Sağalmaz xəstələr intihar yolunu seçir
Azad İsazadə: “Əsas risk qrupları yeniyetmələr və ahıl yaşa yaxın insanlardır”
Azərbaycanda intihar hadisələrinin sayı o qədər kütləviləşib ki, artıq "ölüm insanın qapısını gözlənilmədən döyür” kimi deyimlər öz aktuallığını itirməkdədir. İndi öz ölümünə "fətva” verən insanların sayı artıb. Artıq insanlar intiharın haram və ya günah olmasından ehtiyatlanıb, həyatla mübarizə yolunu tutmur. Əksinə, bir balaca çətinliyə düşən, maliyyə problemləri yaşayan və yaxud sağalmaz xəstəliyə düçar olan insanlar Xalq şairi Vaqif Səmədoğlunun "Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm” misralarını əlində rəhbər tutaraq dünya ilə vidalaşırlar.
Hansı ki, elə Vaqif bəy "Generalın son əmri” pyesində: "İntihar, Allahın sözünü yarıda kəsməkdir”- deyib. Amma nə fayda! Hər nə qədər acınacaqlı olsa da, qulağımız intihar xəbərlərinə alışıb. Əksəriyyətimiz bu xəbərləri yalnız bir anlıq təəccüblə qarşılayırıq. Az qala intiharlar gündəlik həyat tərzimizə çevrilib. Mütəxəssislər isə bu prosesin təhlükəli hal olduğunu hesab edirlər.
Qeyd edək ki, Şəmkir rayonunun Sabirkənd kəndində yaşayan Elmar Heydərov evində "BUM” markalı ov tüfəngindən atəş açaraq özünü öldürüb. 51 yaşlı E.Heydərovun 1 ildir psixoloji problemlər yaşadığı məlum olub. O, bundan əvvəl də intihara cəhd edib, özünü asaraq intihar etmək istəyib.
Ruhsal narahatlığı olan insanların intihara daha çox meyilli olduğunu deyən psixoloq Azad İsazadənin sözlərinə görə, buna səbəb həmin insanların içində yığılıb qalan problemlərin birdən-birə üzə çıxmasıdır: "Adətən intihar fikri birdən-birə yaranmır. Məişət, maliyyə, iş problemləri ilə üzləşən insan çıxış yolları axtarmağa başlayır. Paralel olaraq orqanizmdə baş verən psixoloji gərginliklər sinir sistemini tamamilə pozur. Əli real yollardan üzülən insanlar artıq fantastik çıxış yolları axtarmağa başlayır və yavaş-yavaş depressiyaya düşür. Bu zaman da artıq ümidsizlik yaranır və öz-özünə "nə üçün yaşayıram? sualları təkrarlanmağa başlayır. Artıq bu sualın verilməsi ilkin intihar fikrinin formalaşması deməkdir”.
Psixoloqun sözlərinə görə, yaxınları depressiyaya düşən insanları mümkün qədər tək başına qoymamalı, onların özlərinə qapanmalarına mane olmalıdırlar: "Birlikdə çıxış yolu axtarıb, onlara məsləhətlər verməli, həyat eşqi yaratmağa çalışmalıdırlar. Bəzən bu cür vasitələrlə insanları intihar fikrindən daşındırmaq olur. Yox, əgər artıq insan intihar qərarına gəlibsə, burada söz haqqı peşəkarların üzərinə düşür. O da baxır insanın iradəsinə və həyata baxışına. Bəzi hallarda heç peşəkarlar da intihar fikrinə düşən insanları bu niyyətindən daşındıra bilmir”.
A.İsazadənin sözlərinə görə, özünə ölüm arzulayan insanlar adətən riskli davranışlar sərgiləməyə başlayır: "İlk başlarda konkret intihar vasitələrindən birinə əl atmadan, təbii qaydada dünyasını dəyişmək istəyir. Bir sözlə, kiminsə onun intihar etdiyini bilməsini istəyir. Adətən intihar edən insanların həyat tarixçəsinə baxsaq, görərik ki, intihara qədər avtomobili təhlükəli sürür, təhlükəli yerlərə gedir, davamlı şəkildə içki içmək, siqaret çəkmək kimi pis vərdişləri artıb. Bütün bunlar bir nəticə verməyəndə insan həyatdan daha da yorulur və birbaşa özünəqəsdə əl atır. Çox nadir hallarda insanlar qəfil intihar fikrinə düşür. Belə hallar daha çox doğmalarını itirən, imtahandan kəsilən və sevgisi "daşa dəyən” insanların başına gəlir. Qalan hallarda isə intihar edən hər bir kəsdə bu fikir əvvəldən formalaşır və baş verən hər hansı bir gərginlik bardağı daşıran son damla rolunu oynayır”.
Sağalmaz xəstəliyə düçar olan insanların intiharetmə ehtimalına gəldikdə isə psixoloq deyib ki, çox nadir hallarda xərçəng və ya digər ölümcül xəstəliyə düçar olan insanlar ölümü qabaqlayırlar: "Əksəriyyəti həyatla ölüm-dirim mübarizəsi aparır, vaxtlı-vaxtında kimyəvi terapiyanı qəbul edir. Riskli olsa belə, son şans olaraq cərrahiyə əməliyyatına da girir. Yəni belə insanlar çox az halda ölüm faktoru qarşısında sınır. Belə insanlar da dediyim kimi, əvvəldən problemlər içərisində boğulanlar qrupuna aid olanlardır. Depressiyanın hansısa mərhələsində olan bir insana qoyulan xərçəng diaqnozu artıq onu həyat qarşısında gücdən salır. Həyat eşqi yerində olan bir insan heç vaxt bu cür xəbərlər qarşısında zəif düşmür. Əslində intihar autaaqressiyanın (özünəqarşı aqressiya) ən yüksək mərhələsidir. Belə adamlar əsəblərini ətrafdakıların üstünə tökə bilmir, bütün dərdə özü yüklənir”.
Psixoloqun sözlərinə görə, əsas risk qrupları yeniyetmələr və ahıl yaşa yaxın insanlardır. Bu qruplar daim öyrənilməlidir: "Bu risk qrupları ilə işlənilməlidir. Məktəblərə, valideynlərə uyğun nazirliklərə bilgilər verilməli, tövsiyələr çatdırılmalıdır. Bir sözlə, qabaqlayıcı tədbirlər görülməlidir.
Amma bizdə önləyici tədbirlər sistemi yoxdur. Biz ancaq nəticələrə qarşı mübarizə aparırıq. Əgər intihar edən sağ qalarsa, onda izah edirik ki, bunu etmək olmaz . Bu da ki, "daldan atılan daş topuğa dəyər” aforizminə bənzəyir”.
Şəymən