Şahbaz Quliyevin ailəsi EVLƏ TƏMİN OLUNUB




"Şahbazın ailəsi də yaxşıdır, dolanırlar. Əvvəllər hər gün gedirdim, indi tez-tez gedə bilmirəm. Köməklik göstəririk, dolanırlar".

Bu sözləri Sherg.az-a Azərbaycanın əzəli ərazisi olan Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan separatçıları tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib. 

O bildirib ki, Ş.Quliyev həyat yoldaşı da işlə təmin olunub:

"Özə şirkətlərin birində işə cəlb ediblər. Çalışır, ailəsinə 5-3 manat aparır. Dolanırlar. Dövlətimiz də qayğılarına qalır. Şahbazın ailəsi kirayədə qalırdı, hökumət ev verdi, mənzillə təmin etdi. Bunların hamısı köməklik deyilmi? Hər şey yaxşıdır. Bircə qardaşım yoxdur. İnanırıq ki, Allah izni, cənab prezidentin iradəsilə qardaşım də öz ölkəmizə qaytarılacaq. Dövlətimiz çalışır".

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Ayyət ƏHMƏD