Rusiya Qarabağdakı erməni xuntanı “yemləyə” bilmir

Ona görə qondarma rejimin başçısı Fransaya üz tutub




Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqların intensivləşdiyi bir dövrdə çıxılmaz vəziyyətə düşən separatçı erməni rejimi Avropaya üz tutub. Narahatlıq sindromu yaşayan Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan Fransaya gedib. Məlumata görə, Saakyan Fransada "Hayastan” ümumerməni fondunun əməkdaşları və ianə toplanışına cəlb olunan yeni könüllülərlə görüşüb.

Azərbayacn Xarici İşlər Nazirliyi Saakyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya səfərini kəskin tənqid edib: "Təəssüflə qeyd edirik ki, Ermənistanın diplomatik pasportu ilə Avropaya səyahət edən Bako Saakyan Şengen viza qaydalarını pozub. Lakin Fransanın öhdəliklərinə zidd davranaraq, səfərin qarşısının alınması üçün heç bir tədbir görməyib”. Maraqlıdır ki, bir müddət əvvəl İspaniyada Kataloniya hadisələri baş verərkən Avropa ölkələri birmənalı şəkildə muxtar vilayətin separatçı rəhbərliyinin keçirdiyi referendumu tanımadı. 

Amma Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Fransada istədiyi kimi gəzir, görüşlər keçirir. Deməli, Avropa İttifaqının separatçı rejimlərlə bağlı ciddi addımlar atmaq "niyyəti” səsləndirilən fikirlərlə üst-üstə düşmür. Çünki bir separatçı rejimin rəhbərinin həbs edilməsi, digərinə isə qucaq açmaq ikibaşlı yanaşmadır. 

Məsələni şərh edən politoloq Natiq Miri bildirib ki, separatçı rejimin rəhbərinin səfəri Avropanın güclü dövlətlərindən biri olan Fransadakı erməni lobbisinin təşkilatçılığı ilə baş tutub. Onun sözlərinə görə, Saakyanın Fransaya səfəri yalnız dilənmək üçün təşkil olunub: 

"Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərinin Fransaya səfəri geosiyasi strateji əhəmiyyətə malik deyil. Görünür, Qarabağ erməniləri, xüsusilə hərbiləşmiş mafiya yenidən pulsuzlaşıb. Maliyyə dəstəyini Ermənistandan ala bilməyən qondarma rejim üzünü Rusiyaya deyil, birbaşa Avropaya çevirib. Çünki Rusiyadakı erməni lobbisi əvvəlki illərdə olduğu kimi Qarabağdakı erməni xuntanı "yemləyə” bilmir. Bu baxımdan düşünürəm ki, Saakyanın səfəri Fransadakı güclü erməni lobbisinin bilavasitə təşkilatçılığı ilə baş tutub. 

Eyni zamanda onu da qeyd edim ki, Avropa İttifaqı kimi Fransa da ikili standartlarla çalışan bir ölkədir. Bütün addımlar yalnız Fransa dövlətinin geosiyasi maraqları çərçivəsində atılır. Fransa hakimiyyəti bütün seçkilərdə güclü erməni lobbisinin dəstəyinə ehtiyac duyduğu üçün onların bu yöndəki fəaliyyətinə və istəklərinə qırmızı xətt çəkmək istəmir. Ona görə də rəsmi Paris bu kimi məsələlərə ikili standartlardan yanaşır”.

İsmayıl