Rusiyanın məşhur jurnalisti Putinə qarşı çıxış edib

Şevçenko həmişə Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir




"Bakıda beynəlxalq konfrans keçirilirdi. Konfransdan əvvəl bir qisim qonağı Bakıdakı restoranlardan birində şam yeməyinə dəvət etdilər. Elə oldu ki, qonaqlıqda rusiyalı məşhur jurnalist və keçmiş proqram aparıcısı Maksim Şevçenko ilə yanaşı oturdum”.

Bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Maksim Şevçenko ilə Rusiyadakı prezident seçkiləri haqqında danışarkən bir sıra gizlinlər ortaya çıxıb: 

"Söhbət əsnasında Şevçenko mənə dedi ki, "kommunistlər Putinə qarşı Pavel Qrudininin namizədliyini irəli sürüblər, onun şansı var, ləyaqətli insandır”. Doğrusu, Şevçenkonun dilindən bu sözləri eşitmək mənim üçün təəccüblü idi. Çünki onun Putini dəstəklədiyini düşünürdüm. Ancaq ötən gün Rusiyanın dövlət kanalında seçkiqabağı təşviqat kampaniyasını izlədikdə hər şey aydın oldu. Efirdə Qrudinin yerinə onun nümayəndəsi - Maksim Şevçenko çıxış edirdi”.

Analitikin sözlərinə görə, Maksim Şevçenko prezident Putinin adını çəkmədən Rusiyanın indiki hakimiyyətini ciddi arqumentlərlə tənqid edib: 

"O, sosial gərginlikdən və kasıblıqdan danışırdı. "Nüvə raketləri əvəzinə insanların həyat şəraitini düzəldin” deyə çağırışlar edirdi. Əlbəttə, haqlı idi. Açığı, Maksim Şevçenkonun Putinə qarşı müxalif mövqeyə keçməsi mənim xoşuma gəldi. Ancaq onun bu müxalifliyi böyük ehtimalla Bakıya mütəmadi səfərlərinin sayını azalda bilər. Şevçenko Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Ona görə də o, Bakıda ən əziz qonaqlardan sayılır. Ancaq Azərbaycanda Putinə müxalif olanlardan çəkinənlər var. 

Hesab edirəm ki, Rusiyada hakimiyyətdə və ya müxalifətdə təmsil olunmasından asılı olmayaraq "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır” deyən hər kəs Azərbaycanın və azərbaycanlıların dostudur. Ancaq reallıq odur ki, bunu deyən şəxs Putinə müxalifətə keçəndə durum bəziləri üçün dəyişə bilər..”.

İsmayıl