Rusiya Xəzəryanı ölkələri qana çəkir

“Xəzər vasitəsilə Rusiyanın Suriya ərazisini bombardman etməsi əzələ nümayişindən başqa bir şey deyil”



Ötən gün Rusiya hərbi gəmilərinin Xəzər dənizindən Suriya ərazisinə raket zərbələri endirməsi Kremlin Xəzər dənizi ilə bağlı indiyədək göstərdiyi mövqeni alt-üst edib. Belə ki, Rusiya rəsmiləri dəfələrlə Xəzər dənizini "sülh dənizi” adlandırıb və Xəzərdə hərbi əməliyyatların aparılmasının mümkünsüzlüyünü qeyd edib.

Başqa diqqət çəkən məqam ondan ibarətdir ki, Rusiya İŞİD hədəflərini fərqli üsullarla rahat şəkildə vura bilərdi. Məsələn, Aralıq dənizi vasitəsilə Suriya ərazisindəki İŞİD hədəflərinin vurulması daha effektli olardı. Çünki Aralıq dənizi həmin hədəflərə yaxındır və orada Rusiyanın hərbi bazası var. Bəs Rusiyanın bu cür addım atmasının səbəbləri nədir?

Qərb qorxuya salıb

NATO-nun Baş katibi Yens Stoltenberq ötən gün Rusiyanın Xəzər dənizindəki hərbi donanmasının Suriyaya qanadlı raketlərlə zərbələr endirməsindən narahatlığını bəyan edib. Bundan başqa, Baş katib hərbi blokun Türkiyəni istənilən xarici təhlükələrdən qoruyacağını vurğulayıb: "NATO bütün müttəfiqlərini, o cümlədən Türkiyəni bütün təhlükələrdən qorumağa hazırdır. Müntəzəm olaraq vəziyyəti Türkiyə hökuməti ilə birlikdə gözdən keçiririk”.

Rusiyanın Suriyada möhkəmlənmək niyyəti...

Türkiyənin Hatay, Mardin və Kilis bölgələrində NATO-nun "Patriot” hava hücumundan müdafiə sistemi qurulacaq. Bununla da ölkədə "Patriot” qurğuları yerləşdiriləcək bölgələrin sayı 6-ya çatacaq. Xatırladaq ki, 2013-cü ilin fevralında Türkiyənin Qaziantep, Şanlıurfa və Adana əyalətlərində "Patriot” sistemi qurulub.

NATO Baş katibi Yens Stoltenberqin sözlərinə görə, oktyabrın 8-də alyansın müdafiə nazirlərinin görüşündə "Patriot” sisteminin gələn il də ölkə ərazisində saxlanılması imkanları müzakirə ediləcək. Baş katib Rusiyanın Suriyada yalnız Hərbi Hava Qüvvələrini deyil, həmçinin, hərbi dəniz kontingentini də gücləndirdiyini iddia edib: "Mən dəqiq rəqəmlər səsləndirməyəcəm, ancaq deyə bilərəm ki, Rusiya Suriyada öz hərbi iştirakını əhəmiyyətli dərəcədə gücləndirir”.

"Burada siyasi mesaj var”

Politoloq Elxan Şahinoğlu deyib ki, raket zərbələri Rusiyanın xarici siyasətindəki ziddiyyətli məqamın göstəricisidir: "Bir tərəfdən Prezident Putin, xarici işlər naziri Lavrov bəyan edir ki, Xəzər "sülh dənizi” olmalıdır. Bu dəniz əməkdaşlıq üçün platforma rolunu oynamalıdır. Lakin hazırkı məqamda Rusiya Xəzər dənizi vasitəsilə Suriya ərazisinə raketlər atır. Bu zaman isə sahilyanı dövlətlər təşvişə düşür və həmin dövlətlərin təhlükəsizliyi ciddi təhdid altında qalır. Həmin raketlərdən biri qüsurlu olsa, Azərbaycanın, eyni zamanda digər Xəzəryanı dövlətlərin neft və qaz yataqları üzərinə düşə və ciddi itkiyə səbəb ola bilər. Bu əslində bir siyasi mesajdır. Rusiya əslində bildirmək istəyir ki, Xəzər Rusiyanın nəzarəti altındadır. Moskva bir növ əzələ nümayişi etdi. ABŞ və Türkiyə son zamanlar genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirirdi. Rusiya da bildirmək istədi ki, onların hərbi gücü heç də ABŞ-dan, NATO ölkələrindən, Türkiyədən geri qalmır”.

"Rusiya təhlükəli oyuna girişib”

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın son dövrlər yeritdiyi xarici siyasət Rusiya-Türkiyə münasibətlərini gərginləşdirib: "Bütün bu faktları bir yerə yığdıqda görə bilərik ki, Rusiya təhlükəli oyun oynayır. Rusiyanın İŞİD mövqelərini bombardman etməsinə irad yoxdur. Lakin Rusiya eyni zamanda Əsəd rejiminə yardım etmək istəyir. Buna görə də Rusiya-Türkiyə münasibətləri çox pis vəziyyətdədir. Düşünürəm ki, Rusiya bu hərbi əməliyyatları İranla razılaşıb həyata keçirir. Çünki həmin raketlər İran və İraq ərazisindən Suriya ərazisinə atılır. Lakin Rusiya digər Xəzəryanı dövlətləri xəbərdar etməli idi”.

"Rusiya İŞİD hədəflərinə yox, Suriya müxalifətinə zərbələr endirir”

Siyasi şərhçi Rasim Musabəyov isə bildirib ki, Rusiya əslində Əsədə qarşı vuruşan Suriya müxalifətini darmadağın edir: "ABŞ Dövlət Departamenti belə bir bəyanatla çıxış edib ki, Rusiya zərbələrinin 90 faizi heç də İŞİD hədəflərinə gedib çatmır. Rusiyanın Xəzər dənizini "sülh dənizi” adlandırmasına heç kəs inanmırdı. Xəzər vasitəsilə Rusiyanın Suriya ərazisini bombardman etməsi əslində əzələ nümayişindən başqa bir şey deyil”.

"Moskva Xəzərdəki hərbi əməliyyatlarla bağlı izahat verməlidir”

Politoloq Fikrət Sadıqov deyib ki, Xəzər dənizinin hərbi əməliyyatlar meydanı kimi istifadə edilməsi Xəzəryanı dövlətlər üçün böyük təhlükədir: "Rusiya bəyan edir ki, bu mübarizə bəşəriyyətə ciddi təhlükə törədən terrorizmə qarşı yönəlib. Lakin düşünürəm ki, Rusiya Xəzərdəki hərbi əməliyyatlarla bağlı izahat verməlidir”.

İsmayıl