Rusiya yenidən müharibənin başlamasını istəmir

Artıq rəsmi Bakının verdiyi suallara cavab tapmağın zamanı çatıb
Azərbaycan tərəfi köhnə və yeni Madrid prinsipləri başda olmaqla bütün mümkün variantları ortaya qoyub

"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar vasitəsilə aradan qaldırıla bilər”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. XİN rəhbəri bildirib ki, müxtəlif formalarla davam etdirilən və uzun sürən danışıqlar prosesi ərzində razılaşmalara dəfələrlə yaxın olunub. Lakin sonralar tərəflərin etimadsızlıq instinkti işə düşüb:

"İşi davam etdirmək lazımdır. Danışıqların gedişində müəyyən prinsiplər işlənib hazırlanıb. Ancaq çox incə məsələlərə, o cümlədən daxili siyasət məsələlərinə təmas edən bir sıra mürəkkəb detallar razılaşdırılmalıdır”. Lavrov sonda əlavə edib ki, istənilən şəraitdə səyləri dayandırmaq olmaz: "Bildiyiniz kimi, Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri olan ölkədir. Biz müntəzəm görüşürük, üçlük çərçivəsində bundan sonra da hələlik razılaşdırılmamış xırda, amma çox ciddi detalları necə həll edəcəyimiz barədə düşünəcəyik”. 

Lavrovun açıqlaması ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyev deyib ki, Rusiya rəsmisinin bəyanatı həmsədrlərin regiona səfəri öncəsi xüsusilə gündəmə gətirilib:

"Həmsədrlər əvvəlcə Ermənistana, oradan Dağlıq Qarabağa, son olaraq Azərbaycana səfər edəcəklər. Məsələ burasındadır ki, artıq rəsmi Bakının verdiyi suallara cavab tapmağın zamanı çatıb. Azərbaycan tərəfi köhnə və yeni Madrid prinsipləri başda olmaqla bütün mümkün variantları ortaya qoyub. Vasitəçilər və düşmən tərəf mövqeyini konkret bəyan etməlidir. Şübhə yoxdur ki, Rusiya bölgədə yenidən müharibənin başlamasını istəmir. Məhz bu səbəbdən hər fürsətdə danışıqlar yolunu vurğulayır. Lakin ATƏT-in Minsk qrupunun digər həmsədrləri kimi Moskva təzyiq mexanizmlərindən demək olar ki, istifadə etmir”.

İsmayıl