Rusiya turistləri Türkiyədən sonra Azərbaycanı seçib

“Turist paketində keçmiş sovet dövründən gələn ənənələri bərpa etmək lazımdır”



Rusiyanın paytaxtında Moskva Beynəlxalq Səyahət və Turizm sərgisinin açılışı olub. Keçirilən sərgidə Azərbaycan ayrıca stendlə təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yaradılan stenddə ölkəmizi 30-dan çox şirkət təmsil edir.

Sərgidə Azərbaycanın yay və qış turizm, dağ-xizək kurortlarının imkanları da nümayiş olunub. Sərgi çərçivəsində turizm sahəsi üzrə dünyanın bir sıra nüfuzlu ekspertlərinin iştirakı ilə konfrans keçirilib. Konfransda region ölkələrinin turizm potensialının reytinqi açıqlanıb. Xarici ekspertlər son illər Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini vurğulayıblar.

Ekspertlərin sözlərinə görə, rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələr arasında Azərbaycan Türkiyədən sonra ikinci yerdədir. Siyahıda üçüncü yerdə isə Gürcüstan qərarlaşıb.

Ölkəmizə gələn turistlərin sayının çoxalması təbii ki, sevindirici haldır. Bəs turizmin daha da inkişafı və Azərbaycana gələn turist axınının azalmaması üçün hansı tədbirlər görülə bilər?

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Eldar Aslanovun "Şərq”ə açıqlamasına görə, Rusiyanın coğrafi mövqeyi çoxlu turist ixrac etmək baxımından olduqca əlverişlidir. İqlim, coğrafi yaxınlıq və turist paketlərinə görə Türkiyədən sonra Azərbaycanın seçilməsi son bir neçə ildə ölkəmizdə aparılan məqsədyönlü siyasətin nəticəsidir: 

"Turizmlə bağlı yol xəritəsində bizim əsas hədəfimizdə qonşu ölkələr dururdu. İrandan da ölkəmizə yaxın günlərdə, xüsusilə Novruz bayramında turistlər gələcəklər. Həmçinin Gürcüstandan çoxlu turistlər gəlir. Amma Rusiyadan gələn turistlər liderlik edir. Çünki bizim ənənəvi mədəni əlaqələrimiz də bunu söyləməyə əsas verir. 

Vacib olan məsələ bu dinamikanı qorumaq, Rusiyadan gələn turistlərin sayını ildən-ilə artırmaq, onlar üçün təklif olunan xidmətlərin növlərini də müxtəlif etməkdir. Rusiyadan gələn turistlər əsasən ənənəvi sanatoriyalar-Naftalan, İstisu, Duz dağına gedirlər. Turist paketində keçmiş sovet dövründən gələn ənənələri bərpa etmək lazımdır. Rusiyanın hansı subyektləri ilə bizim həmin əlaqələrimiz var idisə, o əlaqələri daha da genişləndirsək daha yaxşı olar. Təbii ki, yay turizm mövsümü olaraq rusiyalı turistlər üçün Xəzər dənizinin sahilləri cəlbedici görünür. Rus turistləri seçkin turistlərdir, onlar seçməyi, komfortu, əylənməyi çox sevirlər. 

Ona görə də bizim turizm sənayesinin üzərinə böyük yük düşür. Onlar müştərilərinin davamlılığını təmin etmək üçün gələn turistlərin məmnunluğunu diqqətdə saxlamalı, məmnun etməlidir ki, növbəti illərdə onların sayı artsın”.

Yeganə Bayramova