Sabiq XİN başçısından sensasion açıqlama: "...müharibə yeganə seçim olaraq qalır”





"Aprel hadisələrindən sonra danışıqlar prosesinə siyasi təkan veriləcəyi gözlənilirdi”.

Bu barədə "Sherg.az”a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. 

O vurğulayıb ki, Minsk qrupunun fəaliyyətsizliyi aprel savaşından sonra yaranmış imkanı nəticəsiz qoydu:

"Əksinə həmsədr ölkələr ermənilərin mövqeyini dəstəklədi, təmas xəttində təhlükəsizliyi təmin etmək məsələsini qabartdılar. Azərbaycan təmas xəttinin sabit qalmasında maraqlı deyil. Həmsədrlərin münaqişənin həlli ilə məşğul olmaması ictimaiyyətdə də narazılıq yaradıb, Artıq hər kəs danışıqların lazımsız, boş proses olduğunu düşünür. 

Minsk qrupu ədalətli mövqedə deyil, beynəlxalq qərarların bərqərar olunmasını istəmir. Əslində isə, bu sadə yolla həyata keçirilə bilər. İşğalçı dövlət siyasətindən əl çəkməli, sülh bərqərar olunmalıdır. Belə olmadığı təqdirdə müharibə yeganə seçim olaraq qalır”.

Qeyd edək ki, son aylarda Azərbaycan ictimaiyyətində Dağlıq Qarabağda  müharibənin yenidən alovlanacağı ilə bağlı fikirlər səsləndirilir. Sadə, sivil vətəndaşlar və bəzi millət vəkilləri səviyyəsində iddia olunur ki, münaqişənin həlli yolu yalnız müharibədən keçir. 

Aysel Aslan