Ötən gün Sherg.az- da "Deputatdan şairə cavab: "Çox primitiv bir qaqaş yanaşmasıdır" başlıqlı məqalə dərc olunub. Yazıda gənc şair Şəhriyar del Geraninin feysbuk sosial şəbəkəsində rayon və kənd camaatının Bakıdakı mədəni mühiti korlaması ilə bağlı ittihamlarına millət vəkili Fazil Mustafa cavab verib. Və o, şairin düşüncəsinin doğru olmadığını bildirərək bunu primitiv qaqaş yanaşması adlandırıb. Qeyd edək ki, şairin cavabı gecikməyib. Belə ki o, öz feysbuk səhifəsində deputatın iddialarına reaksiya verib.
Həmin cavab statusunu olduğu kimi təqdim edirik :
Fazil Mustafa mənimlə debata nöş gələ bilməz?
1. Fazil bəy millət vəkilidir, aşağı-yuxarı, təxminən mandatı var, yəni itirmək qorxusu var. Mən isə bütün mahiyyətimlə aydınam, şairəm, yazıçıyam, yəni itirmək qorxum yox, itirə bilməmək lüksum var. Yəni dolayasıyıla Fazil bəy xalqa yaltaqlanmalıdır. Nədən ki, xalqın necəliyi onu böyük mənada narahat etmir, əsas odur kreslosuna saqqız yapışmasın. Məni isə narahat edir. Mən xalqın bir növ həkimiyəm, onun ağrıyan yerlərini boş-boş təriflərlə keyitməli yox, tənqidlərimlə incitməliyəm. Ki, xalq bilsin ağrısının harda olduğunu, mərəzinin adını. Bu, belə.
2. Fazil bəy əməlli-başlı müxalifətçi ola-ola 3-cü kərə millət vəkili seçiləndə belə bir bəyanat vermiş idi: "Əməlləri və duaları ilə bizimlə olan bütün bacı-qardaşlarımıza dərin təşəkkürümü bildirir və halallıq istəyirəm. Allah rizası üçün yaşamağı, bu məmləkətin gözəl gələcəyini qurmaq üçün çalışmağı, insanlara faydalı olmağı, iman və aydınlanma davasını davam etdirməyi, bir qəsəbənin deyil, bütün Azərbaycan vətəndaşlarının vəkili olmağı Allahdan təmənna edirik". Qeyd edim ki, sayın millət vəkili Sabunçu birinci seçki dairəsindən seçilib. Heç nə demirəm, o Sabunçu, o Allah, bu da Fazil Mustafa. Özünüz həqiqəti ayırd ediniz. Bu, belə.
3. Fazil bəy potensial kənd mollasıdır. Arzu edir ki, ey kaş İran ayətullahları Şimali Azərbaycanı da qatsın İranın gözünə, bir dənə də "Şimali Azərbaycan ostanı" yaradılsın, buna da bir məsciddə-pirdə filanda molla postu-zadı versinlər, rahatca işini görsün. Zatən Milli Məclisdən Milli Məscid, mandatından minbər kimi istifadə edir. Onu narahat edən millətin problemləri deyil, bəyanatında qeyd etdiyi kimi, millətin imanıdır, sidq-ürəklə zəncir döyməsi, baş yarmasıdır. Mən isə türk aydınıyam. Azərbaycanın işıqlı gələcəyini məscidlərdə, pirlərdə, ocaqlarda yox, kitabxanalarda, laboratoriyalarda, sənətdə, yaradıcılıqda görürəm. Mən millət vəkilinin "Allah rizası" prinsipi ilə deyil, "insan rizası" prinsipi ilən çalışmağının tərəfdarıyam. Bu, belə.
4. Ən nəhayət, "qaqaş yanaşması" məsələsi. Görünür Fazil bəy dəxlisiz yerə "qaqaş" sözünü xatırlamaqla təhtəlşüur heç vaxt qaqaş ola bilmədiyini izhar etmiş. Düzü, çoxdan unutmuş idim bu sözü. Yeri gəlmiş ikən deyim: Həri, bir türk kişisi kimi bütün qaqaşlıq mərhələlərindən çıxmışam. İstər küçə uşağı" mərhələsi, istər həbsxana" mərhələsi, istərsə də hərbi xidmət" və. s. Beləcə bütün uşaqlığımı, yeniyetməliyimi, gəncliyimi qaqaş "ponyatkası"nda keçirmişəm. Zarafat eləmirəm. Küçədə də, həbsxanada da, hərbi xidmətdə də yanımda olan dostlar yaxşı bilirlər bunu. Və bir şeyi dəqiq bilirəm - bu mərhələləri qaqaş kimi yaşamayan adamlar həyatın mütün mərhələlərində, vəzifələrin bütün kreslolarında mağmın olurlar! Bu da belə...