“5 rayonun qaytarılması fonunda sülhməramlıların yerləşdirilməsi Dağlıq Qarabağ probleminin “n” qədər də geriyə atılması deməkdir”
Aprelin əvvəlində Qarabağda baş verən 4 günlük müharibədən sonra münaqişənin həlli ilə bağlı bir sıra təkliflər səslənməkdədir. Bu təkliflər sırasında Dağlıq Qarabağ ətrafı rayonlarından mərhələ-mərhələ işğalçı Ermənistan ordusunun çıxarılması və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi də var. Əslində, bu məsələ "Madrid prinsipləri”nin bir elementidir.
Rusiyanın ATƏT-dəki rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç isə hələ 90-cı illərdən Dağlıq Qarabağdakı münaqişə bölgəsinə sülhməramlıların yerləşdirilməsi iddialarının olduğunu deyib: "Lakin bu, yekun həll mərhələsində baş tuta bilər, indi isə yekun həll variantı yoxdur. ATƏT katibliyinin nəzdində yüksək səviyyəli görüşlərin planlaşdırma qrupu fəaliyyət göstərir. Onlar münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi planının sxemini hazırlaya bilər. Yəni ki, ATƏT üçün bu, aşkar hədəflərdən biridir. Hansı qüvvələr? Hələ ki, bunlar xəritədə çəkilən sxemlərdir. Üzv ölkələr müntəzəm olaraq həmin xəritə ilə tanış olur”.
Rusiyalı diplomat sülhməramlı qüvvələrin yerləşməsi üçün konkret planın da olduğunu deyib. "Planlaşdırma qrupu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə sıx əlaqədədir. Onlar təmas xəttində ərazilərin baxışını keçirir və sülhməramlı qüvvələrin yerləşdiriləcəyi əraziləri xəritədə qeyd edirlər. Münaqişənin həlli prinsipləri aydınlaşdıqdan sonra sülhməramlı qüvvələr bölgəyə yerləşdiriləcək”. Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsinin zaman-zaman gündəmə gəldiyini vurğulayan hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın buna razılıq verib-verməyəcəyinin uzun bir müzakirə mövzusu olduğunu deyib: "Əslində Rusiya da Azərbaycanın belə bir şeyə razı olmayacağını çox gözəl bilir.
İndiki halda sülhməramlılar məsələsinin gündəmə gəlməsi kimlərinsə istəyindən irəli gələn fərziyyələrdir və sülhməramlı qoşunların regionda yerləşdiriləcəyi anlamına gəlməməlidir. Qarabağda sülhməramlı qoşunların təşkili və hansı qüvvəllərdən ibarət olacağı sülh prosesinin gedişatından asılıdır. Yəni sülhlə bağlı prinsipial razılıq əldə olunacağı və bu istiqamətdə konkret addımlar atılacağı təqdirdə sülhməramlı qüvvələr haqqında konkret söhbət aparmaq olar. Ancaq hazırda vəziyyət elədir ki, bu barədə danışıqlar aparılmır və bu, heç mümkün də deyil. Bu barədə yayılan söhbətlər əsassızdır. BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsində sadə və anlaşılan dildə yazılıb ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından qeyd- şərtsiz çıxarılmalıdır. Belə olan halda sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsinə nə gərək var ki?! Rusiya Azərbaycan əvəzindən hansısa qərarları qəbul etmək iqtidarında olmadığı üçün onların nə düşündükləri bizim üçün o qədər də əhəmiyyətli deyil. Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına uyğun deyil. Çünki 5 rayonun qaytarılması fonunda sülhməramlıların yerləşdirilməsi Dağlıq Qarabağ probleminin "n” qədər də geriyə atılması deməkdir. ATƏT-in planlaşdırma qrupunun Qarabağda sülhməramlı qüvvələr yerləşdirmək planını cızması hər şey demək deyil. Həlledici rolu Azərbaycan dövlətinin qərarları oynayır. Ölkə rəhbərliyinin isə Azərbaycanın milli maraqlarına
xələl gətirəcək bir qərara razılıq verəcəyini zənn etmirəm. Çünki bu, Azərbaycanın birbaşa suverenliyinə təhdiddir, müstəqilliyi üçün problem yarada bilər. O cümlədən, torpaqların məhz BMT nizamnaməsi çərçivəsində həllində heç bir halda müsbət dönüş yarada bilməz. O baxımdan, Rusiyanın bu təklifi yolverilməzdir”.
Şəymən