Sahibkarlarımız qonşu ölkələrin büdcəsini doldurmaqla məşğuldur- AÇIQLAMA




Bəzi icra başçıları regionlarda sahibkarlığın inkişaf etdirilməsində maraqlı deyil.

Bunu Sherg.az-a regionların sosial-iqtisadi inkişafına ayrılan vəsaitlərin boşuna xərclənməsi məsələsinə münasibət bildirərkən, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. 

O, bildirib ki, çox az rayonlarımızda bu sahədə lazımınca inkişaf həyata keçirilib: "Məsələn, yaşadığım Sumqayıt şəhərində şahid oluram ki, dənizkənarı parkların salınması, yolların təmiri, müxtəlif abadlıq işləri kimi səmərəli layihələr aparılır. Ayırılan vəsaitlərin görülən işlərlə mütənasib olmaması ilə bağlı konkret səbəblər göstərmək çətindir. Dünya təcrübəsindən şahid oluruq ki, qanunların işlədiyi normal ölkələrdə şəhər rəhbərliyi yerli büdcəni doldurmaq üçün kiçik və orta sahibkarlığı inkişaf etdirməyə çalışır. Təcrübəmdən deyə bilərəm ki, Almaniyada arasından bir çay keçən iki qonşu şəhərin rəhbərləri xırda sahibkarlıqlara dəstək olmaq üçün vergi xərclərini aşağı salır. Bir şəhər aşağı saldıqda sahibkarlar çayın bir tərəfinə keçir, digəri isə rəqabət apararaq, daha da aşağı salıb, onları geri cəlb etməyə çalışır. Bu formada rəqabətli mühitin yaradılması ilə nəticə əldə olunmalıdır”.

Azərbaycanda icra başçılarının yarıtmaz fəaliyyətinə toxunan M. Zülfüqarlı qeyd edib ki, regionlarda bəzi icra başçıları kiçik və orta sahibkarlığa məhdudiyyətlər qoyur: 

"Bunun səbəbi odur ki, icra hakimləri dövlətin iqtisadi səviyyəsinin artmasında maraqlı deyil. Onlar özlərini bu vəzifədə müvəqqəti hesab etdiklərindən, ciddi işlərlə məşğul olmur, vəzifələrini sadəcə yola verirlər. Buna görə də nəticə olaraq, rayonların inkişafı aşağı səviyyədə olur, kiçik və orta sahibkarların böyüməsinə imkan yaradılmır. Rayonlarda bu gün şəraitdən razı, rahat fəaliyyət göstərə bilən kiçik və orta sahibkar yoxdur. Digər tərəfdən, Azərbaycanın imkanlı şəxsləri Türkiyə, Rusiya kimi qonşu ölkələrdə iş qurub, onların büdcəsini doldurmaqla məşğuldurlar. Azərbaycan büdcəsinə xeyir vermək istəsələr belə, buna şərait yaradılmır və regionların inkişaf səviyyəsi aşağı düşür”.

Qeyd edək ki, bu gün parlamentdəki büdcə müzakirələri zamanı deputat Rəfael Cəbrayılov Azərbaycanda regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün dövlət proqramları çərçivəsində milyardlarla vəsait xərclənməsinə rəğmən, bu sahədə ciddi uğurlar əldə edilmədiyini açıqlayıb.

Aysel Aslan