“Şagirdlərin psixoloji xüsusiyyətlərini üzə çıxara bilmirlər” – Psixoloq həmkarlarını ittiham etdi

Bu gün 162 saylı orta məktəbdə dəhşətli hadisə baş verib. Məktəbin 8-ci sinif şagirdi 2004-cü il təvəllüdlü Yelena Hacıyeva özünü tədris müəssisəsinin 3-cü mərtəbəsindən atıb.
Xəstəxanaya çatdırılan şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir. Ona çanaq və qabırğaların sınığı diaqnozu qoyulub.
Vəziyyəti dəyərləndirən psixoloq Aytən Ələkbərovanın "Sherg.az”a açıqlamasına görə, valideynlər övladlarını məktəbə göndərərkən bütün məsuliyyəti məktəbin üzərinə atırlar: "Lakin yalnız məktəb deyil, valideynlərin də məsuliyyəti böyükdür. Ola bilər ki, evdə yaranmış hansısa problemlər şagirdin intihar etməsinə səbəb olub. Beləliklə şagird məktəbdə müəyyən hisslərə qapılıb və psixi halətə düşdüyü bir vəziyyətdə canına qəsd etmək istəyib.
162 saylı məktəb hər zaman təhsil keyfiyyəti ilə seçilib. Həmin məktəbdə psixoloqlarla tez-tez görüşlər keçirilir. Ona görə də, ilk olaraq ailədə baş verən hadisələr araşdırılmalı, daha sonra məktəblə bağlı fikirlər irəli sürülməlidir”.
Psixoloq bildirib ki, bu gün məktəblərdə psixoloqların şagirdlərə fərd olaraq yanaşmadığı danılmaz bir məqamdır: 
"Belə olduqda isə bəzi psixoloqlar şagirdlərin psixoloji xüsusiyyətlərini üzə çıxartmağı bacarmırlar. Əgər intihara cəhd edən şagirdlə danışıqlar aparmaq mümkündürsə, hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək olar. Məsələnin əslini bilmədən dərhal kimdəsə və nədəsə günah axtarmaq düzgün deyil. Hadisənin mahiyyətini tapsaq, onun şaxəsini də verə bilərik. Çünki günəş tam çıxmamış hər tərəfi işıqlandıra bilmir”.
Yeganə Bayramova