Rüsumun artırılması məntiqli deyil

“Biz bu günə qədə bilmirik ki, şəxsiyyət vəsiqəsinin hazırlanması üçün nə qədər vəsait xərclənir”




Sənədlərin çapı ilə bağlı maya dəyərində dəyişikliklər olubsa, müvafiq strukturlar bunu izah etməli və həmin sənədlərin neçəyə başa gəldiyi ilə bağlı cəmiyyətə məlumat verməlidirlər


Azərbaycanda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə rüsumlar dəyişdirilir. Bu barədə "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə layihədə bildirilir.

Dəyişikliyə əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsum artırılır. Belə ki, sənəd 10 iş günü müddətində verildikdə 5 manatdan 15 manata, 3 iş günü müddətində verildikdə 25 manatdan 35 manata və 1 iş günü müddətində verildikdə 35 manatdan 45 manata artırılır.
Həmçinin, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən edilib.
Təbii ki, hər hansı bir sahədə rüsumların artırılması vətəndaşlar tərəfindən heç də xoş qarşılanmır. Çünki nəticə etibarı ilə vətəndaş cibindən artıq ödəmələr etməli olacaq. Bəs, hazırkı durumda rüsumların artırılmasına səbəb nədir?

Məsələni dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açqılamasında deyib ki, rüsumların artırılmasının səbəbi bir çox hallarda dövlət büdcəsindən ayrılan vəsaitin azalması ilə əlaqədardır. Müvafiq təşkilatlar və qurumlara dövlət büdcəsindən vəsait azaldıqca, həmin qurumların fəaliyyəti üçün əmək haqqı ödəməsindən tutmuş kommunal xərclərə qədər ödənişlərin həyata keçirilməsi üçün rüsumların artırılması nəzərdə tutulur:

"Amma bir çox ölkələrdə bunun məntiqi izahı da olur. Məsələn, şəxsiyyət vəsiqəsi və ya xarici vətəndaşlıq pasportu ilə bağlı belə bir qərar verilərkən mütləq müvafiq icra strukturlarının bu qərarın mahiyyəti, verilmə səbəbi ilə bağlı açıqlamaları olur. Həmin sənədlərin maya dəyəri açıqlanır. Yəni, hər hansı bir sənədin hazırlanmasının maya dəyəri olur və çap xərclərindən tutmuş hazırlanma xərclərinə qədər müəyyən xərclərin ödənilməsi həyata keçirilir. Biz bu günə qədər də bilmirik ki, şəxsiyyət vəsiqəsinin hazırlanması üçün nə qədər vəsait xərclənir. Əgər maya dəyəri kifayət qədər aşağı səviyyədədirsə, açığı, rüsumun artırılması məntiqli deyil. Çünki əgər maya dəyərində, onun hazırlanma xərclərində bir dəyişiklik olsaydı, o zaman rüsumun artmasında məntiq olardı. Düşünürəm ki, bugünkü rüsumlar kifayət qədər yüksəkdir və çap xərclərindən tutmuş hazırlanma xərclərinə qədər bütün ödənişləri qarşılamağa qadirdir. Yox əgər hər hansı bir formada sənədlərin çapı ilə bağlı maya dəyərində dəyişikliklər olubsa, müvafiq strukturlar bunu izah etməli və vətəndaşlara həmin sənədlərin neçəyə başa gəldiyi ilə bağlı cəmiyyətə məlumat verməlidirlər. Doğrudan da, əgər bir dəyişiklik baş veribsə, bahalaşma olubsa və rüsumların artırılmasına lüzum yaranıbsa, o zaman bunu normal qarşılamaq olar. Yox əgər maya dəyərində heç bir dəyişiklik yoxdursa, sadəcə, həmin qurumlar öz gəlirlərini artırmaq və xərclərini ödəmək üçün əlavə mənbələr xatirinə rüsumların artırılmasını təklif edirlərsə, təbii ki, bu, doğru yanaşma deyil”.

Miqrasiya üzrə ekspert Azər Allahverənov isə deyib ki, əgər vətəndaş təqsiri olmadan öz şəxsiyyət və ümumvətəndaş pasportunu itiribsə, korlayıbsa, onun məsuliyyəti fərdi xarakter daşıyır. Ekspertin fikrincə, vətəndaş buna görə məsuliyyət daşımamalıdır və yalnızca dövlət tərəfindən tələb olunan rüsumu ödəməklə yeni sənədlə təmin olunmalıdır:

"Hər bir vətəndaş dövlətin atributunu əks etdirən sənədi üzərində gəzdirərkən diqqətli olmalıdır. Belə sənədlərin başqa adamların əlinə keçməsinə və hansısa neqativ hallar üçün istifadə edilməsi yolverilməzdir və bununla bağlı mövcud qanunvericilikdə bəzi məqamlar öz əksini tapıb. Ancaq subyektiv fikrim belədir ki, əgər kimsə bilərəkdən hansısa quruma etiraz olaraq, yaxud sosial şəbəkədə populyarlıq qazanmaq məqsədi ilə öz şəxsiyyət vəsiqəsini cırırsa, məhv edirsə, həmin adam mütləq inzibati məsuliyyətə cəlb olunmalıdır. Çünki burada dövlət atributlarına qarşı təhqiredici məqamlar var. Belə çıxır ki, yeni dəyişiklikdə buna qarşı heç bir cəza nəzərdə tutulmur. Ola bilsin, inzibati cinayət məcəlləsində buna dəlalət edən hansısa elementlər mövcuddur”.

İsmayıl, 
Yeganə