Rusiyalı milyarderdisə, anlayır

Sterliqov bilir ki, işğal olunmuş Qarabağda biznes qurmağın aqibəti yaxşı olmayacaq



İşğal altında olan Dağlıq Qarabağ ərazisinə köçməsi ilə gündəmə gələn məşhur rusiyalı milyarder, ölkənin ən qeyri-adi sahibkarı German Sterliqov Rusiyaya qayıtmaq qərarına gəlib. Bu barədə onun özü Şuşa şəhərində keçirdiyi mətbuat konfransında deyib. Milyarder Rusiyaya olan birtərəfli biletini də jurnalistlərə nümayiş etdirib:

"Mən ədalətdən qaçmıram və erməni dostlarımı cinayətkarı gizlətmək kimi sorğu-sualdan xilas etmək üçün gedirəm. Əgər lazım olsa məni həbs edəcəklər, əgər etməsələr, Qarabağa qayıdacağam və burada kənd təsərrüfatı sahəsində işimi davam etdirəcəyəm”. Rus milyarder ekstremist BORN təşkilatını maliyyələşdirməsi barədə iddialara da cavab verib. O, qətldə ittiham edilənlərlə hər hansı əlaqəsinin olmasını təkzib edib. Məlumat üçün bildirək ki, Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etdiyi üçün rus milyarder XİN-in "qara siyahısına” salınıb. Onun Dağlıq Qarabağda qanunsuz yerləşməsi də ölkə ictimaiyyəti tərəfindən sərt tənqid olunub.

Məsələyə münasibət bildirən tanınmış politoloq Arzu Nağıyev həmin şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə biznes qurmaq üçün gəldiyinə inanmadığını deyib: "Bu şəxs yəqin ki, beynəlxalq normalardan və hüquqdan xəbərdardır. Yoxsa Rusiyanın sayılan milyarderlərindən olmazdı. Mən inanmıram ki, o, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə biznes qurmaq üçün gəlib. Özü də gözəl başa düşür ki, bu, perspektivsiz bir addımdır. Əgər Dağlıq Qarabağ münaqişəsi həll edilərsə və torpaqlar azad olunarsa, hər hansı yolla olsa, onun quracağı biznesin aqibəti yaxşı olmayacaq. Deməli, məntiqlə bu şəxs ya hansısa maliyyə və digər maxinasiyalardan, dələduzluqdan qaçaraq nəzarətsiz ərazidə kölgələnmək istəyir. Ya da qondarma quruma hansısa investisiya qoymaqla çirkli pullarını yuyur. Bir müddət sonra hər hansı silahlı münaqişə baş verərsə, həmin çirkli pullar silinəcək”.

Politoloqun sözlərinə görə, Sterliqov hadisəsi bir siyasi gediş kimi də qiymətləndirilə və digər biznesmenlərə "örnək” kimi xarakterizə oluna bilər: "Rus milyarder deyir ki, o, xristian həmrəyliyi nümayiş etdirir. Bütün bunların hamısı bir yerdə onu göndərən şəxslərin və ya təşkilatların yoxlama keçirdiyinə dəlalət edir. Azərbaycan tərəfinin ciddi narazılığını görən qarşı tərəf bu şəxsin geri qaytarılması ilə bağlı qərar qəbul etmək məcburiyyətində qalıb. Düşünürəm ki, bu şəxs "arzuolunmaz” persona kimi qeydiyyata alınmalıdır. Onun açıqlamaları heç bir məntiqə söykənməyən sayıqlamadan başqa bir şey deyil”.

İsmayıl