Sahibkar bəzən adi gecikmədən vergini ödəyə bilmir

“2 min manata görə insanın cinayət məsuliyyətinə cəlb edilməsi düzgün deyil”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü iqtisadçılar tərəfindən yüksək qiymətləndirilir. Mütəxəssislər hesab edir ki, belə görüşlər biznes sahəsində, sahibkarlıq subyektlərinin üzləşdiyi problemlərin işıqlandırılması və həlli yollarının tapılmasında və bunun nəticəsi olaraq iqtisadiyyatın ümumi inkişafının təmin edilməsində çox əhəmiyyətlidir.

Ölkə başçısının Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə də aparıcı şirkətlərin təmsilçiləri sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitlə yanaşı, bəzi məsələlərə də toxundular.

Məsələn, qəbulda iştirak edən "Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov təkliflərlə çıxış etdi: "Hazırda Vergilər Nazirliyi tərəfindən və sosial müdafiə ilə bağlı aparılan yoxlamaların birləşdirilməsini təklif edirik. Şirkət vergilərini və sosial təminat ödənişlərini tam ödəyirmi? Daha az yoxlama bizneslər üçün daha az maneə deməkdir. ... Cinayət Məcəlləsinin hazırkı oxunuşunda vergidən yayınma halı kimi xarakterizə olunan fəaliyyətdə 2 min manat məbləği əsas rol oynayır və bunun üçün cinayət məsuliyyəti yaranır. Biz vergidən yayınma və digər qanunsuzluqlarla mübarizəni tam dəstəkləyərək təklif edirik ki, bu məbləğ artırılsın. Çünki bir çox hallarda vergidən yayınma niyyəti olmasa da, şəxsi mülahizəyə görə bu məbləği aşan sahibkar vergidən yayınan kimi cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Azərbaycan Prezidenti İlham Əliyev də irəli sürülən təkliflərə müsbət yanaşaraq bəzi vergidən yayınma hallarına görə Cinayət Məcəlləsində nəzərdə tutulan cəzalara yenidən baxılacağını bildirib:

"Vergi auditi və Sosial Müdafiə Fondu tərəfindən aparılan yoxlamalar və işlərin asanlaşdırılması baxımından onların birləşdirilməsinin nəzərdən keçirilməsi məsələsinə toxundunuz. Bununla yanaşı, Cinayət Məcəlləsinə dair məsələlər də qeyd edilmişdir. Ümumiyyətlə, mən hesab edirəm ki, biz Cinayət Məcəlləsinin dekriminalizasiyası üzərində çalışmalıyıq. Kiçik qanun pozuntularına, məsələn, 2 min manat həcmində olan pozuntulara görə cəzaları nəzərdə tutan maddələr aradan qaldırılmalıdır. Hətta devalvasiyadan öncə 2 min manat o qədər də böyük pul deyildi. Düşünürəm ki, biz mütləq qaydada bunun üzərində çalışacağıq”.

İqtisadçı Natiq Cəfərli də hesab edir ki, 2 min manata görə, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi düzgün deyil:

- Cənab Prezident çıxışlarında bir çox vacib məsələlərə toxunur. Tapşırıqlar verir. Amma biz hər işi Prezidentin edəcəyini gözləməməliyik. Aidiyyətli orqanlar qanunvericilik təşəbbüsü ilə çıxış etməlidirlər. Məsələlər qanunvericilik səviyyəsində həllini tapmalıdır. Çünki Prezident müşavirə keçirir, problemləri qabardır, tapşırıqlar verir, baxırsan ki, bəzi məmurlar bir müddət buna əməl edir, sonra isə yenə də sahibkarların incidilməsi, süni maneələr yaradılması başlayır. Amma problemli məsələlər qanunvericilik səviyyəsində həllini tapmış olsa, artıq hər kəs qanuna söykənər. Vergidən yayınma hallarına görə cinayət məsuliyyəti nəzərdə tutan maddələr də bu qəbildəndir. Təbii ki, vergidən yayınmanın məbləğinin 2 min manat götürülməsi doğru deyil. Bu, çox aşağı məbləğdir. 2 min manata görə insanın cinayət məsuliyyətinə cəlb edilməsi düzgün deyil. İnkişaf etmiş ölkələrdə belə praktika yoxdur. Bu qanun təxminən 10 il əvvəl qəbul olunub, o zaman manat dollara nisbətdə çox möhkəm idi. İndi həmin məbləğ cəmi 1300 dollar təşkil edir. Bu məbləğə görə, 3 il azadlıqdan məhrumetmə cəzası, əlbəttə, qəbuledilməzdir. Çünki sahibkar bəzən adi gecikmə səbəbindən vergini ödəyə bilmir. Buna görə onu 3 il azadlıqdan məhrum etmək məntiqə sığmır. 3 ildə sahibkar onsuz da vergini ödəyə bilməyəcək. 3 il itirəcək, gəliri olmayacaq, ailəsi çətin duruma düşəcək və s. Yəni, bundan dövlət nə qazanacaq? Amma vergidən yayınma hallarına görə, daha effektiv və həm dövlətin, həm də sahibkarlıq subyektlərinin maraqlarına cavab verən qanunlar tətbiq edilsə, əlbəttə, daha səmərəli olar. İndiki qanunlarla hətta vergi borcunu ödəyirsə də, yenə məhkəmələrdən keçməli, əvvəlki qərarın ləğvinə nail olmalıdır. Prosedurların çoxalması sahibkarların incidilməsinə şərait yaradır.

N.Cəfərli hesab edir ki, vergidən yayınma halı kimi xarakterizə olunan fəaliyyətdə məbləğ ən azından 5 dəfə qaldırılmalıdır:

- Bu məbləğ, heç olmasa, 5 min manat, hətta 10 min manatadək qaldırılmalıdır. Hazırkı iqtisadi aktivliyin zəifliyi dövrü nəzərə alınmalıdır. Bununla bağlı qanunvericilik təşəbbüsləri olmalıdır və baza təkmilləşdirilməlidir. Problemlərin həlli qanunvericilik səviyyəsində həllini tapmalıdır ki, sahibkarların fəaliyyətinə kənar müdaxilələr mümkün olmasın. Hazırda təxminən 14 orqanın biznesə müdaxilə səlahiyyəti var. Hesab edirəm ki, bu böyük rəqəmdir və biznes sahələrinin inkişafı üçün kifayət qədər böyük əngəldir.

N.Cəfərli həmçinin xarici və yerli sahibkarlıq subyektlərinin eyni qanunvericilik bazasına tabe olmasından da danışdı:

- Bəzən müşahidə edirik ki, yerli və xarici investorlara həm iş, həm vergi, həm də qanunvericilik baxımından fərqli yanaşmalar var. Hesab edirəm ki, ölkə daxilində hər kəs eyni qanunvericilik bazasına uyğun işləməlidir. Qısa zamanda qanunvericilik sahəsində ciddi dəyişikliklərə ehtiyac var. Dəyişikliklər də biznesin sifarişi əsasında aparılmalıdır. Və təbii ki, dövlət sifarişi ilə paralel.

Məlahət Rzayeva