Bu sistemi neftin qiyməti baha olan zaman daha rahat tətbiq etmək olardı
Sağlam olmaq asanlaşır
10 milyon əhalinin 60 faizi tibbi sığortasını ödəyəcək
Bu sistemi neftin qiyməti baha olan zaman daha rahat tətbiq etmək olardı
Bu sistemi neftin qiyməti baha olan zaman daha rahat tətbiq etmək olardı
Səhiyyə sahəsində əhalinin narazılıq etdiyi əsas problemlərin həlli barədə danışan mütəxəssislər tez-tez icbari tibbi sığortanın vacibliyini vurğulayırlar. Uzun illərdir ki, bu sistemin ölkəmizdə tətbiqi ilə bağlı müzakirələr getsə də, hələ də icbari tibbi sığortadan yararlana bilmirik.
Bu ilin əvvəlində Prezident İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzaladı və artıq bu sahədə işlərə başlanılıb.
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev isə mediaya açıqlamasında artıq sistemin işə düşməsi istiqamətində əhəmiyyətli addımların atıldığını deyib: "Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik statusu olan vətəndaşlar tibbi sığorta haqqı verməyəcək. Təqribən 4 milyon vətəndaşın tibbi sığorta haqqı dövlət hesabına ödənəcək. Bu kateqoriyalardan olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edəcəklər”.
Z.Əliyev artıq icbari tibbi sığorta haqqının məbləği müəyyənləşdirilərək Nazirlər Kabinetinə və digər əlaqədar dövlət qurumlarına təqdim olunduğunu deyib.
İcbari tibbi sığortanın dövlət üçün bir öhdəlik olduğunu vurğulayan iqtisadçı-alim Vüqar Bayramov deyib ki, gəlirləri olmayan bütün vətəndaşların tibbi sığortası dövlət büdcəsinin hesabına ödənilir: "Deməli, tibbi sığortanın tətbiqi üçün büdcədən bu sahəyə maliyyə ayrılmalıdır. Güzəşt kateqoriyalarından başqa əhalinin qalan hissəsi icbari tibbi sığorta ödəyəcək. Yəni 10 milyon Azərbaycan vətəndaşının 60 faizi tibbi sığortasını ödəyəcək, geri qalan 40 faizin icbari tibbi sığortası isə həmin gəlirlərin hesabına ödəniləcək. Həm də ki, icbari tibbi sığorta dövlət xəstəxanalarında həyata keçirildiyi üçün həmin güzəşt kateqoriyalarının müalicəsi elə bir ciddi problem də yaratmayacaq. Onsuz da ki, həmin xəstəxanaların da maliyyə xərcləri dövlət büdcəsindən ödənir. Düzdür, dünya bazarında neftin qiyməti baha olan zamanlarda Azərbaycanın gəlirləri daha çox idi və həmin vaxt icbari tibbi sığortanın tətbiqi daha rahat olardı. Amma indi gəlirlərimizin aşağı düşməsi o demək deyil ki, hazırkı şəraitdə bu sistemi tətbiq etmək mümkün olmayacaq. Bütün hallarda Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə ehtiyac var. Bu sığorta növünün tətbiqinin yalnız səhiyyə deyil, eyni zamanda digər sektorlara, o cümlədən əhalinin xərclərinin strukturuna da müsbət təsirləri var. İcbari sığortanın tətbiq edilməsi səhiyyənin maliyyələşdirmə bazasını dəyişməklə bu sahədəki neqativ halların azaldılmasına səbəb olacaq. Sistemin tətbiqi sığorta şirkətlərinin gəlirlərinin artmasına gətirib çıxaracaq. Eləcə də sözügedən islahat vətəndaşların səhiyyə xərclərinin azalması səbəbindən pullarına qənaət etməsinə, aztəminatlı və ya işsiz statusu olan insanların səhiyyə xidmətindən yararlanmasına imkan yaradacaq. İcbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir”.
- Bəs sığorta haqqı real olaraq neçə manat müəyyən edilməlidir?
- Burada konkret qiymət göstərmək çətindir. Bu qiymət xəstəliklərin növünə görə müəyyənləşdirilir. Yəni konkret hansı xəstəliklərin, hansı əməliyyatların paketə daxil edildiyini bilmədiyim üçün vahid qiymət deyə bilmərəm. Sığorta paketinə çoxlu sayda xəstəliklər daxildir. Paketin qiyməti aşağı müəyyənləşdirildikdə sığorta şirkətləri maraqlı olmayacaq. Ona görə təklif edirik ki, inkişaf etmiş ölkələrdə olduğu kimi fərqli paketlər təqdim olunsun. Əgər vətəndaş daha çox xəstəliklərin əhatə olunduğu paketdən istifadə edirsə, bu zaman daha çox sığorta ödənişi həyata keçirib paketi götürə bilər. Vətəndaşa seçim imkanı verilməlidir ki, ödəmə imkanına uyğun paketi seçsin. Zənnimcə, bir deyil, bir neçə fərqli paket təqdim olunmalıdır ki, vətəndaşların seçim imkanları olsun.
- Ölkənin səhiyyə infrastrukturu və sığorta şirkətləri Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə nə dərəcədə hazırdır?
- Bilirsiniz ki, artıq icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot rayonlar müəyyən olunub. Bu layihə çərçivəsində hansısa bir problem və ya çatışmazlıq varsa, üzə çıxacaq. Daha sonra isə həmin məsələ aradan qaldırılacaq və sistemin tətbiqinə başlanılacaq. Hesab edirəm ki, bu sistemin tətbiqi ilə bağlı dövlət xəstəxanalarında elə bir ciddi çatışmazlıq yoxdur. Sadəcə olaraq nəzarət mexanizmi gücləndirilməlidir. Sığorta şirkətlərinin isə elə bir mühüm rolu olmayacaq. Çünki ilkin mərhələdə proses İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.
- Sığorta şirkətləri avtomobillərin icbari sığortasını həyata keçirir, yəni onlar təcrübəlidir. Ümumiyyətlə, bu iki sığorta arasında fərq varmı?
- Əslində hər ikisi icbari sığortadır. Amma avtomobillərin icbari sığortasına nəzarət edən qurum Dövlət Yol Polisi İdarəsidir. DYP əməkdaşları sığortası olmayan avtomobilləri saxlayır və cərimə yazır. Amma əmlak və tibbi icbari sığortalara nəzarət etmək nisbətən çətindir. Bu mənada hər şey vətəndaşların öz üzərinə düşür. Hansı ki, elə bu sistemin tətbiqi də ən çox onların sağlamlığı üçün vacibdir. Çünki tibbi sığortası olmayan vətəndaşlar səhiyyənin xidmətindən yararlana bilməyəcəklər.
Şəymən