Qanunu sərtləşdirməklə rəsmi Moskva qeydiyyatda olmayan əcnəbiləri çıxarmaq niyyətindədir
Rusiyada yaşamaq və işləmək istəyənlərə yeni ağır tələblər qoyulub. Belə ki, ölkədə müvəqqəti qeydiyyatdan keçmək istəyən miqrantlar üçün rus dili, tarix və hüquq üzrə kompleks test mürəkkəbləşdirilib. Bu barədə Rusiya Xalqlar Dostluğu Universitetinin xarici tələbələr üzrə prorektoru Anjela Doljikova bildirib.
Dəyişikliyi "Şərq”ə şərh edən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov deyib ki, yeni qaydalar Rusiya ərazisində əməkçi miqrant qismində yaşayanlara, xüsusilə də vizasız gediş-gəliş olan ölkə insanlarına şamil olunacaq: "Dəyişikliklər hələlik keçən ildən əməkçi miqrant kimi qeydiyyatdan keçən və patent əsasında fəaliyyət göstərənlərə şamil olunmayacaq. Əmək patentinin müddəti başa çatdıqdan sonra isə həmin miqrantlar yeni patent əldə etmək üçün təzə qaydalara əsasən imtahan verməli olacaqlar. Xatırladım ki, bu gün Rusiyada 562 min azərbaycanlı yaşayır. Bəlli səbəblərə görə, bu rəqəm hər ay azalmaq üzrədir. Əgər keçən ilin oktyabr ayında Rusiyadakı azərbaycanlıların sayı 615 min idisə, bu ilin mart ayına olan məlumata görə, soydaşlarımızın sayı 562 min nəfərə düşüb. Onların içində təqribən 78 mini 17 yaşa qədər olan şəxslərdir. Həmin azyaşlılar əmək fəaliyyəti ilə məşğul olmadıqlarına görə, yeni imtahan qaydaları onlara tətbiq olunmayacaq”. Ekspert deyib ki, əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlıların sayı 484 min nəfər olaraq göstərilir: "Amma əslində bəllidir ki, bu qədər azərbaycanlının hamısı əmək fəaliyyəti ilə məşğul olmur. Çünki 484 min nəfərin içində heç bir fəaliyyətlə məşğul olmayan 150 min nəfər qadın var. Buradan belə çıxır ki, Rusiyada əmək fəaliyyəti ilə məşğul olanların təxmini sayı 200 min nəfərdir. Yerdə qalan 100 min azərbaycanlı isə qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olur. Onların da Rusiyada qalma müddəti 90 gündür. Deməli, əmək fəaliyyəti ilə bağlı tələb olunan 1 illik patent kvota çərçivəsində çalışan sadəcə 200 min azərbaycanlıya şamil olunacaq. Ona görə də biz tövsiyə edirik ki, miqrantlarımız rus dili kurslarına getsinlər, Rusiya tarixi ilə bağlı müəyyən biliklərə yiyələnsinlər ki, imtahanlarda problem yaşamasınlar”.
İsmayıl