasiyalar yanlışdır və bu cür davranmaq olmaz. Bir sözlə, Rusiya KİV-lərinin əməllərini ifşa etmək lazımdır. Millət olaraq ayılmalıyıq. Əslində Rusiyadakı azərbaycanlıların sayı oradakı ermənilərin sayından çoxdur. Baxmaq lazımdır ki, onlar necə təşkilatlanır, necə müdafiə olunur, necə öz ölkələrinin təəssübünü çəkirlər. Biz azərbaycanlılar da o cür davranmalıyıq. Rusiyada yaşayan iş adamlarımız, ziyalılarımız var. Onlar ictimai-siyasi mühitə də baş vurmalıdırlar ki, həm özlərini qorusunlar, həm də ölkəmizə faydaları keçsin. Azərbaycanın oradakı vətəndaş cəmiyyəti institutları ayıq-sayıq olmalıdır. Məsələlərə həssas yanaşmalıdırlar. Narazılıqlarını bildirməlidirlər ki, bu cür hərəkətlər yolverilməzdir. Cəmiyyətə də izah edilməlidir ki, Rusiyada erməni təxribatı ilə məşğul olan rus KİV-lər var. Onlar haqqında da Azərbaycan cəmiyyəti məlumatlı olmalıdır. İctimaiyyətə bildirilməlidir ki, bəzi Rusiya telekanalları, sayt və qəzetlərinin ölkəmizlə bağlı təxribat xarakterli məlumatlarını ciddi qəbul etməsinlər”.

Həmsöhbətimizin sözlərinə görə, hələlik bizim diaspor təşkilatları Ermənistan diaspor təşkilatından azdır: "Ermənilər bu məsələlərə uzun zaman sərf ediblər. Bizim diaspor təşkilatlanması və təxribatlara cavab vermə baxımından təcrübəmiz çox deyil. Diaspor təşkilatlarımıza Azərbaycandan kifayət qədər dəstək verilir. Gərək onlar ölkəmizdən aldıqları dəstək və öz imkanları hesabına bu işi yaxşı qursunlar. 20 ildən çoxdur ki, Azərbaycan diasporunun təşkilatlanması işinə böyük məbləğdə maliyyə vəsaiti ayrılır. Hansı problemləri varsa, müzakirə edib, aradan qaldırmaq lazımdır. Düzdü, diaspor təşkilatları qeyd edirlər ki, əksər xarici ölkədə ermənilərə şərait yaradır, amma onlara imkan vermirlər. Bunu ciddi qəbul etmirəm. Rəsmi qəzetlərə və televiziyalara çıxa bilmirlərsə, internet resursları yaratsınlar. Bu yolla aktivlik nümayiş etdirə bilərlər. Lakin eləmirlər. Hesab edirəm ki, bu, ümumi problem deyil. Diaspor təşkilatlarımızın passivliyi ilə əlaqədardır. Məsələ təcili şəkildə yoluna qoyulmalıdır”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də bildirib ki, burada təəccüblü heç nə yoxdur. Çünki Rusiya KİV-nin yalnız Azərbaycana deyil, qonşu dövlətlərə də münasibətləri həmişə qərəzli olub: "Uzun zamandır Moskva Ukraynaya qarşı təxribat aparır. Gürcüstanla da bağlı eyni təbliğatı aparıb. Azərbaycanla bağlı da oxşar təbliğatı aparır. Nədən Rusiya mediası erməniləri dəstəklədi? Bu, qətiyyən Rusiya hakimiyyətinin proseslərə münasibəti kimi dəyərləndirilə bilməz. Məsələ ondadır ki, bunun günahkarlarından biri də biz özümüzük. İş orasındadır ki, əslən azərbaycanlı olub Rusiyada yaşayan və böyük məbləğdə pullar qazanan çoxlu sayda soydaşlarımız var. Onlar kifayət qədər tanınır. Hamı onlara sayğı göstərir. Kifayət qədər tanınmış adamlardır. Amma o adamların heç birinin Rusiya mediasında rolu yoxdur. Hətta milyarder azərbaycanlılar var ki, şimal qonşumuzun mətbuatına pul xərcləmirlər və yaxud da ki, hansısa media orqanının səhmlərini alıb, ortaq olmurlar. Amma bizə qarşı təbliğatda iştirak edən Rusiya telekanallarının başında ermənilər durur. Həmin ermənilər də öz ölkəsi üçün çalışır. Rusiyada sayca ermənilərdən çox olsaq da, oradakı milyarderlərimiz və diaspor nümayəndələrimizin bivecliyi üzündən bu ölkə mediasında yüksək səviyyədə təmsil oluna bilmirik. Belə məqamda da Rusiya mediası ölkəmizə qarşı işləyir. Bax, səbəb yalnız bundan ibarətdir. Əslində, Rusiyadakı milyarderlərimizin əlində bir neçə televiziya kanalı olsaydı, son hadisələr zamanı onlar Azərbaycanın mövqeyindən çıxış edə bilərdilər”.

CASCFEN sədrinin fikrincə, uzun illər Azərbaycana qarşı erməni təcavüzünün yanında yer alan və onu dəstəkləyən Qərb mediası bu dəfə Azərbaycana qarşı olmadı: "Hadisələri daha balanslı və obyektiv şəkildə işıqlandırmağa çalışdı. Bu isə o deməkdir ki, əlimizdə Rusiya mediasına çıxış imkanları olsaydı, Qərb mətbuatı ilə səs-səsə verib, balanslı şəkildə Azərbaycanın təbliğatını qura bilərdik. Təəssüflər olsun ki, oradakı milyarderlərimiz hansısa yarıçılpaq

müğənniyə milyonlar xərcləməyə həmişə hazırdırlar. Lakin Azərbaycanın haqq işində söz demirlər. Hətta bəyanatlarını belə eşitmirik. Bu adamlar adi bir çıxış edib, fikirlərini bildirmirlər. Bax, problem bundadır”.

Rusiyada fəaliyyət göstərən "Kommersant” qəzetinin azərbaycanlı baş redaktoru Azər Mürsəliyevin fəaliyyətindən söz açan A.Həsrət söyləyib ki, A.Mürsəliyev əlindən gələni edir: "Onun Rusiya hakimiyyət dairələri ilə qohumluq əlaqələri də var. A.Mürsəliyev müəyyən çərçivədən kənara çıxa bilməz. Məsələ ondadır ki, A.Mürsəliyev kimilərinin sayı çox deyil. Sayları çox olsaydı, əl-ələ verib ümumi ictimai rəyə təsir edib, öz fikirlərini və ölkəmizin haqlı mövqeyini daha geniş işıqlandıra bilərdilər. Rusiya kimi böyük ölkədə təkbaşına hərəkət etmək asan məsələ deyil”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb