"Saakaşvili hansı şüarlarla qayıdacaq?"

"Onun Gürcüstanda yenidən hakimiyyətə gəlməsi çətin olacaq"
Sərdar Cəlaloğlu: “Sürətli axan çayı iki dəfə eyni yerdən keçmək mümkün deyil”


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili "Vahid Milli Hərəkat” Partiyası üzvlərinə videomüraciət edib. Saakaşvili gürcüləri seçkilərdə aktiv olmağa, marafona ciddi şəkildə hazırlaşmağa çağırıb. Həmçinin, Saakaşvili Gürcüstanda hakimiyyətə qayıtmaq istəyini də bildirib:

"Bizim vəzifəmiz Gürcüstanda hakimiyyətə qayıtmaqdır və 2018-ci ildə artıq qayıtmalıylıq. Prezident seçkilərində mütləq qələbə qazanmalıyıq”. Bir sıra ekspertlərə görə, eks-qubernatorun Ukrayna yolu bağlandığı üçün istiqamətini Gürcüstana çevirib. Ancaq Saakaşvilinin öz vətənində yenidən uğur qazanacağına inananlar çox deyil.

Məsələni "Şərq”ə dəyərləndirən Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu Saakaşvilinin perspektivinə inanmadığını deyib. Siyasətçinin sözlərinə görə, bundan sonra Gürcüstanda Saakaşvilinin edə biləcəyi bir şey qalmayıb: 

"Sürətli axan çayı iki dəfə eyni yerdən keçmək mümkün deyil. İctimai-siyasi hadisələr də axan çay kimidir. Saakaşvili ikinci dəfə Gürcüstana hakimiyyətə gəlsə belə onun rəhbərliyi əvvəlki kimi olmayacaq. İngilislərin İkinci Dünya müharibəsi illərində əsas favorit fiqurlarından sayılan tanınmış dövlət xadimi Çörçil ikinci dəfə seçkiyə qatılanda çox böyük çətinliklə seçildi və ingilislərin heç bir gözləntisini doğrultmadı. Anlamaq lazımdır ki, bir şeyi ilk dəfə güc verib qaldırdınsa, nailiyyət əldə etmək asan olur. Növbəti dəfə eyni nəticənin alınacağına isə qarantiya yoxdur, hətta mümkün deyil”.


S.Cəlaloğlunun sözlərinə görə, Gürcüstanda ötən illər ərzində yeni nəsil formalaşıb, ictimai-siyasi münasibətlər dəyişib: 

"Saakaşvili Gürcüstana hansı şüarlarla qayıdacaq? İnsanlara nə vəd edəcək? Gürcüstanda demokratik cəmiyyət, stabil hakimiyyət qurulub. 

Saakaşvili inqilabi dalğa üzərindən hakimiyyətə gəlmişdi. Gürcüstanda növbəti inqilaba ehtiyac yoxdur. İndiki hökumət reformlar həyata keçirir. Yəni Saakaşvili reformist kimi də fərqlənə bilməyəcək. Nəzərə almaq lazımdır ki, eks prezidentin Ukraynadakı fəaliyyəti də uğursuz alınıb. Mənə elə gəlir ki, Saakaşvilinin yenidən hakimiyyətə gəlməsi çətin olacaq. Rusiya bu işə maneçilik törədəcək. Saakaşvilinin ikinci dəfə hakimiyyətə yiyələnməsi gürcülər üçün sürpriz olmayacaq və sabiq prezidentin istədiklərini ona verməyəcək”.

İsmayıl