Rusiyanın niyyəti bəlli deyil

Zatən münaqişəni həll etmək gücündə olan ölkənin adı hamıya yaxşı məlumdur




Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində irəliləyiş əldə olunub. Bu barədə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib. Rus ekspert bildirib ki, 30 il ərzində ATƏT öz missiyası üzrə faktiki olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir məsələni həll etməyib.

Amma məhz son zamanlarda vəziyyəti həll etməyə doğru fəal hərəkətlərə başlanılıb. Mixaylovun fikrincə, bu aktivliyi müntəzəm görüşlərin keçirilməsi fonunda müşahidə etmək olar: "Müntəzəm olaraq danışıqlar prosesində vasitəçi kimi çıxış edən Rusiya və Azərbaycan prezidentlərinin görüşləri keçirilir. Problemin həlli məsələsi istənilən müzakirə mövzusu ilə paralel şəkildə aparılır. Xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfərini şərh edən politoloq bildirib ki, bu görüş münaqişənin mümkün həllini daha da sürətləndirəcək: "Yaxın zamanlarda Azərbaycanın işğal olunmuş rayonlarından azı beşinin işğaldan azad olunmasını gözləmək olar. Sonrakı hadisələr isə gələcəyin işidir. İndi Ermənistanın özünə kifayət qədər ağırdır, ölkədə çətin iqtisadi vəziyyət yaranıb. Əgər İrəvana sonda imtina edə bilməyəcəyi təklif irəli sürülərsə, münaqişə həll olunacaq”.

Münaqişə ətrafında cərəyan edən prosesləri "Şərq”ə şərh edən Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, son günlər Moskvanın intensiv olaraq münaqişəsinin "həlli” ilə bağlı yenidən fəallaşmasının şahidiyik. Politoloqun sözlərinə görə, münaqişəni həll etmək gücündə olan ölkənin adı hamıya yaxşı məlumdur: 

"Bunu bir çox siyasətçi açıq formada dilə gətirib. Hətta Türkiyə Prezidenti Ərdoğan da Bakıda səfərdə olarkən Rusiya faktorunu açıq şəkildə bəyan etdi. Ərdoğan konkret olaraq Rusiya dövlət başçısının - Putinin adını çəkdi. Lakin Rusiya dövlət başçısının indiki vəziyyətdə problemin həllini istədiyi, yaxud istəmədiyi bəlli deyil. Bir çox ekspert hesab edir ki, indiki məqamda heç olmasa, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş bir neçə rayon Azərbaycana qaytarılmalıdır. Bu addımın atılması bütün dünyada Rusiyanın müsbət imicini formalaşdırar. Ancaq təəssüflər olsun ki, münaqişənin həlli üçün rəsmi Moskvanın Bakıdan istədikləri reallaşdırılması mümkün olmayan şərtlərdir”. 

Politoloq Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünə də münasibət bildirib: 

"Moskvada həmsədrlərlə görüşdən sonra XİN tərəfindən nikbin bəyanatın verilməsi görüşdə münaqişənin nizamlanması ilə bağlı konkret bəzi detalların müzakirə olunmasına işarədir. Azərbaycanın həmsədrlərdən istədiyi konkretləşməkdir. Nəticə olaraq, dekabr ayında Vyanada Azərbaycan və Ermənistan XİN başçılarının görüşü baş tutacaq. Ümid edirik, həmin görüşdə konkret təkliflər üzərində dayanılacaq və gələcəkdə Prezidentlərin görüşünə hazırlıq məqsədi daşıyacaq”.

İsmayıl