Rusiya və İsrailin "kürd sevdası" haradan qaynaqlanır ? - Açıqlandı

Elxan Mehdiyev:"Türkiyə və İran kürdlərin istifadəsi üçün hədəfdir"


"Sovet hökuməti dönəmindən bu yana kürd üsyanlarına köməklik edilib”.

Bunu Sherg.az-a Rusiya prezidenti Vladimir Putinin kürd xalqı haqqında açıqlamalarını şərh edərkən politoloq Elxan Mehdiyev deyib. 

O bildirib ki, hazırda İraqda fəaliyyət göstərən siyasətçi Məsud Bərzaninin atası da vaxtilə Kürd Azadlıq Hərəkatı adı ilə kürdlərin mövqeyini müdafiə edib:

"Yaxın Şərqdə ad çıxaran bu hərəkatı da Sovet hökuməti müdafiə edir, onları "komminist çətiri” altında saxlamağa çalışırdı. Bu ənənə zamanla davam edib. 90-cı illərdə 1-ci İraq savaşından sonra isə orada kürdlərin üzərində daha çox amerikanlar nüfuz qazandılar. İraqın şimalında Kürd muxtariyyətinin yaradılmasında da biləvasitə amerikanlar rol oynadı. Həmin əraziləri uçuşa qadağan zona elan edib, Səddam Hüseynin ora girməsinə imkan vermədilər. Bununla da həmin ərazidə Məsud Bərzani və Cəlal Talabaninin rəhbərliyi ilə Kürdüstan muxtariyyəti quruldu. Hazırda onlar müstəqilliyə yaxındırlar.

İkinci Kürd qrupları isə hazırda davam edən Suriya münaqişəsində ortaya çıxdı. Görünən odur ki, həm Amerika, həm də Rusiya həmin qüvvələrdən İŞİD-ə qarşı istifadə edir. Amerikan qüvvələri onlardan daha çox Asiyada da istifadə etməyə çalışırdı. Amma bu məsələdə Bəşşar Əsədlə münasibətləri pozmamaq şərti ilə hərəkət edirlər. Bu baxımdan ruslar Suriyada ən böyük söz sahibi olduğundan, kürdlərin də orada təşkil edilmiş qüvvə olmasını, tarixi bir rəğbət qazandığını nəzərə alaraq onlardan ölkədə özlərinin maraqları üçün istifadə etdiklərini deyə bilərik. Həm Türkiyə, həm İran kürdlərin istifadəsi üçün hədəfdir. Həmçinin amerikanlar kürdlərdən Suriya mərkəzi hökumətinə qarşı istifadə edirlər. Kürdlər orada qeyri-türk, qeyri-iran ünsürlər olduğundan böyük dövlətlərin də böyük maraqları var ki, gələcəkdə qeyri-ərəb və qeyri-türk dövlət yaransın”.

E.Mehdiyev onu da əlavə edib ki, həmin ərazilərdə qeyri-ərəb, qeyri-türk dövlətinin yaranmasında İsrail dövləti də maraqlıdır:

"Çünki onun da ərəblərlə münaqişəsi var və bölgədə qeyri-ərəb dövlətin yaranmasını istəyir. Təbii hazırda məsələ heç də dövlət yaratmaq deyil, bu istiqamətdə kürd mahalı, kürd vətəni yaratmaq səyləri gedir. Bunlar Türkiyə ilə ziddiyyətə gətirib çıxarır. Onlar PKK-ya yaxın qüvvələr olduğundan Türkiyənin Rusiya və Amerika ilə indiki dönəmdə fikir ayrılığı elə kürdlərə görədir. Bu baxımdan kürdlər orada həm ruslara, həm amerikanlara kömək edir. Bu mənada Putin onlarla xoş münasibətdədir”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin: "Rusiya həmişə kürd xalqı ilə münasibət saxlayıb və onları korlamağa heç bir əsas yoxdur” –deyə açıqlama verib.

Aysel Aslan