Sabitlik adası...

Azərbaycan 15 ildir etibarlı əllərdədir



Azərbaycanın yeni əsrdə yeni lideri olan İlham Əliyevin birinci müddətə Prezident seçilməsindən 15 il ötdü. Müasir tariximizə möhtəşəm 15 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib. Prezident İlham Əliyev on beş illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. 

Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Artıq dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı kifayət qədər çoxdur. 

Bu gün Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. On beş il ölkə iqtisadiyyatında qazanılan misilsiz uğurlarla da xarakterikdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb. Qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısı kimi tanınır. Bu gün Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordu sırasında yer almaqdadır və bütün nəticələr hər il müsbət yöndə dəyişməkdədir.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 15 ili "Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə, Heydər Əliyevə əbədi olaraq minnətdardır. Xüsusilə də ona görə minnətdardır ki, ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 15 ildir ki, etibarlı əllərdədir. Ölkəmiz davamlı və dinamik inkişaf tempinə malikdir: 

"Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” -qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 15 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas ifadələrdir. Son 15 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünyasında sabitlik adası kimi məşhurdur. Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. 

Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitliyimiz təhlükəsizliyimizi şərtləndirir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir. Səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır”.

Millət vəkilinin sözlərinə görə, Prezidentin xalqının sevgisini qazanmasını şərtləndirən əsas amil onun hər hansı beynəlxalq siyasi dairənin və ya böyük dövlətin diktəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir:

 "Həmin siyasətin adına müstəqil siyasət deyirlər. Bəli, Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınıb və böyük nüfuz sahibi olub. Müstəqil siyasət həyata keçirmək olduqca çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydə ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin başçısı İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol bizə ulu öndər Heydər Əliyevdən miras qalıb. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Məhz bu yol yeganə düzgün yoldur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır”.

E.Nəsirov vurğulayıb ki, Prezident İlham Əliyev hələ 15 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaq. Onun bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni gücə malik olduğunu növbəti dəfə təsdiqlədi: 

"Elə bu səbəbdən də xalq öz Prezidentini hər zaman dəstəkləyir. Çünki 15 il ərzində Azərbaycan böyük bir inkişaf yolu keçib, iqtisadiyatımız sürətlə inkişaf edib. Cənab Prezidentin əsas hədəflərindən biri qeyri-neft iqtisadiyyatının inkişafı məsələsidir. Bu sahədə 2.8 dəfə artım qeydə alınıb. Sənayedə artım 2.6 dəfəyə çatıb. Əsas prioritet sahələrdən biri kənd təsərrüfatının inkişafıdır ki, bu istiqamətdə də 1.7 dəfə yüksəliş qeydə alınıb. Dövlət başçısı Azərbaycanın ixrac yönlü iqtisadiyyatının inkişafını əsas hədəflərdən biri kimi seçib və bunun sayəsində son 15 il ərzində qeyri-neft ixracatı 4.1 dəfə artıb. Əgər 2003-cü ildə Prezident hakimiyyətə gələrkən Azərbaycanın valyuta ehtiyatları 1.8 milyard dollar təşkil edirdisə, bu gün 45 milyard dollara çatıb. Bunlar çox böyük nailiyyətlərdir və Azərbaycandakı sabitlik və təhlükəsizlik mühiti ona gətirib çıxarıb ki, son 15 ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard dollardan artıq investisiya qoyulub, bunun da yarısını məhz xarici investisiya təşkil edib”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın beynəlxalq mövqeləri kifayət qədər güclüdür, Azərbaycana etibarlı tərəfdaş kimi baxırlar, ölkəmizin bütün beynəlxalq təşkilatlarla əlaqələri dinamik inkişaf tempinə malikdir: 

"Prezident çox intensiv və çevik xarici siyasət kursu həyata keçirir. Bütövlükdə dövlət başçısı İlham Əliyevin 15 il ərzində qazandığı nailiyyətlərin kökündə dayanan əsas amil odur ki, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət kursuna sadiqdir. Yeganə həllini tapmayan məsələ Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır ki, cənab Prezidentin səyləri sayəsində dünyanın əksər təşkilatları münaqişənin həlli ilə bağlı ərazi bütövlüyü prinsipini əsas prinsip kimi qəbul edib. Bütün bunlar bir daha onu göstərir ki, Prezidentin həyata keçirdiyi siyasət xalqın mənafeyindən irəli gəlir və həm ölkə daxilində, həm də xaricdə yüksək qiymətləndirilir”.

İsmayıl